Gündəm Özəl

Deputat: “Ermənistanla prinsipial siyasət aparmaqdan başqa çıxış yolumuz yoxdur”

Deputat: “Ermənistanla prinsipial siyasət aparmaqdan başqa çıxış yolumuz yoxdur”

“Ermənistanın təqdim etdiyi mina xəritələri çox vaxt dəqiq olmur”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Millət vəkilinin sözlərinə görə, Azərbaycan bu çətin şəraitdə həmin torpaqlarda yeni həyatı qurmalı olur:

“Bilirsiniz ki, çox çətin və mürəkkəb bir ölkə ilə qonşuyuq. Onlar uzunmüddət torpaqlarımızı işğal altında saxlayıblar. İşğaldan azad edildikdən sonra məlum olub ki, həmin ərazilər viran günə qoyulub, eyni zamanda da minalanıb”.

Deputat qeyd edib ki, Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir:

“Bizim Ermənistanla prinsipial siyasət aparmaqdan, onu normal qonşuluq münasibətinə cəlb etməkdən başqa çıxış yolumuz yoxdur. Eyni zamanda, Ermənistan görməlidir ki, ondan fərqli olaraq biz öz torpaqlarımızda dünyanın diqqətini cəlb edən bir həyat qura bilirik. Silahlı qüvvələrimiz, eyni zamanda milli Minatəmizləmə Agentliyimiz bu gün işğaldan azad olunan torpaqların minalardan təmizlənməsi üçün çox işlər görür. Təəssüf ki, Ermənistanın etdikləri reallıqdır və hər an həmin ərazilərimizdə mina təhlükəsi var. Gələcək nəsillərimiz də bizim hansı mərhələlərdən keçdiyimizi bilməlidirlər. Bunun özü də tariximizin bir hissəsidir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az