Şərur rayon sakini, 1988-ci il təvəllüdlü Nicat tanışı Vüsalə adlı qadına qarşı dələduzluq edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nicat özgənin əmlakını ələ keçirmək məqsədi ilə Vüsalənin etibarından sui-istifadə edib, onun qardaşı İlham Məmmədovun məhkəmədə olan işini həll edəcəyinə yalan vəd edib.
Nicat 27 noyabr 2020-ci ildə Nərimanov rayonu ərazisində yerləşən “Nar Çiçəyi” kafesində Vüsaldən 5500 manat alıb.
İstintaq orqanı tərəfindən Nicatın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nicat ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ki, Mədinə adlı qadınla xeyli vaxtdır ailəvi yaxın münasibəti var: “2020-ci ilin iyun-iyul aylarında Mədinə xanım Türkiyədən mənə zəng etdi. Dedi ki, Vüsalə xanamın qardaşı İlhamın məhkəmə işinə kömək elmək lazımdır. Mən Vüsalə xanımla danışdım və qardaşı İlhamla Nizami rayonunda notariusun yaxınlığında görüşdük. İlham özü də problemini danışdı və mənə müəyyən sənədlər verdi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, bir müddət sonra İlham ona zəng edib və görüşmək istədiyini bildirib: “Harda görüşmək istədiyimizi soruşdum. İlham “Gənclik” metrosunun yaxınlığında görüşməyimizi dedi. Noyabrın 27-də Nərimanov rayonu Ə.Ağaoğlu küçəsində yerləşən “Nar Çiçəyi” kafesində görüşdük. Həmin vaxt İlham, onun tanışı Elçin, Vüsalə xanım və adını bilmədiyim bir nəfər oğlan da olub. Söhbət əsnasında İlham 5500 manata imkanı çatdığını bildirdi. Mən də razılaşdım. Pulu İlham mənə verdi. Sonra sağollaşıb ayrıldıq. Sonra Vüsalənin qardaşının işini həll etmədim. Nə də pulu geri qaytarmadım”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vüsalənin sözlərinə görə, bacısı Mədinə ona zəng edib: “Dedi ki, Daxili İşlər Nazirliyində yüksək rütbəli vəzifədə xidmət edən Nicat adlı şəxslə tanışdır. Həmin vaxtlar işlə təmin edilməyi üçün Nicatla telefon vasitəsi ilə əlaqə saxlayıb, bir müddət danışıqlar apardıq, ondan köməklik istədik.
Zərərçəkmiş qeyd edib ki, 2020-ci ilin axırlarında qardaşı İlham qanun pozuntusuna görə polis tərəfindən saxlanılıb, məsuliyyətə cəlb edilib və barəsində məhəkəmə hökmü çıxaılıb: “Mənim Türkiyədə yaşayan bacım Mədinə qardaşımın başına gələn hadisəni Nicata söyləyib, ondan kömək istəyib. Qardaşım ilə bağlı Nicat mənə zəng etdi, köməklik təklifini etdi. Mən isə öz növbəmdə hansı köməkliyi göstərə biləcəyi ilə maraqlandım. Nicat dedi ki, yüksək vəzifədə xidmət edir, ətrafındakılar yüksək vəzifəlilərdir, onlarla ünsiyyətdə olur. Nicat qardaşımın məhkəmə işini həll etmək üçün 6000 manat istədi. Nicat ciddi insan olmasına və bizə kömək etməsinə inandıq. Qardaşım İlhama zəng etdim, Bakı şəhərinə çağırdım. Qardaşım Bakı şəhərinə gələn kimi qardaşımı telefonda Nicatla danışdırdım. Onlar özləri görüşüb, danışdılar. Nicatın 6000 manat istəməsini qardaşım mənə bildirdi. Biz də razılaşdıq. Nicata 5.500 manat verə biləcəyimi bildirdim. Nicat bizimlə razılaşdı. Qardaşım rayondan Nicata 5.500 manat gətirdi. Biz noyabrın 27-də Nicatla "Nar Çiçəyi” kafesində görüşdük. Nicat bizdən dörd nəfərin yanında 5.500 manatı orada qəbul etdi və tezliklə qardaşımın məsələsinin həll olunacağını bildirdi. Nicat pulu aldıqdan bir müddətdən sonra telefon zənglərimizi qəbul elmədi. On dəfə zəng edəndə bir dəfə telefonu açdı və işlərin getdiyini, ünvanımıza bəraət hökmü daxil olacağını, narahat olmamağımızı dedi. Sonra Nicat bizimlə görüşməkdən imtina etdi və aldığı pulları qaytarmadı”.
Bu cinayət işinə Nətimanov rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Nicat 1 il 7 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Fariz Məlikli Demokrat.az


