Gündəm Özəl

Deputat: “Şuşada parlamentin komitə iclasının keçirilməsi tarixi bir hadisədir”

Deputat: “Şuşada parlamentin komitə iclasının keçirilməsi tarixi bir hadisədir”

“Biz bu gün şanlı, şərəfli günlərimizdən birini yaşayırıq”.

Bu fikirləri Demokrat.az-a Şuşa şəhərində ilk dəfə olaraq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclasında iştirak edən deputat Vüqar İskəndərov deyib. Deputat qeyd edib ki, Azərbaycanın mədəniyət paytaxtı, Qafqazın incisi, gözəllər gözəli olan Şuşa şəhərində komitənin iclasının keçirilməsi tarixi bir hadisədir:

“Sevindirici haldır ki, biz həmin o şərəfli günün tərkib hissəsiyik. Mən özümü çox xoşbəxt hiss edirəm ki, Milli Məclisin VI çağırışının deputatı kimi son illərdə bir çox tarixi hadisələrin canlı şahidiyəm. Təbii ki, Azərbaycan durduqca tarixdə bu hadisələr qalacaq və bunlar haqqında yazılacaq, danışılacaq. Bunlardan biri də təbii ki, bugünkü hadisədir. Bilirisniz ki, doğma Şuşamızda Azərbaycan parlamentinin iki komitəsinin iclası keçirildi. Çox böyük və qürurlu bir hadisədir. Təbii ki, mən də Milli Məclisin üzvü kimi bu iclasda iştirak etdim və bir sıra təkliflər də verdim. İnşallah yaxın zamanlarda ümumiyyətlə Azərbaycan parlamentinin növbəti plenar iclasını Şuşada keçirəcəyik”.

Deputat Şuşada hazırda çox sürətli infrastruktur layihələrinin həyata keçirildiyini qeyd etdi:

“Burada çox sürətli işlər gedir. Şuşa yenidən dirçəldirilir, yenidən qurulur. Sözün əsl mənasında Cənab Prezidentin də söylədiyi kimi, Şuşa cənnətə çevrilir. Biz bu şanlı, qürurlu, müzəffər günləri yaşayırıq. Zaman keçdikcə bunun hansı tarixi hadisələrin iştirakçısı olduğumuzu hiss edəcəyik. Tarix də bunun hər birinin qiymətini verəcək. Biz Azərbaycan Parlamentinin üzvü olaraq bu gün həm də düşmənlərimizə bir mesaj vermiş olduq. Biz düşmənlərimizə bununla bir daha mesaj verdik ki, siz Şuşada Parlament binası yaratmaq istəyirdiniz, lakin biz sizi yad olan bir yerdən, bizim torpaqlarımızdan qovduq. Biz bu gün Ali Baş Komandanın rəhbərliyi altında, şanlı igidlərimizi canı ilə azad olunmuş torpaqlarımızda qalib xalq kimi Azərbaycan Parlamentinin iclasını keçiririk. Bütün bu hissləri yaşamaq çox gözəldir. Mən bu gözəl günün iştirakçısı olduğum üçün özümü çox xoşbəxt hiss edirəm”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az