Gündəm Özəl

İlahiyyatçı: “Bar və diskotekalara getmək haramdır”— MÜSAHİBƏ

İlahiyyatçı: “Bar və diskotekalara getmək haramdır”— MÜSAHİBƏ

Bakının mərkəzində gecə klubunda baş verən, 1 nəfərin ölümü, 30-dan çox insanın yaralanması ilə nəticələnən partlayış təkcə bədbəxt hadisə kimi müzakirə olunmadı. Hadisənin mübarək Ramazan ayının ilk günündə baş verməsini nəzərdə tutaraq sosial şəbəkələrdə bəzi insanlar, ölən və yaralananların haram iş gördükləri üçün cəzalarına çatdıqlarını yazmağa başladılar.

Həmin məsələ ilə bağlı ilahiyyatçı Hacı Atif İsmayılov Demokrat.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Dinimizə görə, əyləncələr haram sayılır?

- Şəriət qayda-qanunlarına görə, haram olunmuş əməllər var. Haram olunmuş əməllər içərisində də müəyyən əyləncələr var. Yəni, dini şəriət qaydalarına riayət olunmayan əyləncələr haram sayılır. Məsələn qadınların kişilərlə bir yerə toplaşması, gecə klublarında oynamaları şəriətlə konkret olaraq haram sayılır. Çünki həmin məclislərdə dinimizin bəyənmədiyi və göstərişlərinə uyğun olmayan qaydalar var. Buna görə də, haram sayılır.

- Bildiyimiz kimi, bu yaxınlarda gecə klubunda partlayış baş verdi. Bir çoxları bu partlayışı Ramazan ayı ilə əlaqələndirdilər. Siz bunu necə dəyərləndirirsiniz?

- Ramazan ayı Allah yanında çox dəyərli bir aydır. Ramazan ayında Allah insanlarımızı oruc tutmağa dəvət edir. Bu ayda insanlar heç bir üzürlü səbəb olmadan orucu tərk edəcəklərsə, bunun Allah yanında günahı var. Çünki Allah bu ayı insanlara vacib hesab edib. Ramazan ayında olan bütün əməllər, insanların atdığı addımlar birə min ölçülür. Ramazan ayının hörməti böyükdür və onun hörməti də hər zaman qorunmalı, saxlanılmaldıır. Ümumillikdə, Allahın qoyduğu qadağalara qarşı getmək və Allahın haram buyurduğu spirtli içkinin məclislərdə olması, bar və diskoteka kimi məclislərə getmək haramdır. Amma baş verən hadisənin bu aya heç bir aidiyyatı yoxdur. Bunlar hər zaman qadağandır, yasaqdır.

- Bəs, bu hadisənin Ramazan ayına düşməsi nə ilə bağlı idi? Sizcə, sadəcə təsadüf idi?

- Bu, təbii bir fəlakətdir. Belə hadisələr istər Ramazan ayında, istərsə də, qeyri aylarda baş verə bilər. Bu kimi yerlər islam nöqteyi nəzərdə yasaqdır. Ancaq bunu insanlar Ramazan ayı ilə əlaqələndirə, bu barədə qəti fikir söyləyə bilməzlər. Bu iş öz-özlüyündə digər günlərdə də haramdır. Bunun cəzası da, bəlası da bəllidir. Amma elə hadisələr olur ki, sadəcə üst-üstə düşür. Yaxşı olardı ki, insanlar bu ayda müəyyyən əyləncə xarakterli şeylərdən uzaq olsunlar və dinimiz də hər zaman belə şeylərdən çəkilməni tövsiyyə edir. Bu ayda insanlar daha diqqətli olmalıdıır. Bu ay mərhəmət, rəhmət ayıdır, bağışlanma ayıdır. Bu kimi hadisələri birbaşa Ramazan ayına bağlamaq olmaz. Tövsiyəmiz budur ki, gənclərimiz oruc tutsunlar və bu ilahi rəhmət, mərhəmət ayından özlərini fəzilətini əldən verməsinlər. Hamılıqla birlikdə bu ayın hörməti saxlanılmalıdır. Heç bir üzürlü səbəb olmadan oruc tutmalıdırlar. Eyni zamanda, bu ayın hörmətinə çox diqqətlə yanaşmalıdırlar. Dinimizdə bu ayın saatları, dəqiqələrinin mərhəməti həddən artıq çoxdur. Əgər bir insan bu ayda zərrə qədər yaxşı bir əməl görərsə, onun savabı digər aylardan fərqli olaraq qat-qat üstün verilir.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az