Gündəm Özəl

Əhəd Məmmədli: “Bu qətliam Rusiya tarixinə bir qara ləkə kimi düşdü”

Əhəd Məmmədli: “Bu qətliam Rusiya tarixinə bir qara ləkə kimi düşdü”

Ukraynanın qəhrəman şəhəri Buçada yüzlərlə dinc sakinin Rusiya hərbçiləri tərəfindən qətlə yetirilməsi dünyanı silkələməkdə davam edir. Dünya ölkələrinin Buçada baş verənləri lənətlədiyi bir məqamda Rusiya tərəfi israrla qətliam törətmədiklərini, yaşanan hadisələrin guya Moskvaya qarşı təxribat olduğunu bildirir.

Ağ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli bu barədə proqnozlarını Demokrat.az-la bölüşüb. Politoloq qeyd edib ki, işğalçı ölkələr tarix boyu işğal etdiyi ərazilərdə qətliamlar törədib, vəhşiliklər ediblər:

“Biz tarixə nəzər salsaq, bunun nümunələrini çox göstərə bilərik. Məsələn, nasist Almaniyasının, Britaniya imperiyasının, Sovetlər Birliyinin etdiklərini və s. kimi minlərlə nümunələr göstərmək olar. Ona görə də, Rusiyanın Ukraynada etdikləri yenilik deyil”.

Politoloq bu qətliamda maraqlı tərəflərin çox olduğunu vurğuladı:

“Buça qətliamında əsas maraqlı tərəflərdən biri Qərbdir. Qərb Rusiyanın etdiyi qətliamı ona qarşı istifadə etdi. Ona görə də, bu, böyük rezonans doğurdu. Əslində, bunu Rusiya gözləmirdi. Çünki Rusiya elə bilirdi ki, Çeçenistanda, Suriyada etdiklərini burada da edəcək və heç kəsin marağında olmayacaq. Ancaq Rusiya-Ukrayna müharibəsi həm də Rusiya-Qərb qarşıdurmasıdır. Qərb də bunu ruslara qarşı istifadə edərək, qətliamı ortaya çıxardı. Onu da deyək ki, müasir media Qərbin nəzarətindədir. Bilirik ki, XXI əsr informasiya əsridir. Buna görə də, bu qətliam dünyada geniş rezonans doğurdu. Ümumiyyətlə, Buça qətliamı artıq tarixə həmişə özünü faşistlərlə mübarizə aparan və assosasiya edən Rusiyanın tarixinə bir qara ləkə kimi düşdü. Təbii ki, bu cür qətliamlar qəbuledilməzdir. Ukraynanın Buça qəsəbəsində dinc əhalini qətlə yetirənlər hökmən cəzalandırılmalıdır. Rusiya özünü nə qədər təmizə çıxarmağa, əməllərini inkar etməyə çalışsa da, törətdiyi dəhşətli cinayətlərin məsuliyyətindən boyun qaçıra bilməyəcək. Bunların ortaya çıxması Rusiyanın işğalçılıq siyasətinin və insanlığa yaraşmayan hərəkətlərinin ifşasıdır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az