“Azərbaycan xalqı tarix boyunca ermənilərin törətdikləri soyqırıma məruz qalıb”.
Bunu Demokrat.az-a özəl açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib. Deputat bildirib ki, bu, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən ilk soyqırım deyil:
“Bilirsiniz ki, 1890-cu ildə Daşnaksutyun partiyası quruldu. Bundan sonra, ermənilər “Böyük Ermənistan” qurmaq xəyalı ilə Azərbaycan torpağında azərbaycanlılara qarşı qətliamlar törətməyə başladılar. Azərbaycanlılara qarşı dəhşətli soyqırımlar, qətliamlar 1905-07-ci illər, 1915-1917-ci illər arasında baş vermişdir. Bunların hamısı çox vəhşi qətliamlar idi. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib. Ən dəhşətli faciə 1918-ci ilin 31 mart tarixində Bakıda Azərbaycan türklərinə qarşı edilmiş çox böyük qətliam idi. O zaman ermənilərə Stepan Şaumyanın başçılıq edirdi. 1918-ci ilin mart soyqırımının öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Daha sonrakı qətliamlara baxdığımız zaman 1948-53 illər arasında Ermənistanda yaşayan azərbaycanlılar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci ildəki qərarı ilə öz doğma torpaqlarından fərqli yerlərə göndərildilər. Hətta, biz tarixə nəzər saldıqda, 100 minlərlə azərbaycanlıların o bölgələrdən təmizləndiyini görürürk”.
Türkiyəli deputat qeyd edib ki, bu, bir etnik təmizləmə idi: “Təbii ki, XXI əsrin ən böyük qətliamı isə 26 fevral 1992-ci il tarixidir. O vaxtlar ermənilər rus ordusunun dəstəyi ilə Xocalıda böyük bir qətliam törətdilər. Minlərlə insan, qoca, cavan, uşaqlar amansızcasına qətlə yetirildi. Azərbaycanın ümummilli lideri, cənab Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verildi. Beləliklə, 31 Mart dünya azərbaycanlıların soyqırım günü elan edildi. Bu gündən sonra hər il 31 Mart tarixində qətl edilən, öldürülən azərbaycanlılarla bağlı anım mərasimi keçirilir. Türkiyədə də bu tarix hər il anım günü kimi qeyd edilir. Sosial mediada, televiziyalarda bu soyqırımlar gündəmə gətirilir və şəhid olan qardaşlarımız üçün anım mərasimləri həyata keçiririk. Sizin vasitənizlə soyqırıma məruz qalmış, şəhid olmuş qardaşlarımıza, həm Birinci və İkinci Qarabağ savaşında da şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Bu bölgədə inşallah bundan sonra belə bir tablo yaşanmaz. Bütün Azərbaycana sevgi və hörmətlərimi çatdırıram”.
Aynurə Pənahqızı Demokrat.az


