Karateçilərimiz Serbiyada keçiriləcək Avropa çempionatına hazırlıqları başa vurub. Dünya Müasir Döyüş növləri Federasiyası idmançılarla görüşdə onların hazırlıq səviyyəsinə baxış keçirib.
Demokrat.az xəbər verir ki, Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti Arif Məmmədov səfər öncəsi milli komandanın məşqçiləri və idmançıları ilə birgə geniş tərkibdə görüşüb.
Tədbirdə qitə çempionatında qatılacaq idmançıların adları açıqlanıb. Həmçinin, iştirakçılara yarışın keçirilmə qaydaları, səfər proqramı barədə məlumat verilib.
Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti, Dünya və Avropa çempionu Arif Məmmədov əsas məqsədlərinin Azərbaycanın üçrəngli bayrağının yüksəklərə qaldırmaq olduğunu, ölkəmizi Serbiyanın Subotiça şəhərində layiqincə təmsil etməyə kökləndiklərini vurğulayıb.
Millinin üzvü və çempionluğa əsas ümidlərimizdən, Dünya və Avropa çempionu Elcan Məmmədrzayev paralel olaraq hərbi xidmətini davam etdirdiyindən, qazanılacaq qızıl medalın ikiqat fəxr hissi yaradacağını bildirib:
“Avropa çempionatında hazırlığıma və iştirakıma şərait yaratdıqlarına görə Gənclər və İdman Nazirliyinə, şəxsən cənab nazirə təşəkkürümü bildirirəm. Hazırda hərbi xidmətimi Mərkəzi Ordu İdman Klubunda davam etdirməkdəyəm, bu səbəbdən şərait yaratdıqları üçün Müdafiə Nazirliyinə, şəxsən cənab nazirə, habelə Mərkəzi Ordu İdman Klubunun rəisinə minnətdarlığımı bildirirəm”.
Qadınların yarışında komandanın liderlərindən və Dövlət Sərhəd Xidmətinin əməkdaşı, son Dünya çempionu Asiya Məlikova uğurlu seriyanı davam etdirmək əzmindədir. Karateçimiz gərgin məşq prosesinin Avropa çempionatında bəhrə verəcəyinə ümidlidir. İdmançımız qitə çempionatına hazırlıqla əlaqədar yaratdığı şəraitə görə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə təşəkkürünü bildirib.
Sonda təlim-məşqlərdə fəallıq göstərən 19 idmançıya müxtəlif hədiyyələr verilib, yarışa yollanacaq bir məşqçi və dörd idmançıya isə onları ruhlandırmaq üçün biznes klass aviabiletləri təqdim olunub.
Elmin İsayev (məşqçi) Elcan Məmmədrzayev (idmançı) Asim Məmmədov (idmançı) Humay Həsənli (idmançı) Asiya Məlikova (idmançı)












Zamiq Demokrat.az


