Milli Şura Ukraynaya dəstək aksiyası keçirmək niyyətindədir. Bununla bağlı müvafiq qurumlara müraciət də ediblər və yer olaraq “Məhsul” stadionu, “Nərimanov” metrosunun ətrafı və “Ukrayna” dairəsi”ni istəyirlər.
Təbii ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da aksiya keçirmək konstitusion hüquqdur, başqalarının həyatına təsir etmədiyi müddətdə buna şərait yaradılır. Milli Şuranın indiyə qədər keçirdiyi aksiyaların aksiyadan daha çox, ətrafdakı insanlara narahatlıq yaratdığı gerçəyi də ayrı bir mövzudur. Burada diqqət çəkən məqam illərdir yoxa çıxan, real aləmdə heç nəyə nail ola bilmədiyi üçün bütün fəaliyyətini virtual aləmə köçürən bu qüvvələrin yağışdan sonra çıxan göbələk kimi ortaya çıxmasıdır.
Sual yaranır, Milli Şura niyə indi mitinq keçirmək eşqinə düşüb?
Bu sualın birdən çox cavabının olduğu və məqsədin heç də bu gün müharibə aparan Ukrayna olmadığı bəllidir.
İndiyə qədər real həyatda varlığı görünməyən Milli Şura belə bir aksiya ilə gündəmə gəlmək istəyir və Ukraynada baş verən müharibəni fürsət olaraq görürlər. Çünki keçirdikləri mitinqlərdə maksimum 300-500 adam toplayan Milli Şura düşünür ki, Ukrayna adından istifadə etməklə “çoxsaylı aksiya” keçirə və bunu “xalq bizi dəstəkləyir” görüntüsü yarana bilər. 
Burada əsas məqsədlərdən biri də bu qüvvələrə maliyyə ayıran xarici dairələrin qarşısında hesabatın verilməsidir. Məlumatlar var ki, bir müddət öncə xarici dairələr bu qüvvələrə müəyyən maliyyə yardımı ayırmaq qərarına gəlib, lakin bunun üçün Milli Şura “performans” göstərməli, əvvəlki mitinqlərdən fərqli olaraq, daha çoxsaylı aksiya keçirməlidir. Uzun müddətdir yoxa çıxan Milli Şura hansısa aksiya keçirərəsə, əvvəl ətraflarına topladıqları 300-500 iştirakçı da olmayacaq. Bu baxımdan, məhz Ukrayna məsələsini fürsət bilərək, belə bir aksiya keçirmək istəyirlər. 

Zaur Hacılı Demokrat.az


