Bakının Sabunçu rayonunda 1981-ci il təvəllüdlü Məcid qısqanclıq zəminində arvadı Lətifəni (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Məcid rəsmi nikahda olduğu arvadı Lətifənin ona xəyanət etməsini bəhanə gətirib, onu öldürmək qərarına gəlib.
Məcid 6 sentyabr 2021-ci ildə, saat 06 radələrində Sabunçu rayonu, Pirşağı qəsəbəsində bağ evində mətbəxdən götürdüyü bıçaqla Lətifəni evin qonaq otağında yerləşən divanda övladları ilə birlikdə yatdığı zaman onu yuxudan oyadıb, onun sinə nahiyəsindən bıçaqla bir zərbə vurub. Lətifənin qışqırıq səslərinə yanında yatan azyaşlı övladlarının oyanmasına baxmayaraq onların gözləri önündə bıçaq zərbələrini vurmaqda davam edib.
Bu zaman digər otaqda yatan anası səs-küyə gəlib, ona digər zərbələr vurmasına mane olub. Lətifəyə xəstəxanada ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Məcidin barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məcid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2012-ci ildə Lətifə ilə ailə qurublar: “Birgə nikahdan bizim 7 yaşlı Zəminə adlı qızımız, 5 yaşında isə Valeh adlı oğulumuz var. Təxminən 2002-ci ildən narkotik vasitə olan marixuanadan istifadə etməyə başladım. Psixi vəziyyətinin pis olmağım ilə bağlı 1 saylı Psixiatrik Dispanserdə müalicə də olundum”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu dəfə 2021-ci ilin mayında Psixiatrik xəstəxanada müalicə alıb: “Son 5 ildir ki, arvadım Lətifə ilə aramızda ailə-məişət zəmnində münaqişələrimiz olmağa başladı. Mübahisələrinə səbəb mənim Lətifəyə qısqanmağım oldu. Lətifənin mənə xəyanət etməsindən şübhələndim. Konkret bununla bağlı dəlilim olmasa da, ətrafındakı şəxslərin bu barədə söhbətləri məni düşünməyə vadar etdi”.
Məcidin ifadəsinə görə, sentyabrın 5-də, saat 16 radələrində yaşadığı evdə olan zaman Lətifə ilə söhbət edib: “Söhbət zamanı Lətifə “Zəminə mənim qızımdır, sürpriz, Valeh mənim oğlumdur, sürpriz” sözlərini dedi. Bu sözlər mənim beynimdə qaldı. Bütün günü bu barədə fikirləşdim. Lətifənin bu sözləri nə üçün dediyini, bu sözlərdən hansı məna çıxdığını düşünməyə başladım. Lətifənin mənə xəyanət etməsindən şübhələndiyim üçün bu sözləri onun bu tərzdə deməyi məni narahat etdi. Bütün günü bu barədə fikirləşdim. Həmin sözdən belə nəticəyə gəldim ki, oğlum və qızım Lətifənin başqa şəxslə mənə xəyanət etməsi nəticəsində doğulublar və bioloji olaraq onlar mənim övladlarım deyil. Təxminən saat 22 radələrində arvadım uşaqlarla birlikdə evin zal otağında divanda, anam Bahar isə başqa otaqda yatıblar. Lətifə və uşaqlar yatdıqdan sonra saat 23 radələrində zal otağında döşəmədə yatmaq üçün uzandım. Lətifə isə uşaqlarla otaqda düzbucaqlı divanda yatdılar”.
Məcid qeyd edib ki, sentyabrın 5-dən 6-na keçən gecə bütün gecəni yata bilməyib və Lətifə ilə aralarında olan söhbət barədə fikirləşib: “Lətifənin mənə xəyanət etməsini düşündüyüm üçün onu cəzalandırmaq qərarına gəldim. Buna görə də sentyabrın 6-da, saat 06 radələrində yatağımdan durdum, mətbəxə keçdim və mətbəxdən mətbəx bıçağını götürərək yataq otağına gəldim. Lətifəni çağıraraq oyatdım. Lətifə nə üçün onu oyatdığımı soruşdu. Lətifədən bayaq mənə dediyi “sürpriz” sözünü nə üçün dediyini soruşdum. Lətifə sualıma cavab vermədi, yayınaraq divanda yatan övladlarımizin üstünü örtməyə başladı. Özümü idarə edə bilmədim. Sağ əlimdəki həmin bıçaqla Lətifənin sinə nahiyəsinə 1 dəfə zərbə vurdum. Lətifə qışqırdı və özünü müdafiə edərək tərpənməyə başladı. İkinci zərbəni həmin nahiyəyə vurduqda bıçaq əyildi. Həmin vaxt otağa anam Bahar daxil oldu. Anam mənə mane olmaq üçün itələdi, Lətifəyə isə qaçmasını bildirdi. Lətifə ayağa qalxdı, qaçaraq otaqdan çıxdı”.
Təqsirləndirilən şəxs bildirib ki, hirsli olduğu üçün mətbəxə keçib və başqa bıçaq götürüb: “Elə həmin vaxt anam ardımca mətbəxə girdi. Bıçağı atmağımı bildirdi. Mətbəxdən götürdüyüm bıçağı yerə qoydum və Lətifənin ardınca bayıra çıxdım. Səbəb isə onun hadisə barədə səs-küy salmasının qarşısını almaq olub. Lətifəni vurduğum bıçağı zal otağında döşəmənin üzərinə atdım. Lətifənin arxasınca qaçdım. Həyətdə həyət darvazasının yanında Lətifənin əllərindən tutaraq küçəyə çıxmağına imkan vermədim və omu həyətə saldım. Həmin vaxt yaranmış səs-küyə qonşularımız Bahadur və onun arvadı da evimizin həyətinə gəldi. Sonra anam yoldan keçən tanımadığım bir şəxsin idarə etdiyi avtomobili saxlatdırdı. Qonşularımız isə Lətifəyə kömək etdi, onu həmin avtomobilə otuzduraraq xəstəxanaya yola saldılar. Bundan sonra evdə gözlədim. Bir müddət sonra polis əməkdaşları hadisə yerinə gəldi və məni polis bölməsinə apardılar”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məcid 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli Demokrat.az


