“Hazırda pandemiyanı konkret olaraq bitmiş saymaq olmaz”.
Bunu Demokrat.az-a açıqlamasında həkim-infeksionist Vasif Əliyev deyib. Həkim hazırda ümumi vəziyyətin stabil olduğunu vurğuladı:
“Artıq bütün məhdudiyyətlər demək olar ki, aradan qaldırılıb. Sadəcə peyvənd və maska məhdudiyyəti hələ də davam etdirilir. Çünki belə bir məqamda daha da ehtiyatlı olmaq lazımdır. Daha əvvəllər virusun endiyini və müəyyən bir müddət keçdikdən sonra təkrar yüksəlişə qalxdığının dəfələrlə şahidi olmuşuq. Düzdür, hazırda belə bir təhlükənin olması açıq-aydın şəkildə görünmür, ancaq yenə də biz ehtiyatımızı əldən verməməliyik. Yaxın zamanlarda ölkədəki epidemioloji vəziyyəti tam olaraq təhlil etdikdən və yoluxma hallarınının sayına ciddi nəzarət altında saxladıqdan sonra ümumi gələcəklə bağlı proqnoz vermək olar. Ancaq hazırda vəziyyət qənaətbəxşdir”.

V.Əliyev xəstəxanalarda hazırda ciddi xəstə axınının olmadığını da diqqətə çatdırdı: “Bildiyimiz kimi, gündəlik yoluxma sayı çox aşağıdır. Nəzərə alsaq ki, son “Omicron” ştammına yoluxanlar xəstəliyi yüngül formada keçirirdi və xəstəlik daha çox yuxarı tənəffüs yollarının əlamətləri ilə müşahidə olunurdu. Yəni, hər kəsin daha əvvəl bildiyi, qarşılaşdığı qripin əlamətləri ilə eynilik təşkil etdiyinə görə, insanlar ev şəraitində müalicə alırdılar. Xüsusilə də, xəstələr qripdə istifadə etdiyimiz müalicə taktikasıyla, ev şəraitində bol maye içməklə, temperatur olduğu zaman hərarət salıcı dərman istifadə etməklə müalicə olunurdular. Ona görə də, xəstəxanaya müraciətlər, yatışlar da azalmışdı. Amma yenə də tam arxayın olmaq olmaz. Yaxın günləri çox ciddi nəzərdə saxlayaraq, gələcək üçün daha dəqiq proqnoz vermək olar”.
Aynurə Pənahqızı Demokrat.az


