Gündəm

Politoloq: “Türkiyə hazırda dünyada üçüncü mərkəzi qüvvəni təmsil edir”

Politoloq: “Türkiyə hazırda dünyada üçüncü mərkəzi qüvvəni təmsil edir”

“Prezident İlham Əliyevin Türkiyəyə səfər etməsi strateji məsələdir. Çünki Türkiyə hazırda dünyada üçüncü mərkəzi qüvvəni təmsil edir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. Politoloq dünyada şərq blokunun formalaşdığını vurğuladı:

“Bilirsiniz ki, artıq dünyada bir şərq bloku formalaşır. Rusiya, Çin və onların ətrafında olan ölkələr hansı ki Qərbə qarşı bloklarını formalaşdırmağa çalışırlar. Və bir tərəfdən də ABŞ-ın, Böyük Britaniyanın rəhbərlik etdiyi Qərb bloku - Anqlo-Sakson Bloku və NATO var. Amma bunlardan əlavə sərbəst olmaq istəyən Avropa İttifaqı, Almaniya və Fransa var ki, nə Böyük Britaniyanın, nə də ABŞ-ın qaydalarına tabe olmaq istəmir, müstəqil olmaq istəyirlər. Amma son dönəmdə Ukrayna müharibəsi göstərdi ki, bu ölkələr ABŞ-ın şərtlərindən çox çıxa bilmirlər. Məcbur olub Fransa Və Almaniya da NATO-nun, ABŞ-ın şərtlərini qəbul etdilər. Hazırda bu şərtlərə boyun əyməyən bir də Türkiyə var ki, onun da mövqeyi xüsusi önəmlidir. Çünki Türkiyə Rusiyanın Ukraynaya işğalını pisləsə də, nə hava sahəsini Rusiyaya bağladı, nə də Rusiyaya qarşı Ukraynaya açıq şəkildə silah göndərdi. Nə də ki, açıq şəkildə Rusiya ilə iqtisadi əlaqələri dondurmadı”.

Politoloq: “Türkiyə hazırda dünyada üçüncü mərkəzi qüvvəni təmsil edir”

T.Rzayev diqqətə çatdırdı ki, Türkiyənin rəhbərlik etdiyi blokda Azərbaycan və Pakistan birliyi var: “Bunu mən TAP ittifaqı kimi görürəm. Bu blokun rəhbərlik etdiyi mərkəzi güc var ki, artıq təkqütblü dünyanın çoxqütblü dünyaya gedişatına yol açır. Burada açıq şəkildə nə şərq, nə də qərb ortaya çıxır, burada bir mərkəzi qüvvə çıxır. Türkiyə öz gücünü ortaya qoyaraq göstərdi ki, məhz Ukrayna və Rusiyanın barışdırmağa çalışmaqla, orta yol tapmağa çalışır. O cümlədən Azərbaycan, Pakistan və İsrail prezidentlərini Antalyaya topladı və onların gəlməyini xüsusi olaraq elan etdi. Ərdoğan göstərdi ki, artıq dünyanın həm də siyasi mərkəzi Türkiyədir və Antalyada sülh məsələsi həll oluna bilər. Bunu əvvəl demişdim ki, Ukrayna məsələsinin həlli məhz Almaniya-Fransa-Türkiyənin vasitəçiliyi ola bilər. Amma indi görünür ki, məhz Türkiyə burada aparıcı rola sahib olur. Azərbaycan prezidentinin də belə bir məqamda xüsusi olaraq ora getməsi, Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığı göstərir. Eyni zamanda Çavuşoğlunun da NATO toplantısından çıxan kimi Azərbaycana gəlməsi Azərbaycanla Türkiyə arasında əməkdaşlığın strateji səviyyəsini göstərir, həmçinin Azərbaycanın da bu məsələdə neytral və mərkəzi rol oynadığını nümayiş etdirir. Çünki Azərbaycan da Rusiya əleyhinə sanksiyalar qoşulmadı, eyni şəkildə Ukraynaya humanitar yardım göstərdi və Ukraynanın ərazi bütövlüyünü də tanımağı da ehmal etmədi”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az