Gündəm

“COVID-19” vaksinləri sonsuzluğa səbəb ola bilərmi? — Həkimdən AÇIQLAMA

“COVID-19” vaksinləri sonsuzluğa səbəb ola bilərmi? — Həkimdən AÇIQLAMA

"COVID-19" pandemiyasının bitdiyi bir vaxtda hər kəsi bir sual düşündürür. Peyvəndlər qadın və kişi sonsuzluğuna səbəb ola bilərmi?

Sualımıza aydınlıq gətirən tibb elmləri doktoru, professor Musa Qəniyev Demokrat.az-a açıqlamasında bildirdi ki, vaksin çoxalmaya xidmət edən genin yox, spesifik antigenin əmələ gəlməsinə xidmət edən genin daşıyıcısı olduğundan, onun sonsuzluğa səbəb ola bilməsi qeyri-mümkündür:

“"COVID-19" əleyhinə istifadə olunan peyvəndlər qadınların reproduktiv funksiyasına təsir göstərir fikri mütləq mənada əsassızdır. Kişi sonsuzluğuna gəldikdə isə bu da tammailə yanlışdır. Çünki leydiq divararalığı hüceyrələrində- qrandulositlərdə əmələ gələn spermatozoidlərin hamısı deyil, yalnız məhdud faiz nisbətində olan və “üzgüçülər” adlandırılanları, qadınlarda yumurta hüceyrəni mayalandırmaq qabiliyyətinə malikdir. Yəni, nəsil artırmada yalnız bu spermatozoidlər iştirak edir. Yüksək hərəkətlilik qabiliyyətinə malik olan “üzgüçülər” səthi aktiv bağlanma- reseptor mexanizmlərə malik deyildir və istənilən aqressiv vasitənin təsirinə inertdir. Odur ki, antitel məlum subvahidlərə nüfuz edə bilsə belə, heç bir halda “üzgüçülər”ə bağlanaraq kişilərdə fertil funksiyanı süstləşdirə və sonsuzluğa səbəb ola bilməz. Yekun olaraq, bildirmək istəyirəm ki, "COVID-19" əleyhinə vaksinlərin qadın və ya kişi sonsuzluğuna səbəb ola bilməsi haqqında bütün söylənilənlər cəfəngiyyatdan başqa bir şey deyil”.

Nəzrin Hüseynli Demokrat.az

D
demokrat.az