“Media haqqında” Qanunla bağlı müzakirələr kifayət qədər geniş aparılıb.
Demokrat.az xəbər verir ki, bunu tanınmış jurnalist Elçin Mirzəbəyli AzTV-nin efirində yayımlanan “Çıxışa Doğru” verilişində qonaq olarkən deyib. Ekspert qeyd edib ki, qanun üzərində ilk günündən başlayaraq müzakirələr aparılıb:
“Sözün doğrusu, müəyyən zaman kəsiyində öz etirazını bildirən şəxslərin də iştirak etdiyi toplantıların sayını belə itirmişəm. Qanunun müzakirəsi zamanı fikir söyləməyən insanlar sonradan hansısa arqumentlər ortaya çıxarmağa cəhd göstərdilər. Mən əslində bu fəallığı normal qəbul edirəm. Çünki jurnalistlər ümumiyyətlə aktiv təbəqədir. Amma qanun anlayışının özündə bir doğru olmayan istiqamət var. O da ondan ibarətdir ki, qanun jurnalist olmayanı jurnalist etməyəcək, istedad sahibi olmayanı istedadlı etməyəcək. Yaxud media sahəsində reketçiliklə məşğul olan və bu addan istifadə edərək hansısa şantaj yolu seçən insanları birdən-birə islah etməyəcək. Qanunun funksiyası, mahiyyəti bundan ibarət deyil, qanun müəyyən çərçivələri müəyyənləşdirir. Digər tərəfdən qanun hansısa yeni konstitision qanunlar da kəşf etməyəcək. Yaxud da hansısa hüquqi beynəlxalq dəyərlər də kəşf etməyəcək. Mövcud konstitision qanunlar əsasında, mövcud konvensiyalar əsasında formalaşacaq və müəyyən çərçivələr yaradacaq. Əslində “Media haqqında” Qanun da mahiyyət etibarilə bu ölçülərə, standartlara uyğun gəlir. Kimlərinsə məhdudiyyət saydığı məqamlar var, o məqamlar haqqında danışmağa və müəyyən arqumentlər gətirməyə çalışırlar. O adamlar sadəcə zəhmət çəkib ölkə konstitusiyasını, eyni zamanda ölkədə mövcud olan digər hüquqi, normativ aktları açıb baxmırlar ki, “Media haqqında” qanunda nəzərdə tutulan bu müddəalar daha öncə də mövcud olub. Beynəlxalq konvensiyaları söz, ifadə, fikir azadlıqları haqqında müvafiq konvensiyalara açıb baxmırlar ki, cəmiyyət üçün fundamental əhəmiyyət kəsb edən informasiya mühitini, şəxsi azadlıqlarını qorunmasından irəli gələn məhdudiyyətlər də digər beynəlxalq konvensiyalarda nəzərdə tutulub. Yəni, Media Agentliyinin nümayəndələri, yaxud bu qanun üzərində işləyən insanlar özlərindən hansısa dəyərlər kəşf etməyiblər. Mövcudluq götürərək sistemləşdiriblər və beynəlxalq təcrübədə mövcud olan bütün aspektləri şübhəsiz ki, nəzərə alıblar. Bu qanun layihəsinin mənim qənaətimə görə, fəlsəfəsi ondan ibarətdir ki, Azərbaycanda fikir və söz azadlığı başqalarının fundamental azadlıqlarına ziyan gətirmədən, onun sərhədlərini pozmadan qorunsun, müdafiə olunsun, dəstəklənsin. Və təbii ki, ölkədə peşəkar media mühiti inkişaf etsin”.
Aynurə Pənahqızı Demokrat.az


