Kriminal

Sumqayıtda anasına xəsarət yetirən oğulun cinayət işinə xitam verildi — Hökm

Sumqayıtda anasına xəsarət yetirən oğulun cinayət işinə xitam verildi — Hökm

Sumqayıt şəhərində 1987-ci il təvəllüdlü Elmir şəxsi münasibətlər zəminində anası Şərqiyyəyə xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il dekabrın 12-də baş verib. Elmir həmin gün saat 09.00-da Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən bağ evində aralarında yaranmış mübahisə zamanı anasına yumruq zərbəsi və dırnaqtutan ilə vurub.

İstintaq orqanı tərəfindən Elmirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, dekabrın 12-də, səhər saatlarında ailə üzvləri ilə birlikdə evdə olarkən qardaşı Elnur işə gedib: “Elnur gedəndən sonra əvvəllər yaşadığımız Sumqayıt şəhəri, 5-ci mikrorayondakı evə getmək istədim. Həmin evin açarını anamdan istədim. Lakin anam bildirdi ki, həmin evin açarının biri özündə, biri isə məndə olub. Guya sonradan anamda olan açarı da götürmüşəm. Hazırda həmin evin açarı məndə yoxdur. Sonra açarları axtarmağa başladım. Lakin tapa bilmədim. Əsəbiləşərək anam ilə mübahisə etdim. Anamı söydüm və mənə pul verməsini istədim. Anam mənə pul vermədiyi üçün yumruqla başından vurdum. Sonra sağ gözaltı nahiyəsindən, sol qolundan əlimdə olan dırnaqtutanla vurdum. Daha sonra anamın saçlarını yolmağa başladım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin zaman anasının səsinə həyətdə olan atası Vahid evə gəlib: “Atam anamı vurduğumu gördü və aramıza girdi. Atam məni itələdi, anamı əlimdən aldı”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Şərqiyyənin sözlərinə görə, son 5-6 ay olar oğlu Elmir mütəmadi olaraq ondan və atasından pul tələb edir: “Ona verdiyimiz pulları hara xərclədiyini bilmirik. Hadisə günü böyük oğlum Elnur işə getdi. Elnur gedəndən sonra Elmir qeydiyyatda olduğumuz ünvanın açarını məndən istədi. Həmin ünvanın açarının biri Elmirin özündə, biri isə məndə olurdu. Lakin sonradan Elmir məndə olan açarı da götürmüşdü. Bu səbəbdən açarın məndə olmadığını Elmirə bildirdim. Sonra Elmir açarları axtardı. Tapa bilmədikdə mənimlə mübahisə etdi. ünvanına nalayiq söyüşlər söyməyə başladı. Ona pul verməyimi tələb etdi. Pulumun olmadığını dedim. Belə olan halda Elmir yumruqla başımdan, sağ gözümün altından, sol qolumdan, əlindəki hansısa alətlə, ola bilsin kiçik ölçülü bıçaqla sol dirsəyimdən vurdu. Səsə həyətdə olan yoldaşım evə gəldi. Bizi araladı. Bu zaman Elmir Vahidə də təpik atdı”.

Zərərçəkmiş ifadəsinin sonunda qeyd edib ki, oğlu ilə barışıb, ona qarşı şikayəti yoxdur.

Bu cinayət işinə Sumqayıt şəhər məhkəməsində baxılıb.

Məhkəmə hökm elan edin zaman təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəzərə alınıb.

Elmirin barəsində olan cinayət təqibinə xitam verilib və cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az