“Sirr deyil ki, ermənilərin 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə kütləvi məzarlıqlar var və bunlar təkzibolunmaz bir faktdır. Bunu hamımız bilirik. Hətta həmin kütləvi məzarlıqlarla bağlı müəyyən coğrafiyaları da göstərmək mümkündür”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, minlərlə soydaşlarımızın taleyi barədə Ermənistan tərəfindən məlumatın verilməməsinin əsas səbəbi özlərini sivilizasiyalı xalq adlandıran və yaxud özünü dünyaya mədəni bir xalq kimi sırımağa çalışan vəhşi vandalların mənəvi simasının əsl göstəricisidir:
“Bildiyimiz kimi, 1990-cı illərdə erməni cəlladları Koçaryanın, Sarkisyanın və digərlərinin əli Azərbaycanın günahsız insanlarının, uşaqların, qocaların, qadınların qanına bulaşmışdı və həmin illərdə biz bir çox igidlərimizi itirmişdik. Lakin həmin vətəndaşlarımızın məzarları bugünədək bilinmir və onlar haqqında hər hansısa bir məlumat yoxdur. Cənab Prezidentimiz də dəfələrlə söyləyib ki, bizim 4 mindən yuxarı taleyi məlum olmayan insanlarımız var və ermənilər hələ də vandal hərəkətlərindən əl çəkmirlər. Təbii ki, erməni vandalları həmin şəxsləri öldürüblər və onlar kütləvi şəkildə basdırılıb. Hətta, erməni Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı əsərində Xocalı soyqırımından cəmi bir-iki gün sonra baş verən hadisələri təsvir etmiş və bildirmişdir ki, erməni əsgərləri Xocalıda öldürülmüş insanları bir yerə toplayaraq əvvəlcə onların üzərinə benzin tökmüşlər, daha sonra onları buldozerlə kürüyərək yaxınlıqdakı dərəyə tökmüşdülər. Bunlar ermənilərin dilindən səsləndirilmiş faktlardır. Təbii ki, həmin yerlər ermənilər tərəfindən göstərilməlidir. Bununla bağlı Azərbaycan dəfələrlə beynəlxalq platformalarda fikirlərini söyləyib. Hətta, Cənab Prezident, Xarici İşlər Nazirliyi, Azərbaycan Müdafiə Nazirliyi və digər səlahiyyətli şəxslər dəfələrlə beynəlxalq platformalarda, regional yerli tədbirlərdə bununla bağlı söyləyiblər, lakin biz hələ də konkret cavab almamışıq. Təbii ki, Azərbaycanın gücü hamıya bəllidir. Biz bu və ya digər formada bu məsələni həll edəcəyik”.
Deputatın sözlərinə görə, ermənilərin kabus qorxusu var, çünki onların insanlığa sığmayan qəddar hərəkətlərini bütün dünya biləcək:
“Bu gün informasiya dövrüdür və bunların hər biri işıqlandırılır. Ermənilərin indiyə qədər yaratdıqları bütün mifləri dağılmaq üzrədir. Bu da onlardan biri olacaq. Bütün dünya görəcək ki, ermənilər, hətta alman faşistlərinin etmədiyi qəddarlıqları ediblər. Bunlar “Xocalı soyqırımı”nda, Daşaltı əməliyyatında da olub. Bir çox artıq faktlar var ki, ermənilər insanlıqdan kənar qəddarlıqlar göstəriblər və onlardan biri də müharibə qanunlarının kobud şəkildə pozulmasıdır. Öldürdükləri insanların meyidlərinin verilməməsi də müharibə cinayətidir. Biz bunları alacağıq və ermənilərin digər çıxış yolları yoxdur. Əks halda, ermənilər sıxılmış ölkə kimi digər sanksiyalara da məruz qala bilər və bunu hakimiyyət də anlayır. Amma hələ də uzatmağa çalışırlar, ancaq geriyə yolları yoxdur. Nə qədər uzatsalar da, sonda məsələlər öz həllini tapmalıdır. Rəsmi Bakı da bunları tələb edir və ermənilər də bunu verməlidirlər. Sadəcə olaraq, ermənilərin vəhşi hərəkətlərinin hamı tərəfindən bilinməsi və bütün dünya tərəfindən bunun görülməsi qorxudur. Artıq həm Azərbaycan ictimaiyyəti, həm də bütün dünya ermənilərin bu vəhşiliyini görməlidir və cinayətkarlar öz cəzasını almalıdırlar”.
Aynurə Pənahqızı Demokrat.az


