Bakının Nərimanov rayonunda 1993-cü il təvəllüdlü Mehralı şəxsi münasibətlər zəminində tanışı Şakirə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il mayın 270də baş verib. Mehralı avtotəmir sexində tanışı Şakirin ona yemək gətirməməsini cuzi bəhanə edib, mübahisə zamanı onu döyüb.
İstintaq orqanı tərəfindən Mehralının barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mehralı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nərimanov rayonunun ərazisində yerləşən avtomobil sexində fəhlə işləyir: “İşlədiyim müddət ərzində çox vaxt iş yerimə yaxın yerdə yerləşən “Lalə” kafesində yemək yeyirdim. Həmin kafedə ofisiant işləyən Şakir ilə münasibətim normal olub. Mayın 27-də, saat 19 radələrində işdə olarkən “Lalə” kafesinə getdim, özümə yemək üçün “ət çığırtması” sifariş verdim. Lakin, kafenin administratoru Şahlar adlı şəxs bildirdi ki, sexə getsin, yeməyi özü iş yerinə göndərəcək. Mən də ona etiraz etmədim, sexə getdim. Həmin gün saat 19.30-da kafedə işləyən Şakir işlədiyim avtotəmir sexinə gəldi. Dedi ki, müdir sənə yemək vermir. Bundan əsəbləşərək söyüşlər söydüm. Sonra isə Şakirin sinə nahiyəsindən, yəni əynində olan köynəkdən tutdum və onu hər iki əlim ilə kənara itələdim. Sexdən getməsini tələb etdim. Lakin, Şakir sexdən getmədi. Buna daha da əsəbləşidim. Hər iki əlim ilə onun köynəyinin sinə nahiyəsindən tutdum və bir dəfə baş zərbəsi ilə onun sifətindən vurdum. Sonra bir dəfə də yumruqla onun sifət nahiyəsindən zərbə endirdim”.
Təqsirləndirilən şəxs deyib ki, sonradan ona Şakirin barəsində polisə müraciət etdiyi məlum olub.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Şakirin sözlərinə görə, “Lalə” kafesində ofisiant işləyir: “Mehralını işlədiyim müddətdə tanımışam. Mehralı işlədiyi kafeyə gəlib nahar edib. Onunla münasibətim normal olub. Mayın 27-də, saat 19.00-da işlədiyim kafedə olarkən mehralı ora gəldi, müdiriyyətə yemək sifariş verdi, sonra getdi. Mehralı getdikdən son kafeni idarə edən Şahlar adlı şəxs onun borclu olduğunu və bu səbəbdən ona yemək verə bilməyəcəyini bildirdi. Həmçinin, Şahlar dedi ki, Mehralının işlədiyi avtotəmir sexinə gedib, ona bu barədə məlumat verim. Mən də Şahlara etiraz etmədim. Mehralının işlədiyi avtotəmir sexinə getdim. Sexə daxil olaraq Şahların dediklərini, yəni onun kafeyə borcunun olduğundan yemək verə bilməyəcəklərini və borcunu ödəməsini bildirdim. Həmin vaxt Mehralı əsəbləşdi, mənə yaxınlaşaraq söyüş söydü. Sonra bir dəfə baş nahiyəsi ilə sifət nahiyəmdən, həmçinin bir dəfə yumruqla da burnumdan zərbə endirdi”. Zərərçəkmiş deyib ki, bunun nəticəsində yerə yıxılıb və burnundan qan gəlib: “Bundan sonra sexdən çıxdım və hadisə barədə polisə məlumat verdim”.
Zərərçəkmiş ifadəsinin sonunda göstərib ki, təqsirləndirilən şəxslə barışıb, ona dəymiş ziyan ödənilib. Bu səbəbdən Mehralıya qaşı şikayəti olmadığını söyləyib.
Bu cinayət işinə Nərimanov rayon Məhkəməsində baxılıb.
Mehralı 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Təqsirləndirilən şəxsin üzərinə gün ərzində saat 23.00-dan 06.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.
Fariz Məlikli Demokrat.az


