Gündəm

“Ramiz Mehdiyev nə qədər evlər yıxıb, nə qədər qapıları bağlayıb” — Sabiq deputatdan AĞIR SÖZLƏR

“Ramiz Mehdiyev nə qədər evlər yıxıb, nə qədər qapıları bağlayıb” — Sabiq deputatdan AĞIR SÖZLƏR

“Əlbəttə ki, Ramiz Mehdiyevin istefası gecikmiş bir istefa idi”.

Bunu Demokrat.az-a açıqlamasında keçmiş deputat Eldar Sabiroğlu deyib. O qeyd edib ki, Ramiz Mehdiyev Azərbaycan dövlətçiliyi və hakimiyyətin özü üçün indiyədək heç bir yetərli iş görməyib:

“Bu adam özünü akademik kimi aparırdı, halbuki, soruşsan bir dənə elmi kadr yetişdirməyib. Bir dənə elmlər namizədi, elmlər doktoru yetişdirməyib. Halbuki, bu, akademikin birbaşa elmi vəzifə borcudur”.

E.Sabiroğlu qeyd edib ki, onun ölkəmizdə bu cür xoşagəlməz hadisəyə imza atması da yolverilməz idi: “Ümumiyyətlə, onun haqqında qəti tədbir görülməlidir. Nə qədər evlər yıxıb, nə qədər qapıları bağlayıb. Bunların hamısı ondan soruşulmalıdır. Yoxsa, istefa verdi, getdi, orada oturdu. Olmaz belə şey! Parlament seçkilərini özü keçirdi, amma indi deyir ki, Azərbaycanda demokratik prinsiplər pozulur, saxta parlament keçirilir. Sonra da keçirilən saxta parlament nəticəsində bu deputatlar gedib, indi Milli Məclisdə oturub. Deyir ki, indi onlar mənim üzərimə qalxıblar. Belə şeyləri ondan soruşmaq gərək ki, axı sən keçiribsən bunu. İndi həmin adamın çıxışlarını “Azad Avropa”, “Amerikanın səsi”, “Azadlıq” radiosu, “BBC” bəh-bəhlə təqdim edirlər”.

Sabiq deputat güman edir ki, həbslər olacaq: “Çünki onun xeyli kadrları var ki, özü vəzifəyə qoydurub və indi qalırlar. Bu adamlar heç şübhəsiz ki, dövlətə və dövlət başçısına sədaqətlə xidmət etməyəcəklər. Onlar haqqında tədbir görülməlidir. Mənə elə gəlir ki, bu, dövlətin işidir və dövlət də bu barədə də düşünəcək”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az