Gündəm

Politoloq: “Rusiya tək NATO-nun qarşısında tab gətirə bilməz”

Politoloq: “Rusiya tək NATO-nun qarşısında tab gətirə bilməz”

“Rusiya-Ukrayna arasında vəziyyət olduqca mürəkkəb və gərgindir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Politoloq hər iki ölkənin hələ kritik nöqtəyə gəlib çatmadığını bildirib: “Çünki, vaxtaşırı müxtəlif meydançalarda danışıqlar baş verir. Düzdür, sərt ifadələr səsləndirilir, amma ortaq məxrəc məsələsi görünür gündəmdədir, yəni axtarış gedir. Təbii ki, burada söhbət iki aparıcı qüvvələrdən - ABŞ və Rusiyadan gedir. Amma, digər reallıq odur ki, NATO 30 dövlətdən ibarət hərbi-siyasi blokdur. Düşünmürəm ki, Rusiya tək bunların qarşısında tab gətirə bilər. Düzdür, Rusiya nüvə silahına malik dövlətdir. Amma, 30 dövlət və başda ABŞ olmaqla, bu böyük qüvvənin qarşısında əlbəttə ki, Rusiya müəyyən güzəştlərə getməlidir. Hər bir tərəfin tələbləri var və tələbləri müəyyən faktlara əsaslanır. Digər həqiqət isə odur ki, artıq Türkiyə dövlət başçısı bunu nəzərə alaraq, Rusiya və Ukrayna arasında danışıqların və vasitəçiliyin həyata keçirilməsini öz üzərinə götürməyə hazır olduğunu bildirib və hər iki dövlət başçılarını Ankaraya dəvət edib. Düşünürəm ki, gərginliyin aradan götürülməsi istiqamətində müəyyən şans yaranıb. Çünki əgər müəyyən bir güzəştlər olmasa, iki tərəfdən kompromistlər əldə olunmasa, əlbəttə ki, bu vəziyyəti daha da gərginləşdirə bilər”.

Müsahibimiz qeyd edib ki, hazırki durumun müəyyən qədər Karib böhranı ilə oxşarlıqları var: “Amma hər bir böhranın öz xüsusiyyətləri var. Misal üçün, o vaxt ABŞ hesab edirdi ki, Rusiya raketlərin yerləşdirilməsi ilə bağlı ona təhlükə yaradır, indi isə Rusiya buna oxşar bir bəyanatla çıxış etdi ki, NATO-nun genişlənməsi bizim üçün bir təhlükədir. Əlbəttə ki, tarix təkrar olunur və bu tarixi hadisələri, aspektləri hər iki tərəf nəzərə almalıdır”.

İki güc arasında açıq şəkildə toqquşmanın olacağına inanmadığını bildirən politoq əlavə edib ki, çünki bu hər bir dövlət üçün böyük təhlükə yara bilər: “Hər halda dövlətlərin başında dayanan siyasətçilər kifayət qədər sağlam düşüncəli siyasətçilərdir, xadimlərdir. Onlar başa düşür ki, bunun acı nəticələri hər bir dövlət və onun ətrafında olan ölkələr üçün böyük bir təhlükə yaradır. Ona görə də, hesab edirəm ki, bu gərginlik hələ davam edəcək, ancaq hansısa bir nöqtədə müəyyən mülayimlik müşahidə olunacaq. Çünki, artıq Türkiyə prezidenti də bura qoşulur və vasitəçilik etmək istəyirlər. Görünən odur ki, danışıqlar hələ qırılmayıb, gedir. Bildiyimə görə, Minsk formatı çərçivəsində ekspertlər və müşavirlər də artıq danışıqlar aparır və yaxn günlərdə öz təkliflərini verəcəklər”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az