Gündəm

Deputat: “Azərbaycan ərazisi bu cinayətkarlardan, terrorçulardan, separatçılardan təmizlənməlidir”

Deputat: “Azərbaycan ərazisi bu cinayətkarlardan, terrorçulardan, separatçılardan təmizlənməlidir”

"Ermənistan Azərbaycanla dövlət sərhədinin demarkasiyası işlərinə şərt irəli sürmədən başlamağa hazırdır". Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan bildirib.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov Demokrat.az-a açıqlamasında Ermənistanın bir ildən çoxdur ki, bu sözü dediyini diqqətə çatdırıb. Deputat vurğulayıb ki, üçtərəfli görüşlərdə üç dövlətin baş nazirlərinin müavinləri səviyyəsində bir neçə komissiyalar yaradılıb və onlara tapşırıq verilib ki, bunlar fəaliyyətə başlasınlar:

“Soçi görüşündə Putin bildirdi ki, bir həftə ərzində bunlar fəaliyyətə başlasınlar və məlumat versinlər. Ancaq başlanılıbmı? Yəni, Ermənistan deyir. Çünki Ermənistan beynəlxalq aləmdə, beynəlxalq təşkilatlar qarşısında bu ifadələri, bəyanatları verməklə, sanki özünü əməkdaşlığa hazır, sülh sazişinin bağlanmasına hazır, sülhsevər bir dövlət kimi qələmə verir. Ancaq əməldə necədir? Əməldə Ermənistan bunun tam əksini edir. Sərhədlərin dəqiqləşməsinə başlamazdan öncə, hələ Ermənistan zəhmət çəksin, Azərbaycan ərazilərində bir ildən çoxdur ki, qalan və sayı minlərlə olan hərbi birləşmələrini çıxartsın. Artıq Azərbaycan ərazisində olan cinayətkar, separatçı qurumun fəaliyyətinə, qanunsuz silahlı birləşmələrin mövcudluğuna son qoyulmalıdır. Çünki sərhədlər dəqiqləşəcək və sərhədlər bağlanandan sonra artıq onlar Azərbaycan ərazisində əcnəbi və xarici dövlətin vətəndaşları kimi mövcud olacaqlar. Bunun qarşısını almaq üçün ilk növbədə Azərbaycan ərazisi bu cinayətkarlardan, terrorçulardan, separatçılardan təmizlənməlidir”.

Deputat əlavə edib ki, Ermənistan bütün dünyanın gözü qarşısında sərhədlərdə təxribatlar törədir:

“Bilirsiniz ki, tez-tez silahlı toqquşmalar baş verir, bunun hamısının səbəbkarı Ermənistandır. Azərbaycan ərazilərinə qeyri-qanuni səfərlər təşkil edilir və s. Bunların hamısının qarşısı alınmalıdır ki, sərhədlərin dəqiqləşməsi prosesinə başlanılsın, sülh sazişi hazırlansın və imzalansın. Burada Zəngəzur dəhlizini də nəzərdən qaçırtmaq lazım deyil. Zəngəzur dəhlizinin açılmasına Ermənistan deyir ki, biz hazırıq, amma bütün hərəkətləri bunun əksinə yönəlib, ləngitmək xarakterli gündə ağıla gəlməyəcək dərəcədə bir bəyanat verməklə, bu olmayacaq, bu olacaq, yəni Ermənistan tarix boyu belə olub. Söz də bir şey deyiblər, əməl də başqa şey görmüşük”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az