Deputat: “Azərbaycan dünyada güclü iqtisadiyyata, orduya malik bir dövlətə çevrilib”

GÜNDƏM 08 yan 2022, 14:47
«Yürüdülən məqsədyönlü, qətiyyətli siyasət nəticəsində ölkəmiz bütün istiqamətlərdə sürətlə inkişaf edərək qısa zaman kəsiyində dünyaya öz inkişaf modelini təqdim etməklə beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutdu.  Azərbaycan dünyada güclü iqtisadiyyata, orduya malik bir dövlətə çevrilib. Ölkəmizin yürüdüyü uğurlu xarici siyasət nəticəsində  Azərbaycan dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının rəhbərliyində təmsil olundu.»

Demokrat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Aydın Hüseynov qeyd edib ki,  Prezident İlham Əliyevin müdrik iqtisadi siyasəti sayəsində Azərbaycan 2020-ci ildə üzləşdiyi ağır pandemiyanın mənfi təsirlərini artıq arxada qoymaqdadır: «Vətən müharibəsində qazanılmış parlaq Zəfərdən sonra yaranmış yeni reallıqlara və iqtisadi çağırışlara uyğun olaraq ölkəmizdə bütün sahələrdə uğurlu addımlar nəzərə çarpmaqdadır. Xüsusilə də ölkəmizin dayanıqlı maliyyə-iqtisadi gücü siyasi, iqtisadi, sosial sabitliyin möhkəmlənməsini təmin etməklə bərabər, yeni inkişaf drayverlərini hərəkətə gətirməkdədir. 2020-ci ildə pandemiya bütün ölkələrdə iqtisadi artımı azaltmışdı və Azərbaycanda da ÜDM-in azalması baş vermiş, milli məhsul azalaraq 81 milyard manatdan 72,4 milyard manata düşmüşdü. Ancaq Azərbaycan hökuməti qısa bir zamanda, cəmi 1 il ərzində iqtisadi artımı əvvəlki tempə çatdırmağı bacardı və hətta 2021-ci maliyyə ilinin yekununda ÜDM-in artımının 2019-cu ildəki 81,6 milyard manatlıq dəyəri ötəcəyi gözlənilir. Belə ki, 2021-ci ilin yanvar-noyabr aylarında ölkəmizdə 80 milyard 688,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz çox ümumi daxili məhsul istehsal olunub. Dekabr ayındakı gözlənilən artımı da nəzərə alsaq cari ildə ÜDM istehsalı 87 milyard manatı ötmüş olacaqdır. Bu isə o deməkdir ki, Azərbaycan postpandemiya dövründə ən yaxşı və yüksək artım əldə edən dövlətlərdən biridir. Onu da xatırladım ki, hazırda iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz, qeyri neft-qaz sektorunda isə 6,4 faiz artıb. Yəni, inkişafın əsas sütunu neft yox, qeyri-neft sektorudur. Qeyri-neft sahələrində artım dinamikası 3 dəfə böyükdür.»

A.Hüseynov diqqətə çatdırıb ki, ərazilərimizin işğaldan azad olunmasından dərhal sonra genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb: «Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. 30 ilə yaxın dövrdə ermənilər bu ərazilərdə bütün evləri, infrastrukturu, mədəni və dini abidələrimizi dağıdıblar. Onların bərpası, yaxud yenidən qurulması zaman tələb edir. Eyni zamanda, bu ərazilərdə bərpa və quruculuq işlərinin sürəti minaların təmizlənməsindən asılıdır. Hansı ərazilər ki, minalardan təmizlənib orada bərpa və quruculuq işləri sürətlə aparılır. Zəfər yolu kimi dəyərləndirilən Füzuli-Şuşa yolu istifadəyə verildi. Qarabağın dünyaya açılan hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Üç hava limanının inşası, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirəcək. Minlərlə kilometr avtomobil yolu çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr qısa müddət ərzində icra ediləcək. İçməli su və bununla bağlı görülən işlər, kənd təsərrüfatı işləri, bir milyon insanın doğma məkanlarına qaytarılması, yüzlərlə məktəb, xəstəxana, idman komplekslərinin, mədəniyyət ocaqlarının inşası, habelə digər irihəcmli işlər Böyük Qayıdış çərçivəsində reallaşdırılacaq. Dövlət başçısı İlham Əliyevin Fərmanı əsasında iqtisadi rayonların yeni bölgüsü həyata keçirilib.

Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında yaranmış bir sıra yeni reallıqlarla bərabər, büdcə siyasətinə də yeni baxış formalaşmış, dövlət büdcəsi postmüharibə dövrünün çağırışlarına uyğunlaşdırılmışdır. Ölkə başçımız tərəfindən əsası qoyulmuş müasir rəqəmsallaşmanın ən yaxşı nümunələrindən biri olan Zəngilanın Ağalı kəndində inşa edilən «ağıllı kənd»in yaxın vaxtlarda istifadəyə verilməsi bu bölgəyə tarixi qayıdışın bərpasına və həmin ərazilərin zəngin iqtisadi potensialının iqtisadiyyatımıza qoşulmasına başlamağa imkan verəcəkdir. Azərbaycanda yüksək iqtisadi artım və güclü maliyyə ehtiyatları formalaşqmaqdadır. Qeyri-neft sektorundakı inkişaf meyilləri həm də ölkəmizin maliyyə-büdcə-vergi sektorlarında artımların təminatınçına çevrilib. 2022-ci ildə, eyni zamanda, ilk dəfə sosial xərclərin ümumi büdcə xərclərindəki payı 46 faizdən çox olacaq. Büdcə xərclərinin 46.4 faizinin sosial istiqamətə yönəldilməsi bir daha sosial təminat məsələlərinin prioritet olacağından xəbər verir. Ölkəmiz cənab Prezidentin rəhbərliyi ilə tərəqqi yolunda qətiyyətlə addımlamaqda davam edir, qazanacağımız yeni tarixi qələbələr hələ qabaqdadır.»

Millət vəkili əlavə edib ki, dövlət başçısının verdiyi çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu:  «Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası» qəbul olunub.  Ölkəmizdə 2021-ci ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına start verilib. Azərbaycan, həmçinin qlobal səviyyədə «peyvənd millətçiliyi» və vaksinlərin ədalətsiz bölgüsü ilə bağlı öz etirazını bildirən ölkədir. Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım edib.  Eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi verib. Bütün bu addımlar ölkəmizin humanizm prinsiplərinə, ədalətə verdiyi önəmin təqdimatıdır. Azərbaycanın  ədalətin bərpası istiqamətində göstərdiyi səylər Qoşulmama Hərəkatına üzv dövlətlərin ölkəmizin quruma sədrlik dövrünün daha bir il uzadılması barədə qərarında da əhəmiyyətli rol oynadı.»(ikisahil.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top