Elton Məmmədov Ramiz Mehdiyevlə məhkəmə çəkişməsindən danışdı: "İmkan verməzdim ki, məni çirkin işlərə təhrik etsinlər..." — MÜSAHİBƏ

MÜSAHİBƏ 22 dek 2021, 10:46
Elton Məmmədov: "İşdən gedəndən sonra Ramiz Mehdiyevlə görüşməmişəm"

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovun Demokrat.az-a müsahibəsi:


— Elton müəllim, ilk olaraq elmi fəaliyyətinizlə bağlı danışardınız. Hazırda hansı yeniliklər var və nələr gözlənilir?

— Hazırda elmi fəaliyyətimi davam etdirirəm. Təhsil, tədrislə məşğulam, həmçinin kafedrada dərs deyirəm. Yəni, Azərbaycan ziyalısı kimi işlərimlə məşğulam. 

— Siz daha çox dövlət sahəsində çalışmısınız. Bəs, övladlarınız necə? 

— Düzü, uşaqlarımın hər biri özəl sektorda çalışır. Kiçik oğlum Milli Məclisdə 9 il işlədikdən sonra özəl sektorda çalışmağa başladı. Yəni, övladlarım dövlət sektorunda işləmirlər. Yəqin ki, özlərini orada görürlər və ölkə daxilində də öz şəxsi biznesləri var.

— Vəzifədə olmuş bir çox məmurlarımızın övladları xaricə üz tuturlar. Bəs, siz övladlarınızın xaricdə olmasına və orada fəaliyyət göstərmələrinə necə baxırsınız?

— Mənim uşaqlarımın heç vaxt xaricdə biznesi olmayıb və xaricdə olmağına da pis baxmıram. Yəni, kim harada özünü məqbul hesab edirsə, orada yaşasın. Təbii ki, vətəndaşlarımızın da xaricə getməsi pis məsələ deyil. Gedirlər, orada inkişaf edirlər və dövlətimizin, xalqımızın adını ucaldırlar. Orada yaxşı-yaxşı işlərlə məşğul olurlar. Bunlar dövlətimiz üçün çox müsbət addımlardır. Yəni, fərqi yoxdur, özəl sektorda, yaxud da ki, dövlət sektorunda fəaliyyət göstərirlər. Bütün hallarda fəaliyyətləri dövlətçiliklə bağlıdırsa, dövlətdə olan ictimai-siyasi həyatla bağlıdırsa və onlara xidmət edirlərsə, bunları müsbət dəyərləndirirəm. Çünki özəl sektorda da, dövlət də öz töhfələrini  dövlətimizə, dövlətin iqtisadiyyatına verirlər.

— Elton müəllim, vaxtilə sizin AMEA-dan işdən çıxarılmağınızla bağlı bir sıra iddialar səsləndirilirdi. İddialardan biri akademik Ramiz Mehdiyevin sizin maliyyəniz hesabına akademiyanı təmir etdirməsi ilə bağlı idi. Hətta, sizi aldatmasıyla bağlı da fikirlər gəzir. Bu məsələ barədə sizin fikirləriniz maraqlıdır. Bu iddialar nə dərəcədə doğrudur?

— Xeyir, belə hallar yaşanmayıb. Məni heç kim aldatmayıb, alda da bilməz. Yəni, elə şey yoxdur və hər şey normaldır. 

— Bəs vəzifədən çıxmağınızla bağlı Ramiz Mehdiyevlə aranızda böyük problemlərin yaşandığı deyilir…

— Mənim onunla aramda heç bir problem olmayıb. Olanlar da, hamısı ictimailəşib və həmin məsələlərə də aidiyyatı üzrə Səbail Rayon Məhkəməsində baxılıb. Təbii ki, məhkəmə də ədalətli qərar çıxardı və iş yerimə bərpa edildim. Yəni, işə bərpa və əmək münasibətləri üzrə iddialarım təmin edilib.

— Bu gün Ramiz Mehdiyevlə münasibətləriniz necədir?

— AMEA-dan gedəndən sonra onunla münasibətim olmayıb. Düşünürəm ki, işim məhkəmənin prosessual, konstitision müddətə uyğun bərpa ediləndən sonra, yəqin ki, iş prosesində münasibətim olacaq. İşdən gedəndən sonra isə Ramiz Mehdiyevlə görüşməmişəm. Təzəlikcə, məhkəmə qətnaməsi ilə iş yerimə bərpa olunmuşam. İndi konstitision müddəti gözləyirəm, ondan sonra fəaliyyətimə Azərbaycan Milli Elmlər Akademiyasında həminki vəzifəmdə çalışmağa başlayacağam. 

— Necə düşünürsünüz, nə səbəbə görə, sizi işinizdən uzaqlaşdırmağa çalışırdılar? Bunu sizə qarşı bir haqsızlıq kimi dəyərləndirmək olarmı?
 
— Bəli, haqsızlıqdır və bəzi adamların öz çirkin niyyətlərini həyata keçirməkdir. Təbii ki, çalışdığım müddətdə dövlətçilikdə heç bir saxtakarlığa yol verməmişəm, ölkə rəhbərliyinin siyasətinə uyğun çalışdığımız sahədə dövlətin siyasətinə dəstək vermişəm. Bu gün də, o niyyətdəyəm.

— Sizə qarşı haqsızlığa yol verilən zaman AMEA-nın rəhbəri Ramiz Mehdiyev olub. Sirr deyil ki, onun icazəsi olmadan kimsə bu addımı ata bilməzdi. Bəs, siz necə düşünürsünüz?

— Bir adamın istəyi hələ ümumi ictimai rəy demək deyil. Əgər müəssisədə çalışan insan vicdanla öz vəzifə səlahiyyətlərini icra edirsə və digər yanaşmada rəhbərin çirkin niyyətini həyata keçirmirsə, o, demək deyil ki, o, vəzifə səlahiyyətlərini icra etmir. Mən vəzifə səlahiyyətimi üzərimə düşən əsasnaməyə uyğun həmişə harada işlədiyimdən asılı olmayaraq, həyata keçirmişəm. Hər zaman da dövlətçilik prinsipini öndə tutmuşam.

— AMEA-da işlədiyiniz müddətdə sizi çirkin işlər görməyə təhrik edənlər olubmu?

— Cəhdlər olub, amma imkan verməzdim ki, məni çirkin işlərə təhrik etsinlər. Bu, mümkünsüz bir şeydir. 

— AMEA-nın prezidenti olmaq istərdinizmi?

— Harada məsləhət olunacaqsa, orada dövlətə xidmət edəcəm. İstər elm, istər təhsil, istərsə də təsərrüfat sahəsində, yəni harada istəyirlərsə. Bütövlükdə ölkə rəhbərinin əsgəriyik.


Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top