Azərbaycan ekoloji təhlükələrdən necə çıxa bilər?

SOSİAL 12 dek 2021, 19:42
XXI əsrin ən böyük problemlərindən biri  ekoloji problemdir. Beynəlxalq ekoloji problemlər əsasən ikitərəfli, çoxtərəfli sazişlər və konvensiyalar əsasında tənzimlənir. Dünyanın aparıcı dövlətləri və dövlət başçıları son illərdə ekoloji problemlərin həlli istiqamətində bir sıra qərarlar qəbul ediblər. Lakin ekoloji böhranın qlobal xarakter almasının səbəbi dünyanın bütün ölkələrində yaşayan əhalini əhatə etməsi və onun hazırkı böhranlı vəziyyəti cəmiyyətin gələcəyinə ciddi təhlükə yaradıb. Artıq əksər dövlətlər bu nəticələrin aradan qaldırılması üçün böyük qüvvə sərf etməyə məcbur qalırlar. Azərbaycan hökuməti də uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlərin həll edilməsi üçün müxtəlif tədbirlər həyata keçirir. Buna baxmayaraq, respublikada ekoloji problemlər öz aktuallığını itirmir. Bəs, ölkəmizdə ekoloji problemlərin əsas mənbəyi nədir? Azərbaycan hansı ekoloji təhlükələrlə üz-üzədir? Bu təhlükələrdən çıxış yolları nədən ibarətdir?"

Suallarımızı cavablandıran sosioloq Elçin Bayramlı "Demokrat.az"a açıqlamasında bildirib ki, Azərbaycanda əsas ekoloji problemlərdən biri yaşıllıq və meşə sahələrinin azalmasıdır. Ekspert qeyd edib ki, son dövrlərdə meşə və yaşıllıq fonduna təzyiq dəfələrlə artıb: “Bölgələrdə yaşıllıqlar, meşələr məhv olur. Meşələrdə heyvanların otarılması zamanı təbiətə ciddi zərər dəyir. Heyvanlar yerdən qalxan kiçik pöhrələri yeyirlər, nəticədə meşələrin yenilənməsi baş vermir, müəyyən müddətdən sonra yaşlı ağaclar quruyur, yeniləri isə yoxdur, nəticədə meşələr seyrəlir, çılpaqlaşır və tədricən sıradan çıxır. Bundan əlavə, meşələrdə, yaşıllıq sahələrində işləyən kommersiya obyektləri də yaşıllığa ciddi zərər vururlar. Azərbaycan onsuz da ərazisinə görə meşə sahəsinin ən az (red. 10 faiz) olduğu ölkələrdəndir. Bunun qarşısı alınmasa tezliklə olan-qalan meşələrdə yoxa çıxacaq. Respublikanın mərkəzində sipər rolunu oynayan Kürqırağı tuqay meşələrinin 75-80 faizi məhv olub. Dağ və dağətəyi meşələr sistemsiz qırılıb sıradan çıxır. Təbii bərpa edilmə imkanları ciddi surətdə məhdudlaşır və nəticədə Azərbaycanın əvəzedilməz yaşıl örtüyünün gələcəyi itirilmə təhlükəsi qarşısında qalır. Ölkəmizin atmosfer havasının vəziyyətinə gəldikdə, onu qeyd etmək lazımdır ki, təxmini hesablamalara görə, hər il sənaye müəssisələri və avtomobil nəqliyyatları tərəfindən atmosfer havasına 1 milyon tondan artıq zərərli maddələr atılır. Bunun yarısı sənaye müəssisələrinin, digər yarısı isə avtonəqliyyat vasitələrinin payına düşür. Qeyd etmək lazımdır ki, atmosfer havasını çirkləndirən əsas mənbələr neftçıxarma, neft emalı, neft-kimya və energetika müəssisələri və avtonəqliyyatdır. Stasionar və səyyar mənbələrdən atmosferə əsasən bərk toz hissəcikləri, karbon oksidləri, azot oksidləri, kükürd oksidi, karbohidrogenlər və digər uçucu kimyəvi maddələr atılır”.

Ekspert qeyd edib ki, ən dəhşətli problemlərdən biri də tullantılarla bağlıdır: “Sənaye tullantılarının utilizasiya edilməməsi və təbiətə atılması ekoloji vəziyyəti ağırlaşdırır. Torpaqda 5-6 əsr çürüməyən, yandırıldıqda isə havanı ağr dərəcə çirkləndirən plastik və polietilen paketlərin istifadəsinə məhdudiyyətlər qoyulması baş tutmadı. Bir müddət əvvəl xarici mətbuatda əvvəl belə bir xəbər oxudum- Hindistanda bir imkanlı şəxs plastik qabları və poietilen paketləri yığıb gətirən uşaqlara kitab, dəftər və s məktəb ləvazimatları hədiyyə edir. Ona dəstək olaraq ölkənin başqa yerlərində də bu işə dəstək olanlar çoxalıb və proses vüsət alıb. Nəticədə ölkədə ekoloji təmizlik yaranıb, həm də imkansız ailələrin uşaqları təhsilləri üçün lazimi vəsaitləri pulsuz əldə ediblər. Bax bizdə bu tip təşəbbüslər çatışmır. Yalnız İDEA buna oxşar layihələrlə çıxış edir. Bakıda Məişət Tullantılarının Emalı Zavodu paytaxtda bu problemi əhəmiyyətli dərəcədə azaldıb, lakin təəssüf ki digər şəhərlərdə belə zavodlar tikilmədiyindən ölkə üzrə bu problem hələ də kəskin olaraq qalır. Qeyd edim ki, ən önəmli faktorlardan biri də torpaq fondunun sıradan çıxmasıyla bağlıdır. Azərbaycanın  8,6 milyon hektar ümumi torpaq fondunun yalnız 50 faizi  kənd təsərrüfatına yararlıdır. Yararsız torpaqlarda eroziya, şoranlaşma, bataqlıqlaşma, kimyəvi çirklənmə və s. proseslərin təsiri nəticəsində deqradasiya gedib.Torpaqların bu faktorun təsirinə məruz qalmasının əsas səbəbləri respublikanın təbii iqlim şəraiti ilə yanaşı uzun müddət davam edən təsərrüfatsızlıq, əkinçilik mədəniyyətinin aşağı səviyyədə olması, sistemsiz olaraq mal-qaranın otarılması, meşə və yaşıllıqların məhv edilməsi və s. kimi antropogen amillərdir”.

E.Bayramlı qeyd edib ki, Azərbaycanda əhalinin içməli suya olan tələbatını ödəmək üçün potensial baxımdan kifayət qədər yeraltı su ehtiyatı yoxdu: “Su ehtiyatlarının 70 faizi ölkə sərhədlərindən kənarda formalaşır ki, bu da gözlənilən qlobal quraqlıq fonunda strateji təhlükədir. Respublikanın yerüstü su hövzələrinin çirklənmə dərəcəsi son dərəcə yüksəkdir.  Əsas təbii su hövzəsi olan Xəzər dənizinə bütün mənbələrdən ildə təxminən 12 mlrd. kub.m çirklənmiş sular axıdılır ki. Azərbaycan ərazisindən isə, dənizə hər il 250 mln kub.m-dən artıq çirkli su axıdılır. Nəticədə Bakı buxtasında 60 mln. kub.m-dən çox çirkləndirici maddələr toplanıb.

Qeyd edim ki, bir sıra dağ zonalarında bulaqların quruması müşahidə edilir. Nəticədə həmin dağlarla meşə örtüyü də seyrəlir. Bakıda əsas ekoloji böhran yaşıllıqların və ağacların məhv olması ilə bağlıdır. Sovet dövründə Bakıda yaşıllığın ümumi həcmi 15 min hektar təşkil edib, hazırda isə təxmini hesablamara görə bu rəqəm 7-8 min hektar təşkil edir. Bu müddətdə paytaxtda əhalinin sayı 2 dəfə azalıb, yaşıllıq sahəsi 2 dəfə azalıb, demək problem 4 dəfə kəskinləşib. Yaxın 1-2 ildə paytaxtımızın ağacsız səhra şəhərinə çevriləcəyinə şübhə yoxdur. Buna görə də, paytaxtda və ətrafında böyük yaşıllıq kampaniyaları keçirilməlidir, bütün mümkün yerlərdə ağaclar əkilməlidir. Nazirlik və Heydər Əliyev Fondu mütamadi olaraq ağacəkmə kampaniyaları təşkil edir, lakin bunlar kifayət etmir. Ekoloji qeyri-hökumət təşkilatları fondlardan aldıqları qrantların müqabilində faydasız tədbirlər keçirməkdənsə, praktiki faydalı işlə məşğul olmalı, ağacəkmə kampaniyaları keçirməlidir. Paytaxtımızda yaşıllıq salınması üçün boş yerlər kifayət qədərdir. Bundan başqa, paytaxtda harda gəldi aparılan tikintilər zamanı ağaclar kəsilir. Kəsmək mümkün olmadıqda isə, dibinə kislota və ya digər kimyəvi maddələr tökərək qurudurlar. Bunun qarşısının alınması üçün çox ciddi cərimələr və adekvat cəzalar tətbiq olunmalıdır”. 

Məsələ ilə bağlı fikirlərini bölüşən iqtisadçı-ekspert Rauf Qarayev isə "Demokrat.az"a açıqlamasında Azərbaycanda şəhərlərin ekoloji durumunda gərginlik olduğunu xüsusi vurğulayıb: “Bu gün Azərbaycanda əsas ekoloji problemlərdən biri su problemidir. Qeyd edim ki, işğaldan azad olunan zonalarımız şirin su mənbəyidir. Təbii ki, bu problemləri aradan qaldırmaq baxımından mühüm əhəmiyyətə malikdir. Bu baxımdan hesab edirəm ki, hazırki vəziyyətdə Azərbaycanda su çatışmazlığı aradan qaldırıla bilər. Düzdür, bununla bağlı işlər gedir, amma zənnimcə, bu, kifayət deyil. 

Hesab edirəm ki, bu istiqamətdə işlər sürətləndirilməlidir. Azərbaycanda ekoloji problemlərdən biri də yaşıllıqların sıradan çıxmasıdır. Vaxt var idi tək paytaxtdakı mikrorayonları Bakının ağciyəri adlanırdı, amma çox təəssüf ki, indi bundan əsər-əlamət qalmayıb. Rayonlarda da vəziyyət heç ürəkaçan deyil. Baxmayaraq ki, yol kənarlarına yaşıllıqlar salınır, amma bu yalnız yol kənarına aid olmamalıdır, daxildə də yaşıl zonaları çox olmalıdır. Digər önəmli problemlərdən biri isə zibil tullantıları ilə bağlıdır. İlk növbədə poliqonların yaradılmalıdır, həmçinin rayonlarda kiçik həcmli zibil tullantılarının emalı zavodları açılmalıdır. Qeyd edim ki, sənaye və məişət tullantılarından qalıqlar kimyəvi elementlərdən ibarətdir. Bu cür maddələr ekosistemə mənfi təsirləri var. Hesab edirəm ki, bu kimi problemlərin qarşısı tezliklə alınmalıdır”.

Aynurə Pənahqızı

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top