“Azərbaycanla heç kim hədə-qorxu ilə danışa bilməz”

GÜNDƏM 30 noy 2021, 21:41
Azərbaycan daim tarixin müxtəlif zamanlarında İrana görə fədakarlıqlar edib, dünyanın super güclərinə dirəniş göstərib, sonunun nə olacağını düşünmədən sanksiyalarla blokadaya alınan Tehrana dəstəyini ifadə edib. Bunun qarşılığında isə Azərbaycan "mükafat" olaraq bir neçə dəfə İranın xəyanəti ilə üzləşib. İran Azərbaycanın suveren hüquqlarını pozaraq, ərazilərimizdə qanunsuz işlərlə məşğul olurdu. Ona görə də, İranın bu istiqamətdə atdığı addımların yanlışlığı diqqətə çatdırıldı. Azərbaycan ikitərəfli əməkdaşlıqda maraqlı olduğunu sübut etməyə çalışdı və bunu bacardı. Son günlər Azərbaycanla İran arasında münasibətlər normallaşmaq üzrədir. İki ölkə arasında münasibətlərin normallaşmasında İran nə dərəcədə səmimidir?

Sualımıza aydınlıq gətirən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Demokrat.az-a açıqlamasında bildirib ki, İran-Azərbaycan münasibətlərində əsas pozuculuğu Ermənistan tərəfi edib:

“Düzdür, bir sıra hallarda onların belə fəaliyyəti üçün İran tərəfdən də dəstək verən şəxslər tapılıb. Rəsmi İrəvan və Ermənistandakı siyasi qüvvələr Azərbaycanla İranın yaxınlaşmasını əngəlləməyə çalışıblar. Məsələn, Ermənistanın Baş naziri Nikol Paşinyanın Tehranda ermənilərin “Ararat” idman salonunda “Qarabağ Ermənistandır!” şüarı yazılmış plakatının qaldırılması kimi hadisələri yada salmaq xoş olmasa da, unudulmayıb. Yaxud İran sürücülərinin Qafan-Gorus avtomobil yolundan qanunsuz olaraq istifadə etməsinin əsl suçlusu da Ermənistandır. Çünki həmin sürücülərin ölkəyə daxil olacağı yolu Ermənistan tərəfi müəyyənləşdirirdi. Deməli, iki ölkə arasında gərginliyin yaranmasında erməni ictimaiyyəti və rəsmi İrəvan da təqsirkardır”.

S.Soltan əlavə edib ki, artıq hər kəs bilir ki, Azərbaycan regionda yeni reallıqlar yaradıb:

“Bu reallıqların müəllifi olan Azərbaycanla heç kim hədə-qorxu ilə danışa bilməz. Azərbaycanın suveren hüquqları qorunub saxlanılır. Bir daha qeyd etmək yerinə düşər ki, İranın atdığı addım həm də qonşu ölkənin bizə qarşı haqsızlığını təsdiqlədi. Təbii ki, Azərbaycan heç bir dövlətlə, heç bir ölkə ilə münasibətlərini pozmaq istəmir. Buna görə də Azərbaycan dünyada daima ədalətli mövqe nümayiş etdirib. Azərbaycanın ədalətli mövqeyi isə hər kəsə bəllidir. Düşünürəm ki, hər kəs Azərbaycanın nümunəvi addımlarından faydalanmalı və özləri üçün nəticə çıxarmalıdır. Hətta deyərdim ki, artıq İran da nəticə çıxarmağa başlayıb və öz haqsızlığını aradan qaldırmaq üçün ölkədəki şirkətlərə Azərbaycan ərazisinə qanunsuz daxil olmağı qadağan edib”.

Aynurə
Demokrat az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top