“Vızıv” çoxdur, ölümünüzü gözləyin...

SOSİAL 11 noy 2021, 23:04
Heç vaxt bir səbəbi – faktı əsas gətirib hansısa sahəni tənqid etməmişəm. Həm sosial şəbəkələrdə, həm də digər internet resurslarında yalnız bir neçə dəfə qarşılaşdığım problemlərdən sonra tənqidi fikir söyləmişəm.

Əvvəla ondan başlayaq ki, Azərbaycanda səhiyyənin, ümumiyyətlə tibbi xidmətin vəziyyəti ölkənin ümumi inkişafına mütənasibdir.

Yəni ölkə səhiyyəsi o vəziyyətdədir ki, hökumət Səhiyyə Nazirliyi ilə yanaşı, TƏBİB, HƏBİB və daha nə bilim bundan sonra əlavə 15 qurum yaratsa da düzələsi deyil.

Bilirsiz niyə?

Çünki, ölkədə dövlət səhiyyə sistemi sözün həqiqi mənasında çöküb. Sadəcə görüntü xatirinə çabalayırlar.

Yəqin ki, şəhər və rayon mərkəzlərində, Bakının qəsəbələrində milyonlarla vəsait xərclənərək tikilən xəstəxanalardakı xidmətin səviyyəsindən xəbəriniz var, vaxtınızı almayım.

Xəstələr həkimlərin səhlənkarlığı ucbatından qırılır, şikəst qalırlar. Bu illərdir belə davam edir. “Bu gün düzələr, bir il sonra düzələr”, - deyib özümüz-özümüzü aldadırıq.

Görün vəziyyət nə yerə gəlib çatıb ki, adamlar COVİD-ə yoluxur, amma qorxusundan xəstəxanaya getmir, evində müalicə alır.

Nə isə, keçək mətləbə...

Daha doğrusu son 1 ayda həkimlərin 4 yaxınımın başına gətirdikləri müsibətlərin təfsirinə...



Birinci fakt: Tarix 11.10.2021-ci il, saat 23:20.

Yatmaq istəyirəm, bir qohumdan zəng gəlir ki, bəs, yoldaşım ölür. Deyirəm ki, “Təcili Yardıma Zəng vur, mən də gəlirəm”. Qadın ağlaya-ağlaya deyir ki, zəng vurmuşam, 1 saatdan çox vaxt keçib, amma gələn yoxdur.

Mən çatınca adamı qonşunun “Spirinter” ilə aparırlar Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın
16 saylı Köməkçi Yardım Stansiyasına... Məlum olur ki, adam infrakt keçirdib, onu qəti tərpədmək olmazmış. Bunlar isə xəstəni 2-3 km məsafədən “Spirinter”də yelləyə-yelləyə Təcili Tibbi Yardıma gətiriblər.

Hadisədən 30-35 dəqiqə sonra özümü çatdırıram. Baxıram ki, xəstəni Təcili Tibbi Yardımın qapsının ağzında, küçədə uzadıblar yerə, asfaltın üstünə, artıq keçinib. Həkimi tapıram, irad bildirirəm, deyirəm axı belə olmaz, bu nəyinki insanlıqdan, heyvanlıqdan da uzaq olan bir şeydir... Mal kimi baxır üzümə.



İkinci fakt: Tarix 28.10.2021-ci il, saat 12:10.

Dostumun oğlundan zəng gəlir. Deyir ki, gəlmişəm Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Rentgen şöbəsinə, burda Şəxsiyyət vəsiqəmi alıblar geri qaytarmırlar. Deyirəm a bala səbəb?

Deməli, adam rentgen şöbəsinə yaxınlaşır, həkimin yanına göndərirlər, həkim də təkrar rentgen müayinəsini məsləhət görür. Nə isə bir xeyli get-gəldən sonra müayinənin cavabını alır, xəstəxanadan ayrılmaq istəyir. Lakin rentgen müayinəsinin cavabını alsa da, şəxsiyyət vəsiqəsini geri ala bilmir. Səbəbini soruşduqda deyirlər ki, sənə müalicə məsləhətlərini də bizim həkimlər yazmalıdır. Başa salmağa çalışır ki, bəs mənim öz ailə həkimim var, müalicəni o yazacaq. Amma nə fayda, 4 saatdan artıq adamın vəsiqəsini girov saxlayırlar. Nəhayət onların dediyini etməli olur. Sonra rentgen müayinəsinin cavabını alıb, şəxsiyyət vəsiqəsini qaytarırlar, amma müayinənin cavabını ona vermirlər.

Adam da kor-peşman evinə qayıdır.



Üçüncü fakt: Tarix 05.11.2021-ci il, saat 22:15.

Gecədir, yenə bir tanışdan zəng gəlir. Deyir babamı 1 saylı Kliniki Tibbi Mərkəzə gətirmişik, qəbul etmirlər, deyirlər həkim yoxdur.

Deməli, oktyabrın 28-də 1 saylı Kliniki Tibbi Mərkəzdə həkim tanışımın babasının yaralanmış qaşına tikiş atıb. Lakin noyabrın 5-də bəlli olub ki, tikişin altı çirk edib. Dərhal babasını təkrarən 1 saylı Kliniki Tibbi Mərkəzin 4-cü korpusuna aparırılar. Bir saata yaxın gözləmələrinə baxmayaraq, növbətçi həkim gəlib çıxmır. Bir neçə dəfə zəng vurmaqlarına, xahiş etmələrinə baxmayaraq “gəlirəm deyib” telefonu bağlayır. Başqa heç kim də onlara yaxın durmur. Onlar da yaşlı xəstəni götürüb o vəziyyətdə evə gətirməli olurlar.



Dördüncü fakt: Tarix 11.11.2021-ci il, saat 19:00.

Düz bir ay sonra, “Birinci fakt”da yazdığım rəhmətliyin 3-cü cüməsində qızının vəziyyəti anidən pisləşir. Adəti üzrə Təcili Tibbi Yardıma zəng vururlar. “Vızıv çoxdur, maşın yoxdur, növbənizi gözləyin”, – deyib Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın 16 saylı Köməkçi Yardım Stansiyasından telefonu qapadırlar.

Üstündən 50 dəqiqə keçir, xəstənin vəziyyəti get-gedə pisləşir, maşın tapıb xəstəni aparırlar Binəqədi qəsəbəsində yerləşən Təcili Tibbi Yardıma... Budur, telefonda onlara “maşın yoxdur” deyilən Təcili Tibbi Yardımın həyətində 4 maşın dayanıb.

Sual verirlər ki, ay xanım, a bəy, ay həkim, bəs, deyirdiniz maşın yoxdur? Keflərini pozmadan cavab verirlər: “İndi gəliblər...”



Bax belə dostlar, düşünürəm ki, əlavə şərhə ehtiyac yoxdur.

Özünüzü həkimlərdən qoruyun.

P.S. Dünən axşam feysbukda belə bir post paylaşmışdım: “Gələn ilin dövlət büdcəsi 30 milyarda yaxınlaşır. Bərəkətli olsun”.

Feysbuk dostlarım məni az qala linç etmişdilər. Onların tənqidi rəyləri indidə səhifəmdə durur...

Deməli, 2021-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 409 milyon manat vəsait ayrılıb. Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 1,5 milyon manatı və ya 0,1 faizi (2020-ci illə müqayisədə 0,3 milyon manat və ya 23,6 faiz çox) poliklinika və ambulatoriyaların saxlanılması, 153,7 milyon manatı və ya 10,9 faizi xəstəxanaların saxlanılması, 2,4 milyon manatı və ya 0,2 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlara xərclərinə, 1251,4 milyon manatı və ya 88,8 faizi səhiyyə sahəsində digər xidmətlərin maliyyələşdirilməsinə yönəldilib.

2022-ci ildə dövlət büdcəsində isə səhiyyə xərcləri üçün 1 milyard 789 milyon manat vəsait nəzərdə tutulub.

Göründüyü kimi (2020-2021-ci illərin müqayisəsi yuxarıda var) son 5 ildə səhiyyə üzrə xərclərin ümumdaxili məhsulda payı durmadan artır: 2,5 dəfə.

Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 63 faizi icbari tibbi sığortanın tətbiqinə yönəldilib.

Amma ortada heç nə yoxdur.

Niyaz Niftiyev

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top