“Azad olunmuş ərazilərdə İranın və digər ölkələrin dalğaları yayımlanmaqdadır” — Professor

MEDİA 20 okt 2021, 15:33
“Şuşadan sonra Zəngilanda televiziya və radio yayımının təmin olunması müsbət hadisədir. Həmin ərazilərdə yaşayış bərpa olunduqca, infrastruktur formalaşdıqca teleradio yayımı da prosesin bir elementi kimi gündəmə gəlir. İşğaldan azad olunmuş ərazilərdə məlumat alınmasının təmin olunması, ölkədə baş verən hadisələrin insanlara çatdırılması vacibdir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli Zəngilanda televiziya və radio yayımının təmin olunması barədə danışarkən bildirib.

Q.Məhərrəmli qeyd edib ki, yayım işğaldan azad olunmuş bütün ərazilərdə təmin olunmalıdır: 

“Düşünürəm ki, azad olunmuş bütün ərazilərdə televiziya və radio yayımı təmin olunmalıdır. Uzun illər bu ərazilər paytaxtdan yayılan dalğaları qəbul edə bilməyib. İşğaldan azad olunmuş ərazilərdə İranın və digər ölkələrin dalğaları yayımlanıb və bəzi ərazilərdə bu hal davam edir. Bu baxımdan, teleradio verilişlərinin azad olunmuş ərazilərdə yayımlanması vacibdir. Digər tərəfdən, verilişlərin həm kəmiyyətinin, həm də keyfiyyətinin yüksəldilməsi çox önəmlidir. Biz dərk etməliyik ki, yayım arealı genişləndikcə izləyicilərin, dinləyicilərin də sayı artır. 

Düşünürəm ki, Azərbaycan televiziya və radio verilişləri təkcə ölkə daxilində deyil, İranda, Ermənistanda, Türkiyədə və digər ölkələrdə dinlənilə və izlənilə bilir. Ona görə də, verilişlərin həm sayını, həm də keyfiyyətini artırmalıyıq. Sayın çox olmasının ziyanı yoxdur, sadəcə qruplaşdırması, ixtisaslaşdırılması çox önəmlidir və biz bu istiqamətdə işlər görməliyik”.

Aygül Qarayeva
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top