Dözülməz şəraitdə yaşayan köçkünlərimiz ən yaxşı şəraitdə yaşayacaqlar

SOSİAL 08 okt 2021, 17:59
Azərbaycanın tarixi qələbəsindən artıq 1 il ötür. Azərbaycan xalqı bu möhtəşəm qələbə sevincini hələ uzun illər yaşayacaq. 30 il düşmən tapdağı altında qalan müqəddəs Azərbaycan torpaqları 44 gün ərzində Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə yurdsuz, quldur düşmənin əsarətindən azad edildi.

Bu gün özünü əsrlərlə yazıq, əzabkeş bir millət kimi bütün dünyaya tanıdan erməni artıq bütün dünya tərəfindən işğalçı, qəddar, quldur, soyğunçu və vandal kimi tanındı. Belə ki, Azərbaycanın ermənilər tərəfindən 30 il ərzində işğala məruz qalan ərazilərinə gələn xarici qonaqlar, jurnalistlər erməni vəhşiliyinin şahidi olurlar. Ermənilərin törətdikləri dağıntıları, vandallıqları öz gözləri ilə görüb  heyrətə gəlirlər.

Ermənilər Azərbaycana qarşı etdikləri vəhşiliklərlə özlərini bütün dünya içtimaiyyətinə tanıtdılar. İşğaldan azad olunmuş ərazilərə gələn qonaqlar dağıdılmış tarixi-mədəni abidələri yandırılmış, kəsilib oğurlanmış meşələri, divarlarınadək sökülmüş evləri və azad olunan torpaqları tərk etmək üçün onlara verilən vaxtdan istifadə edərək yandırdıqları məktəbləri, xəstəxanaları, evləri, daşları sındırılmış, dağıdılmış qəbristanlıqları öz gözləri ilə görüb, şahidi olublar.

Bu işğala Ermənistanın havadarları da 30 il ərzində göz yumub və əksər hallarda da erməniləri haqlı göstərərək, onların Qarabağa tarixən sahib olduqlarını təsdiqləməyə çalışıblar. Hətta işğal etdikləri Qarabağı qoruyub saxlamaq  və Azərbaycanın digər ərazilərini də ələ keçirmək üçün xaricdəki erməni lobbisinin təsiri ilə Ermənistana bir sıra dövlətlər silah satıb və yaxud veriblər.

Ərazilərimiz erməni quldurlarında təmizləndikdən sonra həmin yerlərdə Azərbaycan tərəfi yenidən quruculuq işlərinə başladı. Azad olunmuş ərazilərimizin baş planları hazırlanıb içtimaiyyətə təqdim olunur.

Bu gün artıq Qarabağ torpağımız və ətraf rayonlar Ali Baş Komandanımızın uzaqgörən siyasəti, ordumuzun, xalqımızın birliyi nəticəsində erməni vəhşilərinin tapdağından azad edildi. Hazırda azad edilən ərazilərimizdə genişmiqyaslı quruculuq işləri gedir. O cümlədən Cəbrayıl rayonunda da böyük tikinti-bərpa işlərinə başlanılıb. Cəbrayıl rayonu müharibənin ilk günlərində azad olunan, həm də əsas ərazilərdən biri idi ki, onun azad olunmasından sonra Azərbaycan Ordusunun uğurlu əməliyyatları davam etməyə başladı. Belə ki, erməni quldurları Cəbrayıl rayonunda bir neçə keçilməz istehkamlar qurmuşdular. Bu istehkamları yarmaq olduqca çətin idi. Həmin istehkamları yarmaq böyük fədakarlıq, qəhrəmanlıq tələb edirdi.

Bu qələbənin çox rəmzi mənası var idi. Cəbrayılın azad edilməsi xalqımıza, şanlı ordumuza əlavə güc və böyük qələbəyə inam verdi.

Hələ 5 il əvvəl, aprel döyüşlərində Cəbrayılın Cocuq Mərcanlı kəndi düşməndən azad edilmişdi. Böyük qayıdışın başlanğıcı da məhz Cocuq Mərcanlıdan başladı. 

Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

Qəhrəman əsgərlərimiz ölümü göz önünə alaraq vətən uğrunda yalnız irəli gedirdi. Yalnız vətən məhəbbəti və Ali Baş Komandanımız cənab İlham Əliyevə olan inam bizi böyük, tarixi qələbəyə gətirib çıxartdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev:  “Araz vadisi iqtisadi Zonası”nın yaradılması bütün regionun , o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün  önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrıldı. İlkin investorlar da müəyyən olundu. “KamAz” şirkətinin regional xidmət mərkəzinin açılışı böyük perspektivlərə malik olan layihədir. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıbdır. Türkiyə şirkətləri də artıq Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlamışdır”.

Bütün azad olunmuş ərazilərdə görülən önəmli işlərdən biri də yarımstansiyaların tikilib istifadəyə verilməsidir. Artıq Tərtər rayonunda Suqovuşan Su elektrik stansiyası və eyni zamanda bir neçə başqa yarımstansiyalar da işə başlayıb. Bir sıra rayonlarda , eyni zamanda Laçın və Kəlbəcər rayonlarında Su elektrik stansiyalarında bərpa işləri başa çatmaq üzrədir. Cəbrayıl rayonunda da 
demək olar ki, bu sahədə bütün işlər görülüb. 
          
Artıq Cəbrayılda evlər, binalar inşa edilir. Yaxın müddətdə cəbrayıllılar öz doğma ev-eşiklərinə dönəcəklər.

Azərbaycan xalqı özünü 44 günlük vətən müharibəsində böyük xalq kimi bütün dünyaya təqdim etdi və Prezidentimizin ətrafında sıx birləşərək tarixi ədalətə nail oldu.

Dövlət başçısı cənab İlham Əliyev: “Təxribatın qarşısını almaq Azərbaycanın legitim hüququdur. Müharibə bitdi, Azərbaycan xalqı qalib gəldi və yeni reallıq yaratdı. Hər kəs bu reallıqla hesablaşmalıdır. Biz imkan vermərik  Ermənistanda bizə qarşı yenə də hansısa təxribat hazırlansın. Bizim legitim hüququmuzdur, əgər təhlükə görsək, əgər təhlükənin  kiçik bir təzahürünü görsək, biz lazımı addımı atacağıq və heç kim bizi dayandıra bilməz, heç kim bizim qabağımızda dura bilməz”.

Bütün işlər, bütün başlanğıclar yoldan başlayır. Odur ki, işğaldan azad edilmiş ərazilərimizə ilk əvvəl yollar çəkilir. Bu yollar bizi arzularımıza qovuşdurur.

Artıq Cəbrayıla da yol çəkilir. İnsanlar bu geniş, 4-6 zolaqlı yollardan keçəcək və buradan keçən Zəngilan dəhlizindən də istifadə edəcəklər.

Burada artıq genişmiqyaslı işlər gedir. Xəstəxana, məktəb binaları, evlər, binalar, içtimai iaşə obyektləri tikilir və yaxında buraya köçəcək cəbrayıllılar da işsiz qalmayacaqlar, belə ki, onların məşğulluğu üçün burada bir çox iş yerlərinin açılması da nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngilan quracağıq ki, bütün dünya bizə qibtə edəcək. Müharibə başa çatandan sonra bu gün artıq yeni reallıqlar yaranıb. Azərbaycana qarşı yeni təxribatlar aparılır, biz buna hazır olmalıyıq. Heç bir məsələ Qarabağdan, torpaqlarımızın azad edilməsindən üstün ola bilməz. Bu gün biz artıq bu reallıqları qəbul etdirdik. İndi isə bərpa işlərinə start veririk. Bunu biz, ilk növbədə, insanlar üçün edirik. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxana, uşaq baxçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar”.

Şəhla Ağbulud
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top