Suqovuşanın azad edilməsindən sonra ermənilər təlaşa düşdülər

GÜNDƏM 07 okt 2021, 15:52
Strateji əhəmiyyətli ərazilərdən olan Talış kəndi və Suqovuşan qəsəbəsi demək olar ki, müharibənin elə ilk günlərindən azad edildi. Burada çox ağır döyüşlər getdi. Həmin ərazilər həm çox yüksəklikdə yerləşirdi, həm də ermənilər tərəfindən burada çox güclü istehkamlar qurulmuşdu.

Suqovuşan qəsəbəsinə gedən bütün yüksəkliklərdə erməni quldurları yerləşdirilmişdi. Suqovuşanın isə düşməndən azad edilməsi Azərbaycan tərəfi üçün böyük əhəmiyyət kəsb edirdi. Bu qəsəbənin geri alınması, erməni cinayətkarlarından təmizlənməsi Azərbaycan Ordusunun sonrakı uğurlu əməliyyatlarının əsasını qoydu.
          
44 günlük vətən müharibəsi başlanan gündən Azərbaycan Ordusu, Azərbaycan əsgəri bir addım belə geri çəkilmədi. Torpaqlarımızı düşmən əsarətindən, düşmən tapdağından azad edərək yalnız irəli getdi.
          
Müharibənin ilk günlərindən sürətlə irəliləyən Azərbaycan igidləri, doğma vətən torpağının hər qarışını mənfur düşmən əsarətindən təmizlədikcə, hər bir kəndi, qəsəbəni, şəhəri geri aldıqca daha da ruhlanır, qələbəyə inamla irəliləyirdilər.
          
Suqovuşanın Azərbaycan üçün strateji əhəmiyyətini bilərək erməni tərəfi burada çox böyük istehkam yaratmış, buraya çoxlu sayda canlı qüvvə yerləşdirmişdi. Lakin erməni quldurları Azərbaycan Ordusunun əzmkarlığı, qəhrəmanlığı nəticəsində strateji əhəmiyyətə malik olan yüksəklikləri belə itki verərək boşaltmağa məcbur oldular.
         
Azərbaycan Ordusu, qəhrəman, fədakar Azərbaycan əsgəri Suqovuşanda yerləşmış düşmən əsgərlərinin hərəkət etməsi, manevrlər etməsi üçün böyük problemlər yaratdı. Burada yerləşən xeyli sayda erməni əsgəri tamamilə demək olar ki, zərərsizləşdirildi və heç bir hərəkən edə bilməyən əsgərlər müharibənin sonunadək heç bir digər əməliyyatlarda iştirak edə bilmədi.
         
Suqovuşan qəsəbəsində Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə Suqovuşan su anbarı Sənsəng su anbarı ilə birgə inşa edilmişdir. Bu su anbarlarının inşa edilməsinin əsas səbəbiTərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonları mütəmadi olaraq su ilə təmin etmək idi.
         
Suqovuşan uğrunda gedən ağır döyüşlərdə və Suqovuşanın Azərbaycan Ordusu tərəfindən azad edilməsindən sonra ermənilər qorxu, təlaş içində idilər. Özlərini qorxmaz, qəhrəman hesab edən quldurlar qorxaraq geri çəkilməyə başladılar. Və bu döyüşlərdən sonra təsadüfi deyil ki, erməni ordusunun 10 mindən çox əsgəri fərarilik edərək, döyüş yerini tərk etdi.
          
Erməni faşistləri elə müharibənin ilk günlərindən məğlub olacaqlarını anlamışdılar. Qorxaq cinayətkarlar cəsur Azərbaycan Ordusunun qarşısında tab gətirə bilmədilər.
          
Mənasız, səriştəsiz əmrlər, əməliyyatlar səbəbindən Ermənistan silahlı qüvvələri, şəxsi heyyəti qurban kimi irəli verilirdi. Onlar vətən eşqi ilə irəliləyən cəngavər Azərbaycan oğulları qarşısında duruş gətirə bilmir, müqavimət göstərə bilmirdilər.
          
Ermənistan mediası isə öz xalqını aldadaraq yalan məlumatlar verirdi. Artıq Azərbaycan əsgərinin vuruşaraq geri aldığı ərazilərdə guya hələ döyüş gedirmiş kimi təqdim edirdilər. Hətta bu döyüşün Ermənistan tərəfinin üstünlüyü ilə getdiyini deməkdən də çəkinmirdilər.
           
Respublika Prezidenti Cənab İlham Əliyev: “Bu il Suqovuşan su anbarından istifadə edərək 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Bu günə qədər suvarılmayan, yaxud da ki, az suvarılan 30 min hektar torpağa bu qəsəbənin azad edilməsi nəticəsində su verilmişdir və indi kanallarda təmir işləri gedir. Bizim azad edilmiş torpaqlarda - Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edilməkdədir”.
           
Erməni vandalları işğal etdikləri bütün ərazilərdə olduğu kimi Suqovuşanda da öz cinayət əməllərindən qalmayıblar. Burada su anbarının yanında vaxtilə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən inşa edilmiş iki su elektrik stansiyasını da dağıtmışlar. Hal-hazırda bu stansiyalar təmir edilib və artıq işlək vəziyyətdədir.
           
Respublika Prezidenti cənab İlham Əliyev: “Revanşizm yolverilməzdir və bu cür cəhdlərin qarşısı sərt alınacaqdır. Ermənistanda revanşist hisslərlə yaşayanlar bilməlidir ki, onların bütün niyyətləri boşa çıxacaq və Azərbaycanın dəmir yumruğu ilə rastlaşacaqlar. Əgər bir daha bizə qarşı hər hansı bir təxribat , bəyanat, hərəkət olarsa, heç kimə baxmadan adekvat cavablar veriləcəkdir”.

Şəhla Ağbulud
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top