"Tehranı əndişələndirən əsas nüans odur ki, Zəngəzur dəhlizinin işə düşməsi..."

GÜNDƏM 06 okt 2021, 20:42
Toğrul İsmayıl: "Haqq savaşında İran həmişə Azərbaycanın yanında yox, qarşısında dayanıb"


"Tehranı əndişələndirən əsas nüans odur ki, Zəngəzur dəhlizinin işə düşməsi Azərbaycan-Türkiyə tandemini və bu vasitə ilə türk dünyasını gücləndirəcək"

Son günlər təkcə ayrı-ayrı şəxslər, hansısa din xadimləri deyil, İran rəsmiləri Azərbaycanı təhdid edən açıqlamalar verirlər. Məsələ yalnız təhdidlə də bitmir. İran cənub sərhədimizdə hərbi təlimlər keçirməklə yanaşı, Ermənistana hərtərəfli yardımlarını da davam etdirir. Artıq dövlət başçısı səviyyəsində də İranın Azərbaycana qarşı hədələrinə, əsassız ittihamlarına münasibət bildirilib. 

Cəbrayılda, Araz çayının sahilində çıxış edən Prezident İlham Əliyev rəsmi Bakının İran tərəfdən səslənən əsassız iddiaları, uydurmaları qəbul etməyəcəyini vurğulayıb: “Xoş niyyət göstəririk, amma o demək deyil ki, özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uyduranda biz buna fikir vermədik. Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başladılar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?!”. Prezident bəyan edib ki, heç kim Azərbaycanın daxili işinə qarışa bilməz. 

İranın Azərbaycana qarşı qərəzli ritorikasına, gərginləşən Tehran-Bakı münasibətlərinə və regionda baş verənlərə Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, “Sütçü İmam” Universitetinin professoru, siyasi şərhçi Toğrul İsmayılın dəyərləndirməsi ilə işıq salmağa çalışdıq. Professor vurğulayıb ki, Tehran rejimi öz hərəkətləri ilə bir daha beynəlxalq hüquqa zidd davranış sərgiləməkdədir...

 - Toğrul bəy, Prezidentin Araz sahilindən İrana cavabını necə dəyərləndirirsiniz? 

 - Əslində Tehran hökumətinin addımları İrana xas hərəkətlərdir. İranın Azərbaycana qarşı sərt açıqlamaları, təhdidləri ilk dəfə gündəmə gəlmir. İndiki bəyanatlar isə müəyyən səbəblərə dayanır. Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsindən sonra İranın bölgədəki gücü, mövqeyi, nüfuzu sual altına düşdü. İşğalçı Ermənistanı açıq şəkildə dəstəkləyən ölkələrdən biri məhz İran idi. Lakin İranın hərtərəfli yardımları Ermənistanı darmadağın olmaqdan xilas etmədi. Sonrakı proseslərdə də İran tamamilə kənarda qaldı. Bir neçə dəfə danışıqlara müdaxilə etmək niyyətini ortaya qoysa da, nəticə əldə olunmadı. Rəsmi Bakının Ermənistana və oradan Qarabağa yük daşıyan İran maşınlarının yolunu kəsməsi isə Tehran hökuməti üçün “fürsət” oldu. Müxtəlif səviyyələrdə Azərbaycanı açıq təhdid etməyə, əsassız ittihamlar irəli sürməyə başladı. Prezident İlham Əliyevin məhz Araz çayı sahilindən İrana sərt cavab verməsi çox yerində və doğru hərəkətdir. Həm diplomatik üslub baxımından, həm də Azərbaycanın dik duruşu fonunda olduqca önəmli faktordur. Ümumiyyətlə, dövlət başçısının açıqlamalarında konkret məqamlara təmas edilir və faktlar ortaya qoyulur. Ölkə rəhbəri sadəcə İrana cavab vermədi, eyni zamanda tənqidi suallarını səsləndirdi. Sadəcə Prezidenti deyil, bütün Azərbaycan xalqını maraqlandıran odur ki, İran indiyə kimi haradaydı və hansı mövqeyi tuturdu? Tehran öz siyasətində məsələlərə ikili yanaşma metodundan istifadə edir. Bir yandan açıqlama verir ki, guya, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Amma digər yandan açıq şəkildə Ermənistana dəstək göstərilir. İran unudub ki, bundan öncə də Azərbaycanı təhdid etmişdi. O vaxt Türkiyə qırıcılarının Azərbaycanla İran sərhədində uçuşlar həyata keçirməsi Tehranın davranışlarına nöqtə qoydu. Eyni prosesin yenidən təkrarlanacağına şübhə yoxdur. 

 - İranın Azərbaycanı “qorxutmaq”, müttəfiqlərimizə “göz dağı” vermək məqsədi ilə sərhədimizə qoşun yığmasını necə şərh edirsiz? 

 - İran 44 günlük müharibə gedən vaxt Azərbaycanla sərhədə qoşun cəmləmişdi. Sirr deyil ki, Tehranı daim narahat edən ciddi məsələlərdən biri Cənubi Azərbaycan və orada yaşayan milyonlarla soydaşımızdır. İranın işğal etdiyi ərazidə yeritdiyi siyasətlə bağlı Azərbaycanın əlində ciddi faktlar mövcuddur. Tehran bir növ “qabaqdan gəlmişlik” edərək, özünü ortaya atıb və əzələ nümayişinə qərar verib. Əslində rəsmi Bakı İranın hərbi təlimlərinə o qədər də ciddi yanaşmır. Hətta bu təlimlər ictimaiyyət arasında lağlağı obyektinə çevrilir. İran ordusunun təlimləri hansı səviyyədə keçirdiyi yayılan video-görüntülərdən bəllidir. Əgər təlimlər “əzələ nümayişi” məqsədi daşıyırdısa, əmin olsunlar ki, nəticəsi olmadı. İran əvvəlcə daxildəki böhranlı vəziyyəti aradan qaldırsın, problemlərini çözsün, sonra kiməsə “meydan oxusun”. Unutmasın ki, Türkiyə ilə Azərbaycan Şuşa Bəyannaməsi ilə hərbi müttəfiqliyi daha üst səviyyəyə qaldırıblar. Azərbaycan bölgədə tək deyil, Türkiyə kimi güclü hərbi müttəfiqi var. İki ölkədən birinə hərbi təcavüz olarsa, digər dövlət dərhal hərəkətə keçmək hüququna malikdir. Məncə, bu reallığı İran da yaxşı dərk edir, sadəcə qıcıqlandırıcı addımlar atır. Ancaq, necə deyərlər, “milçək nə qədər kiçik olsa da, ürək bulandırır”. 

 - İran Azərbaycanda “sionist” qüvvələr deyəndə həqiqətən dost İsrailimi nəzərdə tutur, yoxsa hədəfdə Türkiyədir? 

 - İran demək olar ki, əksər bəyanatlarda həddini aşır. Azərbaycanın guya müstəqil olmadığını, başqa güclərin idarəsində olduğunu iddia etmək absurd ittihamdır. Hamıya bəllidir ki, Azərbaycanda sionist qüvvə, kənar güclər deyə bir şey yoxdur. Azərbaycan müstəqil dövlətdir və istədiyi ölkə ilə istədiyi formada əməkdaşlıq edir, əlaqə qurur. Etnik kimliyindən, dini görüşündən asılı olmayaraq, Vətən savaşında, haqq davamızda Azərbaycanın yanında hansı dövlət yer aldısa, rəsmi Bakı həmin ölkə ilə daha sıx əməkdaşlıq edəcək. Necə ki, İran dost bildiyi Ermənistanla normal münasibətlər qurur, eləcə də Azərbaycan İsrail və digər ölkələrlə əməkdaşlığı inkişaf etdirir. Tehran hökumətinin Azərbaycanla yanaşı, Ankaraya baxışı da bəllidir. İran Azərbaycan və Türkiyənin güclənməsini qətiyyən istəmir. O baxımdan Ermənistan başda olmaqla istənilən düşmən dövlətlə rahatlıqla münasibət qurur. İranın Azərbaycana sata biləcəyi hansısa hərbi texnika yoxdur, çünki böyük əksəriyyəti müasir standartlara cavab vermir. O baxımdan Azərbaycan son texnologiyalara sahib İsrail, Türkiyə, Ukrayna və s. dövlətlərdən silahlar alır. İran İsraildən çox qorxduğuna görə, Azərbaycan-İsrail münasibətlərini özünə qarşı mövqe kimi dəyərləndirir. Bu da Tehranın daha bir absurd yanaşmasıdır. Azərbaycan öz torpaqlarını öz gücü hesabına ermənilərdən azad edib. Əlbəttə ki, bu işdə qardaş Türkiyə və dost İsrail bizə hərbi, siyasi-diplomatik və mənəvi dəstək veriblər. Reallıq isə odur ki, haqq savaşında İran Azərbaycanın yanında olmadı. Nəinki yanımızda olmadı, əksinə, qarşımızda dayandı. “Sionist qüvvələr” pərdəsi arxasında gizlənən İranın ən böyük narahatlığı bölgədə güclənən Türkiyə ilə bağlıdır. Türkiyənin artan gücü İranı əməlli-başlı təşvişə salıb. 

 - Tehranın Zəngəzur dəhlizinin açılmasına qısqanclıqla yanaşması rəsmi Bakıya qarşı siyasətin tərkib hissəsidirmi? 

 - Əslində Zəngəzur dəhlizinin açılması İran-Ermənistan əlaqələrini kəsmir. Amma Tehranı əndişələndirən əsas nüans odur ki, Zəngəzur dəhlizinin işə düşməsi Azərbaycan-Türkiyə tandemini və bu vasitə ilə türk dünyasını gücləndirəcək. Bu dəhliz vasitəsi ilə Türkiyə iqtisadi cəhətdən bölgəyə hakim olacaq. Təbii olaraq, Azərbaycan da gücünü, imkanlarını genişləndirəcək. Bölgədə güclü Azərbaycan-Türkiyə ittifaqı gələcəkdə İranda, daha doğrusu, Cənubi Azərbaycandakı soydaşlarımızın milli ruhunu da artıracaq. İran bunu öz təhlükəsizliyi üçün təhdid sayır. Amma bu, qaçılmazdır. Rəsmi Tehran asimilyasiya siyasəti həyata keçirir. Bu siyasət İranın qurucu ünsürləri olan türklərin haqlarının tapdanmasına hesablanıb. Ümumən, Cənubi Qafqazda və İran daxilində türklük şüurunun güclənməsi İranı ciddi narahat edir. Əminliklə demək olar ki, Tehranın Zəngəzur dəhlizinin açılmasına qısqanclıqla yanaşması rəsmi Bakıya qarşı siyasətin tərkib hissəsidir. 

 - Cənub qonşumuzla münasibətlərin normallaşma ehtimalı varmı?

 - Əlbəttə, hər zaman bu ehtimal var. Amma bunun üçün ilk növbədə Tehran rejimi papağını qarşısına qoyaraq ciddi fikirləşməlidir. İran kin-nifrət siyasətinə son verməli, regional əməkdaşlıq və sülhün təmini üçün çalışmalıdır. Problem ondadır ki, İran sadəcə Azərbaycana qarşı deyil, Türkiyəyə münasibətdə qeyri-adekvat davranır. Ankara hökuməti ən ağır günlərində Tehranın yanında olsa da, İran heç vaxt Türkiyəni dost ölkə görmədi. Hətta hər fürsətdə Türkiyə əleyhinə olan addımlar atdı, ittifaqlara qoşuldu. Burada əsas problem İranın öz xarici siyasətinə köklü düzəliş etməməsidir. İran yanlış siyasəti və pozucu davranışları ilə bölgədəki əməkdaşlıq mühitindən yararlana bilmir. Yəni cənub qonşumuz öz-özünü böhrana yuvarlayır. Regionda yeni reallıqlar formalaşsa da, İran bununla ayaqlaşmaq istəmir. İsrarla və kibirli mövqeyi ilə nifaq salmaqla məşğul olur. Fakt isə odur ki, İranın Cənubi Qazqaz siyasəti tamamilə iflasa uğrayıb. Məncə, İranla qonşuluq siyasətimiz davam edəcək. Amma nə yaxşı, nə də pis səviyyəyə enəcək. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top