Rüşvətdə ittiham olunan nazirlik və tibb işçilərinə hökm oxundu

HADİSƏ 22 sen 2021, 17:32
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının(TSEK) sədri vəzifəsində işləmiş Katib Məmmədov və onunla birgə ittiham olunan  "Həkim Sanitar Xidmətinin Bakı Dəmir Yol Xəstəxanası” MMC-nin Stasionar şöbəsinin müdiri Səftər Həsənov, Sabunçu rayonu 3 saylı Şəhər klinik xəstəxanasında tibb işçiləri Kəmalə Babayeva, İradə Rzaquliyeva, 32 saylı Birləşmiş şəhər xəstəxanasının Poliklinika şöbəsinin müdiri Mirzə Əsgərovun cinayər işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Katib Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Ittiham olunan digər təqsirləndirilən şəxslərin bəziləri şərti cəzaya, bəziləri isə islah işləri cəzasına məhkum olunublar.
 
İttihama görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində işləmiş Katib Məmmədov və digər təqsirləndirilən şəxslərin qanunsuz əməlləri ilə bağlı vətəndaş müraciəti əsasında keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Katib Məmmədovun həmin vəzifədə işləyərkən ayrı-ayrı vaxtlarda “Azərbaycan Dəmir Yolları” QSC-nin “Həkim Sanitar Xidmətinin Bakı Dəmir Yol Xəstəxanası” MMC-nin Stasionar şöbəsinin müdiri və eyni zamanda həmin xəstəxananın Həkim-məsləhət komissiyasının sədri vəzifəsində işləmiş Həsənov Səftər Faiq oğlu, Bakı şəhəri, Sabunçu rayonu 3 saylı Şəhər klinik xəstəxanasında tibb işçiləri Babayeva Kəmalə Təbriz qızı, Rzaquliyeva İradə Calal qızı və 32 saylı Birləşmiş şəhər xəstəxanasının Poliklinika şöbəsinin müdiri Əsgərov Mirzə Hüseyn oğlu ilə qabaqcadan əlbir olaraq müxtəlif vətəndaşlara əlillik dərəcələrinin təyin olunmasına köməklik göstərilməsi məqsədilə rüşvət müqabilində qanunsuz qiymətləndirmə və qeyri-obyektiv müayinələrin aparılması yolu ilə saxta tibbi sənədlər hazırlayıb müvafiq sistemə daxil etməsinə, habelə yol verdiyi həmin qanunsuz hərəkətləri qarşılığında ümumilikdə 4 şəxsdən cəmi 12 min 200 manat pul vəsaitini şəxsən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Istintaq orqanı tərəfindən Katib Məmmədov və digər təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyətlərindən sui-istifadə etmə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri saxtalaşdırma və istifadə etmə) maddələri ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top