"İqtisadi inkişafın təmin olunmasında qeyri-neft sənayesinin rolu artmaqdadır" — Deputat

İQTİSADİYYAT 04 sen 2021, 19:08
“Azərbaycanda yürüdülən çevik iqtisadi siyasətin ən mühüm uğurlarından biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin inkişafıdır. Pandemiyanın hələ də davam etdiyi bir dövrdə ölkəmizin sənaye sektoru özünün dayanıqlı inkişaf tempinin qoruyub saxlayıb. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatı ötən il pandemiyanın ağır təsirlərindən sonra 2021-ci ilin ilk aylarından etibarən iqtisadiyyatda bərpa proseslərini təmin edib, post-pandemiya dövrünə keçid və hökumətin qəbul etdiyi düzgün iqtisadi qərarlar müsbət iqtisadi dinamikanın əldə olunmasına səbəb olub. 2021-ci ilin yanvar-iyul aylarında ölkədə 47,2 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artım deməkdir. Qeyri-neft sektorunda isə artım 5,3 faiz təşkil edib.Yəni, artıq iqtisadiyyatımız yenidən inkişaf mərhələsinə daxil olub”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Deputat qeyd edib ki, iqtisadi inkişafın təmin olunmasında qeyri-neft sənayesinin rolu artmaqdadır:

“Hazırda sənayeləşmə siyasəti yeni mərhələyə keçid almaqdadır və postindistriual cəmiyyət quruculuğu müasir innovasiyaların tətbiqində geniş yer alır. Ölkədə ümumi daxili məhsulun 50 faizi, o cümlədən qeyri-neft iqtisadiyyatının 30 faizə qədəri sənaye sahələrində istehsal olunur. Azərbaycanın regionda güclü sənaye mərkəzinə çevrilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi sənaye texnoparklarının, sənaye zonalarının və sənaye məhəllərinin sayının artmasına səbəb olub. Sənaye parklarında rezident statuslu müəssisələrin sayı artıb. Qeyri-neft sənayesinin əsas istiqamətlərindən biri olan maşınqayırma, avadanlıq istehsalı, cihazqayırma və tikinti materiallarının istehsalı sahələrində yeni rəqabətqabiliyyətli müəssisələr yaradılıb”. 

A.Hüseynov sənayeləşmədə Sumqayıtın xüsusi strateji rolunun olmasına diqqət çəkərək bildirib ki, son illərdə xarici investisiyaların cəlb edilməsi Sumqayıtda iri layihələrin həyata keçirilməsinə və müasir sənaye sektorunun əsas ağırlıq mərkəzinə çevrilməsinə səbəb olub:

“Sumqayıt dünya səviyyəli, rəqabətədavamlı məhsul istehsal edən, ən qabaqcıl texnologiyaları tətbiq edən sənaye texnoparkları ilə məşhurdur. Azərbaycanın ilk sənaye parkı da məhz bu şəhərdə yaradılıb və dünya bazarlarına ən keyfiyyətli məhsulların ixracı sənayeləşmənini daha da inkişafına geniş şərait yaradıb. Cənubi Qafqazın ən böyük, Azərbaycanın isə ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika davam edir. Belə ki, 2021-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz daha çox məhsul istehsal edilib və 47 faiz daha çox ixrac həyata keçirilib. Ötən gün istifadəyə verilən “Azmonbat” MMC Sumqayıtın sənaye gücünü daha da artıracaq, şəhərin iqtisadi inkişafına  əlavə maliyyə resurslarının cəlb edilməsinə səbəb olacaq.  Həmçinin, hazırda sənayenin əsas güc mərkəzlərindən biri olan Ələt İqtisadi Zonası da sənayeləşmə siyasətinin daha da güclənməsində, rəqabətə davamlı qeyri-neft sənayesi məhsullarının ixracının artmasında, sərmayələrin axınında töhfəverici rol oynayacaq”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top