İkitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını tənzimləyən sənəd

GÜNDƏM 10 iyl 2021, 11:11
Müsahibimiz Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadədir.

– Çingiz müəllim, ötən ay imzalanmış Şuşa Bəyannaməsi bölgədə sülhün təminatçısı və regionun yeni geosiyasi reallı­ğını rəsmiləşdirən sənəd kimi dəyərləndirilir. Bəyannaməni iki ölkə arasında müttəfiqliyin geostrateji əhəmiyyətinin artması baxımından necə dəyərləndirirsiniz?

– Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalan­mış bəyannamə tarixi hadisədir. Bu sənəd ölkələrimiz arasında siyasi, iqtisadi, ideoloji, humanitar sahələrdə davamlı inkişafı təmin edir. Həmçinin sənəddə iki ölkə arasında müstəqillik, suveren­lik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmləri öz əksini tapıb. Dövlətlərarası münasibətlərin ən yüksək for­ması müttəfiqlik haqqında Bəyannamədir. Məsələ beynəlxalq hüquqla tənzimlənib. İndiyədək dövlətlərarası qarşılıqlı yardım və əməkdaşlıq münasibətləri olsa da, müttəfiqlik haqqında Bəyannamə bunlardan daha üstündür və əməkdaşlığın zirvəsini təşkil edir.

Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siya­si məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edərək, bu istiqamətdə iki qar­daş ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayır­lar. Bəyannaməyə əsasən, tərəflər xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirirlər. Bu tarixi sənəd nüfuzlu təşkilatlar tərəfindən qarşılıqlı şəkildə dəsətəklənmişdir. Sənəddə nəzərdə tutulduğu kimi, tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıq­lı dəstək nümayiş etdirərək ikitərəfli əməkdaşlığı daha da dərinləşdirəcəklər.

– Şuşa Bəyannaməsinə qədər də bir sıra sənədlər imzalanmış­dı...

– Mən sözümün əvvəlində xatırlatdım ki, imzalanan bütün sənədlər beynəlxalq hüququn norma və prinsiplərinə uyğun­laşdırılıb. 15 iyun Bəyannaməsi 1921- ci il oktyabrın 13- də Zaqaf­qaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi arasında imzalan­mış “Qars müqaviləsi”nin, 9 fevral 1994- cü il tarixli “Azərbaycan və Türkiyə arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilənin, həmçinin “Azərbaycan və Türkiyə arasın­da əməkdaşlıq, qarşılıqlı yardım haqqında” Protokolun davamıdır. Bunlara 2010 – cu il 16 avqustda imzalanmış “Azərbaycan Res­publikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qar­şılıqlı yardım” haqqında müqaviləni də əlavə etmək istərdim. Bu sənədlərin hamısı beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Nizamnaməsinə uyğunlaşdırıldığından yüksək səviyyədə dəstəklənmişdir. Xatır­ladım ki, BMT Nizamnaməsinin VI fəsli “Sülhə təhlükə, sülhün pozul­ması və təcavüz aktları ilə bağlı tədbirlər”dən bəhs edir. Qeyd et­diyim müqavilələrdə əsas məqsəd BMT Nizamnaməsinin həmin fəsli ilə üst- üstə düşür.

Ermənistan Xarici İşlər Na­zirliyi Şuşa Bəyannaməsini təhrif etməyə cəhd göstərsə də baş tutmadı. Ermənilər özlərinin imza atdıqları Qars müqaviləsindən də daim narazılıq ediblər. Əslində, işğalçı ölkə belə yanlış açıqla­maları ilə beynəlxalq hüququn norma və prinsiplərini təhrif edirdi. Beynəlxalq hüququ, o cümlədən dövlətlərin suverenliyi , ərazi bütövlüyü və sərhədlərin toxunul­mazlığını kobud surətdə pozan, bir milyondan artıq soydaşımı­zı doğma ata-baba yurdundan didərgin salan işğalçı ölkənin dövlət rəsmləri faşizm ideologiyası­na meyilli olduqlarını gizlətmədilər. Otuz il idi işğalçı siyasətdən əl çəkməyən Ermənistanın Şuşa Bəyannaməsinin bu hüquq prinsiplərinə ziddiyyət təşkil edən gülünc və absurd açıqlaması ikrah hissi ilə qarşılandı. Beynəlxalq hüququ tanımayan Ermənistan rəhbərliyi hansı insan hüquqlarının qorunmasından danışa bilər?

Azərbaycan Xarici İşlər Nazirliyinin cavabı çox da gecikmədi. Həmin açıqlamada qeyd edildiyi kimi, respublika­mızın ərazilərinin işğaldan azad edilməsi ilə bölgədə yeni reallıq formalaşıb. Bu baxımdan regional əməkdaşlığın həyata keçirilməsi üçün çox əlverişli imkanlar yaranıb. Ermənistan dövləti yaranmış bu vəziyyəti yetərincə qiymətləndirib əməkdaşlıqdan faydalanaraq, infrastruktur layihələrində işti­rak edə bilər. Bundan sonrakı vəziyyətin qiymətləndirilməsi Ermənistan rəhbərliyinin üzərinə düşür. Məğlub ölkə rəhbərliyinin yeganə çıxış yolu konsrtuktiv möv­qe nümayiş etdirməkdən və sülh sazişi ilə razılaşmasından ibarətdir. Ermənistan işğal siyasətindən əl çəkmədiyinə görə, bütün infrast­ruktur layihələrdən kənarda qalıb, Türkiyə ilə sərhədləri açılmayıb. Bu da ölkə iqtisadiyyatını getdikcə iflic vəziyyətinə salıb.

Şuşa Bəyannaməsində beynəlxalq hüquqla qorunan hərbi tərəfdaşlıq da öz əksini tapıb. Belə ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunul­mazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılacaq və təhlükənin aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçiriləcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstəriləcək.

– Artıq Ermənistanın tanın­mış ictimai- siyasi xadimləri də Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olduğunu etiraf edirlər.

– Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Prezident İlham Əliyevin apardığı xarici siyasətin prioritetini təşkil edib. Fikir verin, 44 günlük müharibə dövründə möhtərəm Prezidentimiz dünya­nın 30- dan çox aparıcı kütləvi informasiya vasitələrinə müsahibə verdi. Həm münaqişənin, həm də müharibənin başlanmasının əsas günahkarının Ermənistan olduğu­nu faktlarla dünya ictimaiyyətinə bəyan etdi. Bununla da Prezi­dent İlham Əliyev diplomatiya və cəbhədə olduğu kimi, informasiya sahəsində də Ermənistanı çök­dürdü. Tarixi qələbəmiz isə 30 illik işğal siyasətinə son qoydu. Şuşa Bəyannaməsi ermənilərin bütün ümidlərini alt- üst etdi. Artıq Ermənistanda yerli əhali, xüsusilə tanınmış ictimai- siyasi xadimlər Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olduğunu bildirirlər. Bunu faktlar da təsdiqləyir. Məsələn, Ermənistanda yaşayan və erməni diasporunda təmsil olunan bəzi nüfuzlu şəxslər, o cümlədən sabiq Prezident Levon Ter-Petrosyan, onun sabiq xarici siyasət müşaviri Jirayr Liparidyan Dağlıq Qaraba­ğın beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olduğunu bildirirlər. Bloger İşxan Verdyan, hüquq müdafiəçiləri Vartan Arut­yunyan, Georgi Vanyan, Edqar Xa­çatryan da bu faktı təsdiqləyərək, yerli əhali arasında qonşularla dinc yanaşı yaşamağın əhəmiyyətindən söhbət açırlar. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan da Azərbaycanla sülh müqaviləsinin imzalanmasına tərəfdardır. Ayrı yolları da yoxdur. Bundan sonra Ermənistanın inkişafı, regionda re­allaşdırılan infrastruktur layihələrə qoşulmaları, qonşu dövlətlərlə əməkdaşlığı öz əllərindədir. Bütün bunlara dinc – yanaşı yaşamaqla və sülh sazişinə qoşulmaqla nail olmaq mümkündür.(xalqqazeti.com)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top