Çingiz Qənizadə: "Şuşa Bəyannaməsi həm də beynəlxalq hüquqla tənzimlənir"


GÜNDƏM 07 iyl 2021, 15:13
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən iyunun 15-də Şuşada Bəyannamənin imzalanması tarixi hadisədir. Bu, həm də beynəlxalq aləmin maraq dairəsindədir, həmçinin bölgədə sülhün təminatçısı və regionun yeni geosiyasi reallığını rəsmiləşdirən sənəd kimi dəyərləndirilir. O cümlədən ölkələrimiz arasında siyasi, iqtisadi, ideoloji, humanitar sahələrdə davamlı inkişafı təmin edir. Sənəddə əsasən iki ölkə arasında müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmləri öz əksini tapıb. Bəyannamə iki ölkə arasında müttəfiqliyin geostrateji əhəmiyyətinin artırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Demokrat.az
xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi dövlətlərarası münasibətlərin ən yüksək formasının müttəfiqlik haqqında Bəyannamənin olduğunu vurğulayıb. O diqqətə çatdırıb ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış belə bir müttəfiqlik Bəyannaməsi münasibətlərin ən yüksək zirvəsini ehtiva edir. Bu məsələ beynəlxalq hüquqla tənzimlənir. Bu vaxta qədər dövlətlərarası qarşılıqlı yardım və əməkdaşlıq münasibətlərini müşahidə etsək də, müttəfiqlik haqqında Bəyannamə bunlardan daha üstündür və əlaqələrin zirvəsini təşkil edir.

Ç.Qənizadə Bəyannamədə tərəflər arasında xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edərək, bu istiqamətdə iki qardaş ölkənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərinin əhəmiyyətini vurğulayıb. O deyib: “Bu sənəd beynəlxalq hüquqla tənzimlənir. Bəyannaməyə əsasən, tərəflər xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirir, həmçinin bu istiqamətdə Azərbaycan ilə Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərir. Bu tarixi sənəd beynəlxalq hüquqla tənzimləndiyindən diqqət mərkəzində olmuş və nüfuzlu təşkilatlar tərəfindən qarşılıqlı şəkildə dəsətəklənmişdir. Bəyannamədə nəzərdə tutulduğu kimi, tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək, yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı daha da dərinləşdirəcəklər. Eyni zamanda, hər iki ölkənin bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərməsi də prioritet vəzifə kimi qarşıya qoyulub”.

Komitə sədri Şuşa Bəyannaməsinə qədər də bir sıra sənədlərin imzalandığını vurğulayaraq deyib: “Xatırladım ki, imzalanan bütün sənədlər beynəlxalq hüququn norma və prinsiplərinə uyğunlaşdırılıb. 15 iyun Bəyannaməsi 1921-ci il oktyabrın 13- də Azərbaycan və Türkiyə arasında imzalanmış Qars müqaviləsinin, 1994-cü il 9 fevral tarixli Azərbaycan və Türkiyə arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilənin, həmçinin Azərbaycan və Türkiyə arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokolun davamıdır. Mən bunlara 2010-cu il avqustun 16-da imzalanmış Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləni də əlavə etmək istərdim. Bu sənədlərin hamısı beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Nizamnaməsinə uyğunlaşdırıldığından yüksək səviyyədə dəstəklənmişdir. Xatırladım ki, BMT Nizamnaməsinin VI fəsli sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlərdən bəhs edir. Qeyd etdiyim müqavilələr BMT Nizamnaməsinin həmin fəsli ilə üst- üstə düşür”.

Ç.Qənizadə Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən Şuşa Bəyannaməsinin təhrif edilməsi və gözdən salınması cəhdinə də münasibət bildirib. Qeyd edib ki, əslində, işğalçı ölkə belə yanlış açıqlaması ilə beynəlxalq hüququn norma və prinsiplərini də təhrif etdi. Otuz ilə yaxın bir müddətdə Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını kobud surətdə pozan, bir milyondan çox soydaşımızı ata-baba yurdundan didərgin salan işğalçı ölkənin dövlət rəsmiləri faşizm ideologiyasına meyilli olduğunu gizlətmədilər. Otuz ildir ki, beynəlxalq hüququn normalarını kobud şəkildə pozan Ermənistanın Şuşa Bəyannaməsinin bu hüquq və prinsiplərlə zidd olması barədə verdiyi gülünc və absurd açıqlama ikrah hissi ilə qarşılandı. Beynəlxalq hüququ tanımayan Ermənistan rəhbərliyi hansı hüquqların qorunmasından danışa bilər?

Hüquq müdafiəçisi bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi cavab açıqlamasında respublikamızın ərazilərinin işğaldan azad edilməsi ilə bölgədə yeni reallıq formalaşdığı qeyd olunur. Bu baxımdan, regional əməkdaşlığın həyata keçirilməsi üçün çox əlverişli imkanlar yaranıb. Ermənistan dövləti yaranmış bu vəziyyəti yetərincə qiymətləndirə, əməkdaşlıqdan faydalana və infrastruktur layihələrdə iştirak edə bilər. Ermənistan işğal siyasətindən əl çəkmədiyinə görə bütün infrastruktur layihələrindən kənarda qalmış, Türkiyə ilə sərhədləri açılmamışdır. Bu da Ermənistanın iqtisadiyyatını getdikcə iflic vəziyyətinə salıb.

Şuşa Bəyannaməsində beynəlxalq hüquqla qorunan hərbi tərəfdaşlığın da öz əksini tapdığını bildirən Ç.Qənizadə deyib: “Belə ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçiriləcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstəriləcək. Şuşa Bəyannaməsi ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasında, inteqrasiya prosesləri üçün hüquqi və mənəvi zəmin, o cümlədən yeni geosiyasi mənzərə yaradılmasında, habelə yeni münasibətlərin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir”.(AZƏRTAC)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top