Avro-2020-nin oyunlarının Bakıda keçirilməsi Azərbaycanın gücünə və potensialına olan etimaddır — Deputat

SİYASƏT 04 iyl 2021, 16:48
Azərbaycan Avro-2020-nin oyunlarını də uğurla başa vurdu. Futbol üzrə Avropa çempionatı çərçivəsində 4 görüşün Bakıda keçirilməsi Azərbaycana göstərilən böyük etimad idi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Azərbaycanda beynəlxalq futbol çempionatlarının keçirilməsi üzrə kifayət qədər böyük təcrübə var: “Respublikamızı beynəlxalq arenada layiqincə təmsil edən “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasına vəsiqə qazanması ilə əlaqədar bir neçə il əvvəl Bakı Olimpiya Stadionu UEFA Çempionlar Liqasının oyunlarına ev sahibliyi etmişdi. 2019-cu il mayın 29-da isə Bakı Olimpiya Stadionunda İngiltərənin “Çelsi” və “Arsenal” futbol klubları arasında UEFA Avropa Liqasının final oyunu keçirilib. Bakının ən mötəbər futbol turnirlərdən biri olan Avropa çempionatının oyunlarına ev sahibliyi etməsilə uğurlu təcrübənin əhatə dairəsi genişlənmiş oldu”.

Deputat qeyd edib ki, məsələnin siyasi baxımdan da mühüm əhəmiyyəti var. İkinci Qarabağ müharibəsindən cəmi 7 ay sonra dünya əhəmiyyətli yarışa ev sahibliyi etməsi ölkəmizin gücünü və çevik toparlanma qabiliyyətini göstərir. Azərbaycanın bu cür qlobal tədbirləri uğurla həyata keçirməsini şərtləndirən əsas faktorlar sürətli inkişaf, müasir idman infrastrukturu, eyni zamanda bu sahədə uğurlu təcrübəyə malik olmaqdır. Bu, həm də təşkilatçıların Azərbaycanın gücünə və potensialına olan etimadının təzahürüdür.

"Aydındır ki, dünyanın izlədiyi hər bir idman yarışı həm də beynəlxalq tədbirdir. Təcrübə göstərir ki, Azərbaycanın regionun lider dövləti kimi statusunu artıran əsas məqamlardan biri məhz beynəlxalq tədbirlər mərkəzinə çevrilməsidir. Bu kimi dünya səviyyəli tədbirlərin keçirilməsi Azərbaycanın, onun inkişaf səviyyəsinin, turizm potensialının dünyada təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir. Düşünülmüş siyasət, sabitlik, uğurlu beynəlxalq təşəbbüslər Azərbaycanı dünyada yalnız sabitlik və inkişaf deyil, həm də əməkdaşlıq məkanı kimi təqdim edir. Azərbaycanın dünyanın ən etibarlı sülh və tərəfdaşlıq platforması olması artıq beynəlxalq səviyyədə qəbul olunan reallıqdır”, -deyə deputat bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top