Deputat: "Ermənistan üçün belə tarixi şans bir daha yaranmayacaq"

GÜNDƏM 30 iyn 2021, 14:34
“Prezident Azərbaycan Ordusunun rəhbər və şəxsi heyəti ilə görüşdəki çıxışında vacib məsələlərə toxundu. Prezident Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsinə, yaranan geosiyasi reallıqlara və bölgənin inkişafına, uzunmüddətli sülhün yaranmasına diqqət çəkdi. O, bir daha qeyd etdi ki, Ermənistanın belə rəzil vəziyyətə düşməsi, dalan ölkəyə çevrilməsi onun Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticəsidir. Ermənistanın hərtərəfli ağır vəziyyəti prezidentin yürütdüyü uğurlu siyasətin məntiqi nəticəsidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Ermənistan dövlətçiliyini davam etdirmək və inkişafa nail olmaq üçün Azərbaycanın yaratdığı reallığı qəbul etməlidir:

 “Azərbaycan bu günədək bütün lazımi kommunikasiya, dəmir yolu xətlərini və digər zəruri addımları atıb. Azərbaycan həmçinin Ermənistanı işğalçılıq siyasətinə görə bütün layihələrdən məhrum edib. Nəticə etibarilə, Ermənistan ağır siyasi və iqtisadi dövr keçirib, xarici dövlətlərin əlində alətə çevrilib. Ermənistan müstəqillik əldə edə bilsə də, bu cür siyasətinə görə 30 il ərzində dövlət qura bilmədi. Prezidentin də vurğuladığı kimi, artıq bölgədə yeni reallıqlar yaranıb. Ermənistan da bu prosesin bir parçası olmaq istəyirsə, öz qonşuları ilə münasibətlərdə ciddi dəyişiklik etməlidir. Bunun üçün ilk iş Azərbaycanla münasibətləri normallaşdırmaq, sülh müqaviləsinin imzalanması yolunda real addımlar atmaq, ərazi bütövlüyünü tanımaq, ümumilikdə bütün ərazi iddialarından əl çəkməkdir. Ən əsası Ermənistan sivil düşüncə ilə yeni yaranmış geosiyasi reallığa uyğun addım atmalıdır”. 

Deputat vurğulayıb ki, Ermənistan üçün belə tarixi şans bir daha yaranmayacaq:

“Azərbaycan torpaqlarının bir hissəsi işğalda olduğu halda bütün zəruri siyasi və iqtisadi addımları atıb, lazımi əlaqələri qurub, kommunikasiya xətləri yaradıb. Azərbaycan Avropanın enerji təhlükəsizliyini şaxələndirən əlverişli tərəfdaş ölkəyə çevrilib. Azərbaycan bu illərdə Avrasiya kimi böyük coğrafi məkanın logistika mərkəzinə çevrildi. Göründüyü kimi Azərbaycan hər cür vəziyyətdə öz inkişafını təmin edib, Ermənistan isə bu müddət ərzində heç bir irəliləyişə nail ola bilməyib. Ermənistan qonşuları ilə münasibətləri bərpa etməsə, bundan sonra da bölgədə həyata keçiriləcək bütün layihələrdən məhrum olacaq. Ermənistan region dövlətləri ilə normal münasibətlər qurana qədər tərəfdaşlıqdan, beynəlxalq layihələrdən, ən əsası inkişafdan kənarda qalacaq. Ermənistan anlamalıdır ki, onların əlinə nadir şans düşüb. Bu dövlət mövqeyini dəyişməsə, Azərbaycanın ərazi bütövlüyünü tanımasa, revanşist ritorikadan əl çəkməsə, növbəti illərdə də vəziyyəti dəyişməyəcək və bölgənin inkişafından kənarda qalacaq”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top