Erməni terrorçularının məhkəməsində şok ifadələr: "Üzvü olduğum "Yetrapak" erməni təşkilatı Qarabağda azərbaycanlılara qarşı döyüşüb"

KRİMİNAL 30 iyn 2021, 13:11
Yasamal rayon Məhkəməsinin inzibati binasında birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki,  bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan iclasda  dövlət ittihamçısı sübutların tədqiqi ilə bağlı vəsatət qaldırıb. Bildirib ki, əvvəlcə şahid ifadələri dinlənildikdən sonra təqsirləndirilən şəxslərin ifadəsi davam etdirilsin. 

Vəsatət təmin edilib. 

Daha sonra şahid Ceyhun Vəlibəyov bildirib ki, təqsirləndirilən şəxs Xosrovyan saxlanılan vaxt hərbi xidmətdə olub: "Biz pusqu qurmuşduq. UAZ markalı avtomobilin gəldiyini gördük. Alyoşa Xosrovyan maşınla yaxınlaşanda ələ keçirdik. Onun avtomobilində silah-sursat da var idi. Biz onu yaxalayıb aidiyyəti şəxslərə təhvil verdik".

Digər şahid Tural Davudov isə bildirib ki, Cəbrayıl rayonunda Alyoşa Xosrovyan Azərbaycan hərbçilərini ermənilərlə səhv salıb üstünə gəlib: "Biləndə ki Azərbaycan hərbçiləri dur, maşına tərəf qaçdı. Avtomobildən silahı götürmək istədi. Amma biz ona imkan vermədik. O bizi zərərsizləşdirmək istəyirdi".

Prokurorun suallarını cavablandıran A. Xosrovyan isə bildirib ki, guya o silaha əl atmayın: "Mən gördüm ki Azərbaycan hərbçiləridir, sakitcə təslim oldum".

Şahid C. Vəliyev isə bildirib ki, Xosrovyan hərbi UAZ-da saxlanılıb və axtomobildə AK - 74 markalı avtomat, 2-3 daraq var idi. 

Alyoşa Xosrovyanın saxlanılması prosesində iştirak edən şahid Aydın Məmişov deyib ki, 2020-ci il oktyabrın 4-də xidmətdə olarkən UAZ markalı avtomobilin bizə yaxınlaşdığını müşahidə edib: "Biz dərhal onu mühasirəyə salıb yaxaladıq. Maşın gəldi dayandı, maşının içindəki adam başladı erməni dilində bizi çağırmağa. Biz onu yaxalayanda bildi ki, erməni deyilik. Maşına baxış keçirdik, döyüşə hazır vəziyyətdə avtomatı götürdük".

A. Məmişov bildirib ki, Xosrovyan hərbi geyimdə idi. 

Şahid Elnur Süleymanov isə deyib ki, A. Xosrovyan erməni hərbi formasında onlara yaxınlaşıb: "Maşın Cəbrayıl istiqamətindən Horadiz istiqamətinə hərəkət edirdi. Biz onu ələ keçirəndə gördüki, azərbaycanlıların, maşına qaçmaq istədi. Amma biz imkan vermədik".  

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs Alyoşa Xosrovyan bildirib ki, üzvü olduğu "Yetrapak" erməni təşkilatı əvvəl Qarabağda azərbaycanlılara qarşı döyüşüb: "Təşkilatın rəhbəri, erməni generalı Manvel Qriqoryan idi. O əvvəl Hadrutda döyüşüb. Mən isə müharibədən qayıdandan sonra həmin təşkilata üzv olmuşam. Mən 1991-92-ci illərdə Rusiyada olmuşam. 1988-90-cı illərdə hərbçi kimi sərhəddə olmuşam. O vaxt ermənilər Zəngilan bir neçə dəfə hücumlar etdilər. Həmin vaxtlarda mən də postlarda olmuşam. Sonra ayağımda yaralar başladı, mən postlara getmədim. Amma həmin vaxtlar ermənilər Qafandan Zəngilan və Qubadlıya gəlib gedirdilər. Amma mən onda ayağımdan müalicə alırdım. Amma bilirdim ki  Qarabağ erməniləri Zəngilan və Qibadlını zəbt ediblər. 2020-ci il oktyabrın 3-də bildim ki Azərbaycan hərbçiləri  Cəbrayılı işğaldan azad edib.  Amma mənə zəng edən zabit dedi ki, Cəbrayılda erməni əsgərləridir, qorxma gəl. 

Samvel Babayanı görməmişəm və kim olduğunu bilmirəm. Onun "Yetrapak" təşkilatının üzvü olduğunu bilmirdim. 1984-cü ildə bir dəfə Hadrutda olmuşam, ondan sonra o zonaya getməmişəm. Qarabağ ərazisində Hadutdan başqa heç yerdə olmamışam. Zərərçəkmiş şəxslərin heç birini tanımıram".

Zərərçəkmiş şəxs Cavid Hüseyn isə bildirib ki, Alyoşa Xosrovyan Lüdvik Mkrtçyanla birlikdə ona ağır işgəncələr verib: "Bunlar yalan danışmaqla özlərini günahsız tanıtmaq istəyirlər".

Zərərçəkmiş Zahid Həsənov isə deyib ki, 1994-cü ildə Xankəndində rus jurnalistin gözü qarşısında,  həmin ilin may ayında iŞuşada siqaret çəkmək üçün ayrılmış yerdə ona ağır işgəncələr verib: "Alyoşa da, Lüdvik də Azərbaycan dilini çox yaxşı bilir. Bizimlə Azərbaycan dilində danışırdılar. Məni çox yaxşı tanıyır hər ikisi".

Daha sonra təqsirləndirilən Lüdvik Mkrtçyana sərbəst ifadə vermək təklif olunsa da o "Sözüm yoxdur" deyib. Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, Naxçıvanda anadan olub və 18 yaşına qədər orada yaşayıb: "1969-cu il Dekabr 5-də Naxçıvan Muxtar respublikasında doğulub. 18 yaşına qədər orda yaşamışam. 1987-ci ildə orta məktəbi bitirmişəm. Erməni dilində oxumuşam. 1987-89-cu ildə hərbi xidmətdə olmuşam. Rusiya ordusunda xidmət etmişəm. Ordan ailəlikcə gəlmişik Ermənistana. Zərərçəkmişləri ilk dəfə burda görmüşəm. Alyoşanı da burda görmüşəm. 89-cu ildən sonra 90, 91, 92-ci illərdə mən və kiçik qardaşım Yerevanda ayaqqabı sexi açmışıq. 9-cu sinifdən mən ayaqqabı tikirəm. Ailəlikcə bu işlə məşğul idik. 1992-ci ildən sonra Yereqis kəndində olmuşam. Heç bir döyüş əməliyyatlarında iştirak etməmişəm. 1993-cu ildən sonra Ağdərədə olmuşam. Heç bir vəzifəm olmayıb. Əsgər olmuşam səngərdə. Təcrübəm yox idi ona görə cəmi 1 dəfə posta çıxmışam. Ordakı evlərə qarovul çəkirdim, yeməkxanalarda kömək edirdim. Mənə AK-74 silahı vermişdilər". 

Dövlət ittihamçısının "sənin əlində silah postda nə gəzirdin?"sualına Lüdvik Mkrtçyan cavab verə bilməyib: " Bu suala cavab verməkdən çətinlik çəkirəm. O vaxt könüllülər yığışıb azərbaycanlılara qarşı vuruşurdular. Mən azərbaycanlılardan heç bir ziyan görməmişəm. 2 ay Hadrutda olmuşam. 1994-də hərbi münaqişə bitdikdən sonra isə Suqovuşanda olmuşam".

Növbəti proses iyulun 7-də davam edəcək.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top