Gorbagor olmuş status necə xortladılır?


GÜNDƏM 11 iyn 2021, 11:39
Müharibə bitəndə ilk bəyanat Dağlıq Qarabağın statusu ilə bağlı oldu. Azərbaycan qəti şəkildə bildirdi ki, status verilməyəcək. Putin 22 noyabrda üztərəfli razılaşmaya geniş şərh verdi və status məsələsinin sonra həll olacağını, birgəyaşayışın nəticələrindən, qarşılıqlı etimaddan asılı olduğunu deyərək mövcud status-kvonun hələ qalacağını bildirdi. Ermənistan isə 13 noyabrdan Minsk Qrupunun vasitəçiliyi ilə tezliklə Qarabağın statusu məsələsinin müzakirə edilməsini şərt kimi səsləndirdi. Həmsədrlərin müharibədən sonra verdiyi bəyanatlarda da status məsələsi birmənalı şəkildə vacib amil kimi vurğulanıb.
 
İndi isə RF XİN başçısı Sergey Lavrov bildirir ki, “Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) iştirakı ilə əlaqələndirilməlidir, lakin indi bu məsələni vurğulamaqdan çox, bölgəyə dinc həyatın qaytarılmasına diqqət yetirmək lazımdır”. Deməli, status məsələsini həmsədrlər domokl qılıncı kimi başımızın üztündə saxlayıb təzyiq kimi istifadə edirlər. Bu məsələnin bir tərəfi, ikincisi odur ki, Azərbaycanın bu məsələdə rolu sanki nəzərə alınmır, daha çox Minsk Qrupunun iştirakı ilə status həll olunacaq. Nəhayət, o da vurğulanır ki, hələ iki il, üç il də keçəndən sonra bunu müzakirə etmək olar. Birgəyaşayış və qarşılıqlı etimad formalaşandan sonra bu barədə danışılacaq. Birgəyaşayış deyəndə bəlkə bizim Ağdamda, ermənilərin də Xankəndiundə yaşaması düşünülür? Birgəyaşayış o vaxt olar ki, azərbaycanlı qaçqınlar Dağlıq Qarabağa qayıtsınlar, amma müharibədən 7 ay keçməsinə baxmayaraq nəinki köçmək məsələsi danışılmır, heç bu barədə rəsmi mövqe də yoxdur. Biz o yerlərə köçməyəcəyiksə hansı birgəyaşayışdan və qarşılıqlı etimaddan danışmaq olar? 
 
Diplomatlar nadir hallarda ikibaşlı danışmırlar, bəzən çox da olur. Lavrova xas bu maneradan təəccüblənmədik. Rusiyanın bu günə və gələcəyə hesablanmış siyasətinin mahiyyəti belədir və bu mövqe imperiya ambisiyasının rəsmi təzahürüdür. Bir tərəfə-yəni bizə ərazi bütövlüyümüzü tanıdığını söyləyir, o biri tərəfə isə ümid verir ki, status məsələsindən imtina olunmayıb. Rusiya bilərəkdən qeyri-müəyyənlik yaratmaqla bölgədə qalmaq müddətinin hələ çox uzanacağına işarə vurur. 
 
Yalnız Lavrov deyil, Qarabağ mövzusunu daim gündəmdə saxlayan rusiyalı politoloqlar da statusdan indi daha tez-tez danışırlar, hətta keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bərpa olunmasını “ən doğru variant” hesab edənlər də var.
 
Qarabağ ermənilərinin bütün ümidi Rusiyadır. Qarabağ ermənilərində Azərbaycan fobiyası o qədər güclüdür ki, bizdən başqa hamı ilə birgə yaşamağa hazırdırlar. Baxmayaraq ki, Ermənistanın şezofrenik ombudsmanı Tatoyan Azərbaycandan hər yerə şikayət yazır ki, Azərbaycanda ciddi “ermənifobiya” mövcuddur. Yox, ermənilər sadəcə bizə qarşı törətdikləri cinayətləri yaxşı bilirlər, ona görə də bizimlə birgə yaşamağı ağıllarına gətirmirlər. Bu gün ən səfeh vəziyyətdə qalan da elə Qarabağ erməniləridir. Qeyri-müəyyənlik içində çabalayan, heç bir siyasi-mənəvi gələcəyi olmayan bu toplum diasporanın təhriki və Rusiyanın da ambisiyaları altında heç zaman firavanlıq görməyəcəklər.
 
Gələn həftə Qarabağ çox yüksək səviyyələrdə müzakirə olunacaq- NATO sammitində Bayden- Ərdoğan görüşündə, iki gün sonra Cenevrədə Bayden-Putin görüşündə Qarabağ ətrafında danışıqlar olacağı da elan edilib. Bu görüşlərdə də status məsələsinə toxunulacağı şübhə doğurmur. Makronun da Türkiyə prezidenti ilə NATO sammitində ayrıca görüşüb həm də Qarabağın statusundan söhbət edəcəyi barədə artıq informasiyalar yayılır. Göründüyü kimi status məsələsini müzakirə edənlərin siyasi çəkisi getdikcə ağırlaşır. 
 
Azərbaycan statusun son ünvanını, yazının girişində qeyd etdiyimiz kimi, bildirib və Minsk Qrupuna da rəsmi mesaj göndərib ki, “təzə təklifiniz varsa” buyurun gəlin, yoxdusa mənasız yerə görüşməyə ehtiyac yoxdur. Amma, status məsələsinin belə aktiv müzakirəyə çıxarılmasının bir günahını da özümüzdə axtaraq. Faktiki olaraq 10 noyabr günündən sonra bu məsələyə rəsmi münasibət bildirilməyib. Nəinki status məsələsinə, heç  bu yeddi ay ərzində Azərbaycanın rəsmən Xankəndinin adını belə çəkməməsi, Dağlıq Qarabağla əlaqədar digər məsələlərin müzakirəyə başlanması üçün konkret mövqe ortaya qoymaması cəmiyyətdə narahatlıq yaradır. Qalib dövlətin nəzarət edə bilmədiyimiz torpaqlarımız haqqında müharibədən sonra çəkingən mövqe sərgiləməsi aydın deyil. Əlavə iddiamız da yoxdur, 10 noyabrda imzalanmış üçtərəfli razılaşmanın yerinə yetirilməməsi haqqında ən azı Rusiya qarşısında məsələ qaldırılmayıb. Ortada imzalanmış konkret razılaşma olsa da onun müddəaları yerinə yetirilmir. Nə erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını tərk edib, nə də qaçqınlarımızın geri qayıtması üçün rəsmi addım atılmayıb. Qarabağ daxili yollar da hələ də bizim üzümüzə bağlıdır. Elə bu səbəbdən də düşmən və havadarları “cəhənnəmə göndərilmiş statusu” yenidən xortlatmaq istəyirlər.
 
Ermənilərin ümid və spekuliyasiya yeri olan statusun da son günlər gündəmə gətirilməsi elə bizim qeyd etdiyimiz məsələlər haqqında heç bir fəaliyyətimizin olmaması ilə bağlıdır. Düşmən bir neçə gündən sonra seçkilərini başa vurub bir hökümət qura bilsə bizim ilk irəli sürəcəyimiz məsələ 10 noyabr bəyanatının yerinə yetirilməyən bəndləri ilə əlaqədar olmalıdır. Düşmənin siyasi kataklizmlər yaşadığı böhranlı dövrdən bəhrələnmədikcə havadarlarının statusu yenidən zühr etdirmək siyasəti konkretləşəcək. Gecikmək olmaz.
 
İlham İsmayıl
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sen 2021, 12:08
19 sen 2021, 08:30
Top