“Bıçağı boğazıma dirədi” — İşdən evə gələn qadın başına gələn dəhşəti danışdı

KRİMİNAL 31 may 2021, 14:37
Abşeron rayonunda 1981-ci il təvəllüdlü Anar əmlakını ələ keçirmək məqsədilə qonşusu Türkana qarşı quldurluq edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Anar Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi yeni məhəllədə, yaşadığı küçədə sərxoş vəziyyətdə evinə gedən qonşusu Türkana yaxınlaşıb. O, qadının saçını əli ilə tutub, digər əlindəki bıçağı onun sol körpücük nahiyəsinə dirəyib, üstündəki əl çantasını və pullarını tələb edib.

İstintaq orqanı tərəfindən Anarın barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Anarın barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Anar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində anası Həqiqət ilə birlikdə yaşayır: “Rəsmi olaraq heç bir yerdə işləməsəm də, fərdi qaydada tikintidə fəhlə işləmişəm, mütəmadi olaraq spirtli içki qəbul etmişəm. Türkan mənimlə qonşuluqda yaşayır. Türkan və ailəsi ilə heç bir ədavətim və düşmənçiliyim olmayıb. Onu sadəcə qonşu kimi tanımışam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən günü saat təxminən 12-13 radələrində yaşadığı evdə spirtli içki qəbul edib: “Saat təxminən 13 radələrində evdən çıxaraq xatırlamadığım yerə getdim. Evdən çıxan zaman üzərimdə mətbəx bıçağı olub. Saat təxminən 18 radələrində yaşadığım küçədə yerləşən ət dükanından ət alaraq evə qayıtdım. Evimizə yaxınlaşan zaman polis əməkdaşlarını yaşadığım evin yaxınlığında gördüm. Bundan sonra polis əməkdaşları mənə yaxınlaşdı və məni avtomobilə mindirərək Qobu polis bölməsinə apardılar. Polis bölməsində olduğum zaman qonşuluqda yaşayan Türkanın məndən şikayət etdiyini bildim. Polis bölməsində üzərimdə olan bıçağı polislərə təqdim etdim”.

Anar qeyd edib ki, həmin günü içkili olsa da, Türkanın s boğazına bıçaq sıxıb, ondan əl çantasını və pulunu tələb etməyib: “Həmin vaxtı içkili olduğumdan heç bir hərəkətimi xatırlamamışam. Əlimdə olan mətbəx bıçağını nə məqsədlə götürdüyümü də bilmirəm”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Türkan bildirib ki, ailəsi ilə birlikdə yaşayır, Bakı şəhəri, Nizami metro stansiyasının yaxınlığında yerləşən “Aura” qadın salonunda saç ustası işləyir: “Anar mənimlə eyni küçədə qonşuluqda yaşayır. Anar spirtli içki aludəçisi olmaqla mütəmadi olaraq yaşadığı ünvanda səs-küy salır, bizimlə münasibətləri elə də yaxşı olmayıb. Hadisə baş verən günü işdən çıxaraq evə gəldim. Saat təxminən 18 radələrində yaşadığım Atyalı yaşayış massivində küçə ilə evimə gedən zaman Anarla qarşılaşdım. Yerimdə dayanaraq Anarın getməyini gözlədim. Sonra küçə ilə bir qədər getdikdə, yenə Anar qarşıma çıxdı. Həmin vaxtı Anar sərxoş olub. Mənə yaxınlaşaraq hara getdiyimi soruşdu. Anara qonşu olduğumu bildirdim. Həmin vaxtı Anar əlini belinə qoyaraq bir qədər yerində dayandı. Bir neçə saniyədən sonra əlində olan bıçaqla üstümə gəldi. Anar əlində olan telefonumu vuraraq yerə saldı. Sonra saçımdan tutaraq əlində olan bıçağı boğazıma sıxdı. Bundan sonra Anar əl çantamı açmağımı dedi. Həmin vaxt əl çantam yerə düşdü. Anar saçımdan tutaraq bıçağı boğazıma sıxdığı üçün əyilib yerdən çantamı götürə bilmədim. Həmin vaxtı küçədə oynayan tanımadığım uşaq bizi gördü. Anarın hərəkətlərinə uşaq güldüyü üçün əsəbləşdi. Bu zaman imkan taparaq uca səslə qışqırdım. Bu vaxt məni qarşılamaq üçün gələn qayınatam Vahid səsimi eşitdi, yanıma tərəf qaçaraq gəldi”.

Türkanın sözlərinə görə, Anar qonşuların da onlara tərəf gəldiyini görüb və onu buraxaraq oradan qaçıb: ”Həmin vaxtı küçədə olan polis əməkdaşları Anarı saxladı, əlində olan bıçağı alaraq onu polis bölməsinə apardılar. Bununla bağlı Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinə gedərək ərizə ilə müraciət etdim”.

Məhkəmənin hökmü ilə Anar 11 il müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top