“Binəqədi Rezidence”in fəhələləri arasında qanlı dava — Şok təfərrüat


KRİMİNAL 24 may 2021, 11:12
Bakının Binəqədi rayonunda Sabirabad rayon sakini, 1981-ci il təvəllüdlü Bakir şəxsi münasibətlər zəminində Şafiq və Rahimi bıçaqlayıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 19 fevral 2020-ci ildə, saat 19 radələrində Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 6 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə idarəsinin qarşısında baş verib.

Bakir hadisədən bir qədər əvvəl iş yoldaşı Şafiq ilə işlədikləri Binəqədi şosessi, 5 ünvanında yerləşən yeni inşa olunan “Binəqədi Residence”nin binasında aparılan təmir işləri ilə əlaqədar orada olan elektrik naqillərindən birinci kim tərəfindən istifadə edilməsi ilə bağlı razılığa gəlməyiblər.

Buna görə də Şafiqin qohumu Rahim Bakirin Şafiqdən üzr istəməsini tələb etməsi səbəbindən aralarında mübahisə yaranıb. Mübahisə zamanı Bakir üzərində olan bıçaqla hər ikisinə xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Bakirin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Eldar İsmayılovun sədrliyi ilə araşdırılıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bakir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, fevralın 19-da “Binəqədi Rezidence”n binasında təmir işləri aparmışıq. Bu zaman işıqların söndüyünü gördüm. Qapının yanına gəldim və əvvəllər tanımadığım, adını sonradan bildiyim Şafiq adlı şəxsin çəkdiyim işıq xəttinə qarmaq atmaq yolu ilə müdaxilə etdiyini gördüm. Bu barədə Şafiqə iradımı bildirdim, qarmaq atmamasını, “udlinitel“ qoşaraq işıqdan istifadə etməsini bildirdim. Bu sözlərim Şafiqin xoşuna gəlmədi və mübahisə etdik. Mübahisə zamanı Şafiq mənə bir yumruq, mən də Şafiqə bir şillə vurdum. Həmin vaxt orada olan şəxslər bizi ayırdılar. Sonra biz bir-birimizdən üzr istədik. Hərəmiz öz işimizə getdik”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, axşam işdən çıxan zaman Şafiq və yanında sonradan adını bildiyi Rahimin onu gözlədiklərini görüb: “Şafiq və Rahim tikintinin yanındakl çayxanada oturmağı və mübahisəyə son qoymağı təklif etdi. Çayxanada Rahim mübahisənin necə baş verdiyini soruşdu. Hər ikimiz hadisəni olduğu kimi danışdıq. Rahim Şafiqə iradını bildirdi, mənə Şafiqdən üzr istəməyimi və barışmağımızı təklif etdi. Şafiq buna etiraz etdi və biz çölə çıxdıq. Həmin vaxtı Rahim birinci olaraq mənə Şafiqdən üzr istəməyimi dedi. Rahimə mübahisənin Şafiqin başladığını və nəyə görə ondan üzr istəməli olduğumu dedim. Belə olan halda Rahimlə aramızda mübahisə oldu. Həmin vaxtı Rahim ünvanıma nalayiq ifadələr işlətdi”.

Bakirin verdiyi ifadəyə əsasən, bu zaman Şafiq də onun valideynlərinin və ailəsinin ünvanına söyüşlər söyüb: “Bundan əsəbləşərək iş zamanı istifadə etdiyim və cibimdə saxladığım bıçağı çıxardaraq ilk növbədə Rahimi vurdum. Həmin vaxt Şafiq yerdən daş götürərək üstümə gəldi. Bu zaman həmin bıçaqla Şafiqi də vurdum və oradan uzaqlaşdım. Hadisədən sonra onlarla təkrar görüşdüm və onların hər ikisi ilə barışaraq bıçaqladığıma görə üzrxahlıq etdim.

Məhkəmənin hökmü ilə Bakirin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 2 il 11 ay 29 gün müddətinə şərti cəza təyin olunub.

Fariz Məlikli
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top