İlham Əliyev erməni diasporasına necə qalib gəldi? — TƏHLİL

TƏHLİL 21 may 2021, 20:16
Ermənistanın yeni rəhbərliyi Ter-Petrosyan sayaq daşnak diasporasından imtina etməlidir

44 günlük Vətən savaşında bitirici güc, heç şübhəsiz, Azərbaycan Silahlı Qüvvələri idi. Necə deyərlər, zərgər dəqiqliyi ilə işlənmiş hərbi strategiya, müasir silahlar və Qarabağı düşmən tapdağından azad etmək üçün savaşa toya-bayrama gedirmişcəsinə yollanan müstəqil Azərbaycanın əsgər, zabit və generallarının rəşadəti, Ali Baş Komandan İlham Əliyevin mükəmməl sərkərdəlik məharəti ilə 10 noyabr 2020-ci ildə Ermənistan qarşımızda diz çökdü, kapitulyasiya aktına- Üçtərəfli Bəyanata imza atdı. Sosial şəbəkələrin erməni seqmentində bu bəyanata son dərəcə sərrast verilən bir qiymətə rast gəldim. Erməni sosial şəbəkə fəalı yazırdı:

“10 noyabrda imzalanan Üçtərəfli Bəyanatdan sonra Ermənistan Qarabağı əbədi itirdi, özü isə Azərbaycana əsir düşdü”.

Bəli, Qafqazda hərbi-siyasi güc, diqtə edən, reallıqlar yaradan tərəf Azərbaycandır. Nəinki Ermənistanın, həm də Azərbaycan-Ermənistan münasibətlərində yeni bir səhifə açılması ilə Gürcüstanın, bütövlükdə regionda marağı olan bütün beynəlxalq güclərin hesablaşmalı olduğu üstün iradə Azərbaycan xalqına, dövlətinə və prezidentinə məxsusdur. Bu son 200 ildə Qafqazda, SSRİ-nin dağılmasından sonra isə post sovet məkanında tamamilə yeni paradiqmadır. Keçmiş SSRİ respublikalarına baxın, heç bir regionda qüvvələr nisbəti belə tarazlaşmayıb. Məhz bu dəngə çoxkonfliktli Qafqazı orta vədədə Baltikyanı ölkələrdən belə önə çıxaracaq.

Bu tarixi zəfər Azərbaycan ordusunun erməni ordusu, müstəqil Azərbaycan dövlətinin xarici faktorlardan son dərəcə asılı vəziyyətdə olan Ermənistan Respublikası, prezident Əliyevin Qarabağ işğal edən və işğalda saxlayan, Şuşada parlament binası tikəcək, torpaqlarımızda “Yallı” gedəcək qədər həyasızlaşmış erməni istibleşmenti və ideologiyası- tsexokronizm üzərində qələbəsi ilə yanaşı, yüzdən çox yaşı olan erməni diasporasını da soğan kimi əzmək deməkdir.

Erməni diasporasının roluna Azərbaycan ictimai rəyində şişirdilmiş bir yanaşma vardı, bunu qəbul etmək lazımdır. Ancaq bu diasporanı kiçik, təsirsiz, sadəcə qondarma genosid günündə plakatlar açan, ağlaşmalar quran bir şəbəkə kimi görmək də böyük yanlış olardı.

Əvvəla, ABŞ və digər qərb dövlətlərinin SSRİ-nin dağılma prosesinə cəlb etdikləri əsas alətlərdən biri məhz erməni diasporu idi. Sosialist sistemi praktikada özünü doörultmamışdı və gec-tez dağılmağa məhkum idi. Bu prosesi sürətləndirmək üçün Qərb SSRİ məkanında etnik münaqişələr yaratmağa, bu münaqişələri avtoriteti zəifləyən mərkəzi hakimiyyət üçün həllolunmaz vəziyyətə gətirməyə, sosial-iqtisadi sistemi bir-birinə sıx bağlı olan respublikalar arasında yaranan ziddiyyətlərlə ümumi iqtisadiyyatı çökdürməyə üstünlük verirdi.

Məhz bu məqsədlə erməni diasporuna xüsusi missiya həvalə edilmişdi və onların təhriki ilə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürür, torpaqlarımızı işğal etmək üçün maddi və siyasi motivasiya qazanır, işğalı ilhaqa çevirmək üçün diplomatik dəstək əldə edirdi.

“Diaspora” bir məfhum olaraq “ana vətənə dönüş” xəyalları üzərində qurulan, etnik kimliyi, dil və adətləri qorumağa xidmət edən azlıqlar şəbəkəsini ifadə edir. Cüzi istisnalar xaricində, Ermənistan dünyanın heç bir ölkəsində diaspora üçün ana vətən deyil. Erməni diasporunu təşəkkülü 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş təchirlə bağlıdır. Erməni diasporunun əsas ideoloji-siyasi təşkilatçısı olan Erməni İnqilab Federasiyası- Daşnaksütyun həm də ideoloji fərqlərdən dolayı sovet ermənilərini və Ermənistanını “erməni millətinin legitim davamçısı” kimi görmürdü. Ermənistanı diaspor ermənilərinə “vətən” olaraq tanıtmaq üçün sovet diplomatik korpusu tərəfindən sistemli təbliğat aparılmışdı. 1964-cü ildə isə, xaricdəki erməniləri ələ almaq və onlardan yaşadıqları ölkəyə qarşı təzyiq qrupu kimi istifadə etmək üçün rəsmi səviyyədə agentlik təsis edilmişdi. Lakin sovet erməniləri diaspor erməniləri arasında intensiv əlaqələrin qurulması son nəticədə SSRİ-nin əleyhinə işlədi.

Bununla belə, SSRİ-nin dağılmasından sonra müstəqilliyini elan etmiş Ermənistan dünyanın ən güclü diasporasına malik İsraildən fərqli olaraq, xaricindəki erməniləri ölkəyə cəlb edə bilmədi, demoqrafik və intellektual potensialını artırmağı bacarmadı. Bunun bir səbəbi Ermənistanın diaspor ermənilərinin mütləq əksəriyyəti üçün əsl vətən olmaması idisə, digər səbəbi də Amerikada, Avropada, hətta Rusiyada doğulmuş yeni erməni nəsillərinin modernləşmiş olması idi.

Xüsusən, Qərb dövlətlərində yaşayan ermənilərin modernləşmiş olması Azərbaycanla savaşda Ermənistana əlahiddə bir üstünlük qazandırırdı. Qazanılan azadlıqla necə davranacağını bilməyən, qapalı sovet sisteminin yetirmələri olan azərbaycanlılardan fərqli olaraq Qərb mühitində formalaşmış ermənilər kapitalist dünyasının bir parçası olmaqla sistemin necə işlədiyini bilir, fəaliyyət planlarını məhz modern münasibətlər sisteminin tələblərinə uyğun tərtib edir, ianə toplayır, askiyalar keçirir, təşviqat materialları hazırlayır, təsirli və populyar fiqurları satın alır, şam yeməklərində bir qədəh konyakla Azərbaycan əleyhinə səslər formalaşdırırdılar.

Beləliklə, İkinci Qarabağ savaşı ərəfəsində erməni diasporu üçün bir neçə əsas səciyyəvi cəhət vardı:

- “Hostland”-in, yəni sözdə guya qonaq olduqları dövlətlərin deyil, “homoland”-in, əslində ana vətənləri olmayan “ana vətən”lərinin sərhədlərinin genişlənməsi uğrunda çalışırdılar;

- Yeni informasiya texnologiyalarının meydana çıxması ilə ayrı-ayrı ölkələrdəki erməni diaspor təşkilatları arasında inteqrasiya güclənmiş, dövlətlərin arasında və üstündə, obrazlı desək, “mesaj qutusu” ərsəyə gəlmişdi;

- Ermənistandakı siyasi aktyorlar və vətəndaş cəmiyyəti təsisatlarına, Qarabağdakı seperatçı hərbi xuntaya birbaşa maliyyə dəstəyi verir, onları özlərindən asılı vəziyyətdə saxlayırdılar.

- Ermənistan hökuməti və Dağlıq Qarabağdakı seperatçı rejimlə “hostland” ölkələrinin siyasi, hərbi, mədəni elitası, beynəlxalq təşkilatlar və KİV-lər arasında vasitəçi missiya yerinə yetirirdilər.

Gözlənilən savaşda Azərbaycanın Ermənistanı yenmək üçün bütün resursları vardı- demoqrafik, iqtisadi, hərbi üstünlük birmənalı olaraq bizdə, beynəlxalq hüquq isə, tərəfimizdə idi. Azərbaycan Heydər Əliyev Fondunun xətti ilə erməni diasporunun təsir obyektlərinə yönəlmiş ciddi layihələr həyata keçirmiş, müstəqillik illərində yaradılmış Diaspora ilə iş Komitəsi vasitəsi ilə xaricdə yaşayan azərbaycanlılar və Türkiyə türkləri arasında koordinasiya təmin olunmuşdu. Lakin Vətən savaşında erməni diasporunun İrəvana dəstəyini heçə çıxardan ən önəmli amil dövlət başçımızın artıq bir neçə nəsil Amerikada, Avropada yaşamış, nüfuzlu universitetlərdə təhsil almış, etiraf edək, uğurlu həyat hekayələrinə malik olan erməni diaspor liderlərindən daha dərin intellektə, daha müasir dünyagörüşə malik olması, dünyanı səlis oxuması, beynəlxalq münasibətlər sistemindəki dəngələri daha düzgün təyin etməsi oldu. İlham Əliyev öz liderlik keyfiyyətlərini qlobal miqyasda ortaya qoymaqla SSRİ kimi nəhəng bir imperiyanın yıxılmasında müstəsna rol oynayan, Türkiyə kimi ənənələrə və böyük gücə malik bir dövlətə illərdir üsyan bayrağı açan erməni diasporunun mifini darmadağın etmiş oldu.

Yada salmaq kifayətdir ki, Vətən müharibəsi dövründə İlham Əliyev dünyanın 26 aparıcı mediasına (18 TV, 5 agentlik və 3 qəzet) müsahibə verdi, onun çıxışları və bəyanatları bütün dünyanın gündəmində oldu. Vətən müharibəsindən sonra, bu il fevralın 26-da dövlət başçısı yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında 4 saat ərzində 35 media qurumunun 50-dək suallarını cavablandırdı. Aprelin 11- də ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış - müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda dəyirmi masada dünyanın 15 ölkəsindən aparıcı beyin mərkəzlərinin nümayəndələri Azərbaycan prezidentinə istədikləri qədər sual ünvanladılar. Dünən isə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrdə müxtəlif ölkələrin sabiq prezidentləri, baş nazirləri, yüksək vəzifəli şəxslər, tanınmış ictimai-siyasi xadimlər, diplomatlar, politoloqlarla müzakirələr aparıldı. Bütün bunlar Azərbaycanın mövqeyini və arxalandığı həqiqətləri cəsarətlə, aydın, məntiqli və əsaslı şəkildə bütün dünyaya çatdırılması, Ermənistanın arxalandığı diaspora quruluşlarının tərk silah edilməsidir.

Bu günlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələr təşkil etmiş, tədbirdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində qazandığı zəfərin Ermənistanın müstəqilləşməsinə təkan verəcəyini söyləmişdi. Bəs, Ermənistan kimdən və nədən müstəqilləşməlidir? Əlbəttə, Ermənistanın öz müstəqilliyini kağız üzərindən çıxarmaq üçün atacağı çox addımlar var, amma bu addımlardan ən mühümü diaspordan asılılığı aradan qaldırmaqdır. Bunu ilk növbədə o zəruri edir ki, erməni diasporuna daşnak ruhu hakimdir və bu zehniyyət Ermənistanın heç bir dövlətlə tərəfdaşlıq münasibətləri qurmasına, xüsusən də, Azərbaycan və Türkiyə ilə sülh və əməkdaşlıq çərçivəsində yaşamasına imkan vermir. Tarix isbat edir ki, Azərbaycana etdiyi hərbi təcavüz Ermənistanı 30 il geri saldı və itirilmiş bu onilliklərin ağrısını İrəvan yaxın, orta və uzaq vədədə də çox çəkəcək. Daşnak zehniyyəti bu 30 il ərzində Ermənistanı ancaq işğal altında olan Azərbaycan rayonlarını dağıtmağa, toponimləri dəyişməyə sövq edib. Bunun son nəticəsi isə o oldu ki, İlham Əliyev azad edilmiş ərazilərimizə gedəndə, o lövhələrdən birini ayaqlarının altına alıb təpiklədi. Savaşdan sonra erməni diasporu İrəvandakı siyasi elitanı və elektoratı revanşist meyillərə sürükləyir. Revanşizm Ermənistanı ziyanın yarısından qayıtmaqdan çəkindirir, rasional düşüncəni baltalayır, regional inteqrasiyaya mane olur, başqa sözlə, düşdüyü bataqlıqda başından basır. Baxın, bu gün bir dövlət olaraq Ermənistana qaz verilməsinə mane olmuruq, işğaldan azad edilən ərazilərimizdəki yollardan (söhbət 20 kilometrdən çox bir magistraldan gedir) keçmələrinə bir söz demirik, bütün bunların qarşılığında Ermənistanın siyasi qüvvələri ölkəmizə təşəkkür etmək əvəzinə, heç dəxli olmayan ünvanlara minnətdarlıq ifadə edir. Bu onun açıq göstəricisidir ki, erməni siyasi elitası maddi cəhətdən asılı olduğu diasporanın küyünə gedərək “Azərbaycanofobiya” modundan çıxa bilmir.

Diasporanın Ermənistanın qaşını düzəltmək əvəzinə gözünü çıxardığını fərq edən sabiq prezidentləri Levon Ter-Petrosyan olmuşdu. Erməni diasporunun diqtəsini qəbul etmədiyindən istər xaricdəki, istərsə də daxildəki daşnaklarla Ter-Petrosyanın münasibətləri gərgin idi. Ermənistanın ilk prezidenti hətta Daşnaksütyun partiyasının fəaliyyətini qadağan etmiş, bir çox fəalını isə həbsə göndərmişdi. Robert Köçaryan 1998-ci ildə Ermənistanda hakimiyyətə gəldikdən sonra isə diasporanın əl-qolu açıldı, Ermənistan rəsmiləri, siyasi partiyaları, mediası, kilsəsi, lobbi qrupları, xaricdəki daşnaklar ilə birlikdə “yenidən erməniləşdirmə” şüarını irəli sürdülər. Diaspora Ermənistanın təhlükəsizlik doktrinasında xüsusi maddəyə çevrildi, “Tamamlayıcı Xarici Siyasət” adı verilən doktrinada isə ilk hədəf oldu. Robert Köçəryanın “Tamamlayıcı Xarici Siyasət”inin əsas müddəaları bunlar idi:

1) Xaricdəki ermənilərlə əlaqələri təşkilatlandırmaq;

2) Ermənistanı qlobal iqtisadi sistemə daxil etmək;

3) Başda Rusiya olmaqla təsirli dövlətlərlə münasibətləri yaxşılaşdırmaq, yəni bir ayağı Moskvada, bir ayağı Vaşinqtonda olan, bir əli ilə Avropa İttifaqını, digər əli ilə İranı salamlayan dəngə yaratmaq;

4) Qarabağ münaqişəsini Ermənistanın tam lehinə çözmək.

Robert Köçəryan və onun ideoloji- siyasi davamçısı olan Serj Sərkisyan dövründə bu hədəflərin heç biri reallaşmadı.

Köçəryanın “Qarabağ münaqişəsinin bütün tərəfləri qane edəcək həll yolu yoxdur” devizini isə zamandan daha rasional istifadə edən Azərbaycan Ermənistanın məyusluğu ilə sonuclandırdı. Bu günün və sabahın Ermənistan rəhbərliyi, ən başlıcası isə, erməni xalqı bir həqiqəti başa düşməlidir ki, onları məyus edən səbəblər və nəticələr silsiləsini düzgün təhlil etsələr, Azərbaycanın ədaləti bərpa etməklə əslində, regiona və dünyaya inteqerasiya etmək üçün onlara tarixi şans yaratdığını fərq edəcəklər.

Hazırda Azərbaycan erməni diasporunun ən mütəşəkkil fəaliyyət göstərdiyi ABŞ-la hərbi sənaye üzrə əməkdaşlıq planları qurur, Çinin Asiyanı Avropa ilə birləşdirən “Bir kəmər, bir yol” layihəsinin ən önəmli həlqəsini təşkil edir, Rusiyanı Qarabağ savaşında neytrallığını təmin edə bilirsə, Ermənistanın rəsmi Bakının “gəlin, qonşuluq edək” çağırışına qulaq verməyib daşnak tör-töküntülərinin “dünyanı erməniləşdirmək” kimi sarsaq xəyallarının ardınca getməsi erməni xalqını yenidən “Dəmir yumruq” altında qoyacaq.

Taleh Şahsuvarlı,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top