Cənubi Qafqazda sülh dövrü başlayır: Ermənistanın üzərinə hansı məsuliyyət düşür? — TƏHLİL

TƏHLİL 10 avqust 2025, 20:11
Prezident İlham Əliyevin Donald Trampın dəvəti ilə baş tutan ABŞ səfəri və Vaşinqtonda imzalanan sənədlər həm Azərbaycan-ABŞ münasibətlərində, həm də Cənubi Qafqazda yeni dövrün başlanğıcı oldu. Artıq Bakı-Vaşinqton münasibətlərində, eləcə də regionumuzda hər şey Vaşinqton görüşünün nəticələrinə uyğun müəyyən ediləcək.

- Azərbaycan-ABŞ münasibətləri əməkdaşlıq müstəvisindən strateji tərəfdaşlıq müstəvisinə keçdi.

- Azərbaycan-Ermənistan sülh sazişinin paraflanması ilə sülhə doğru ciddi addım atıldı.

- Zəngəzur dəhlizinin açılması rəsmiləşdi.

- Və anti-Azərbaycan qüvvələr oyundankənar vəziyyətə düşdü.

Prezident İlham Əliyevin Vaşinqton görüşünün yekunları ilə bağlı mediaya müsahibəsində bütün detallar öz əksini tapır. Səfərin nəticələrini çox yüksək qiymətləndirən dövlət başçısı qeyd edib ki, Amerikada işgüzar səfərdə olmaq, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir: 

“Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. 

Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir. Prezident Trampla görüşümüz çox səmimi şəkildə keçdi. Deyə bilərəm ki, dostluq şəraitində keçdi. Bir çox önəmli məsələlər müzakirə edildi. 

Eyni zamanda, bildiyiniz kimi, Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupu da yaradılmışdır və əlbəttə ki, bu sənədin böyük əhəmiyyəti var. Orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir. Yəni, sadəcə olaraq, bu istiqamətlərin sadalanması onu göstərir ki, ölkəmiz qarşısında nə qədər böyük imkanlar açılır və artıq mənim göstərişimlə Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub. Biz öz təkliflərimizi irəli sürəcəyik. 

Artıq mənim səfərim çərçivəsində Amerikanın bir neçə aparıcı şirkəti ilə görüşlər keçirilmişdir. Yəni, biz vaxt itirmək istəmirik. Onsuz da əvvəlki administrasiya dövründəki dörd ili mən itirilmiş illər kimi qiymətləndirirəm. Çünki əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı. Ona görə indi biz vaxt itirə bilmərik. Xüsusilə, cənab Trampın və onun administrasiyasının nümayəndələrinin - komandasının Azərbaycana olan müsbət münasibətini, yəqin ki, tamaşaçılar da bizim keçirdiyimiz görüşlərdən və mətbuat konfransındakı ab-havadan hiss ediblər”.

Prezident İlham Əliyevin açıqlamalarından birdən çox nəticə çıxır:

- Tramp Administrasiyası Azərbaycan-ABŞ münasibətlərinə müsbət perspektivlər vəd edir.

- Azərbaycan və ABŞ liderləri arasında səmimi və yüksək səviyyəli münaasibətlər qurulub.

- Bayden Administrasiyasının anti-Azərbaycan siyasəti nəticəsində münasibətlərdə yaranmış problemlərin həlli istiqamətində intensiv iş aparılır.

Prezident İlham Əliyev ABŞ səfəri zamanı Amerikanın bir sıra aparıcı şirkəti ilə görüşlər keçirməklə Bayden Administrasiyasının siyasəti nəticəsində yaranmış durğunluğun tezliklə aradan qaldırılması istiqamətində addımlar atdı. 

ABŞ-Azərbaycan münasibətlərində ən mühüm addımlardan biri də Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasıdır. Bu Xartiyanın hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmsına dair sənəd imzalanıb. Sənəddə gələcək əməkdaşlıq istiqamətləri - qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlıq öz əksini tapır. Bu istiqamətində atılacaq addımlar təbii ki, Azərbaycan üçün müsbət dividentlər gətirəcək. 

Ümumilikdə, Prezident İlham Əliyevlə Prezident Donald Trampın münasibətləri həmişə yüksək səviyyədə olub. Trampın ilk hakimiyyəti dövründəki münasibətlər bunun bariz nümunəsidir. Trampın ikinci dəfə namizədliyinin Azərbaycan tərəfindən dəstəklənməsi də bu kontekstdə təsadüfi deyildi. Prezident İlham Əliyev ABŞ-da prezident seçkilərinə hələ üç ay qalmış Trampın seçiləcəyini proqnozlaşdırmışdı. Hər şey Azərbaycan Prezidentinin proqnozlaşdırdığı kimi oldu. Tramp seçildi və Azərbaycan-ABŞ münasibətlərində yeni və müsbət səhifə açıldı. Bu, qarşıdakı illərdə ikitərəfli münasibətlərimizin daha da inkişaf edəcəyinə əminlik yaradır.

“Azadlıq Dəstək Aktına” 907-ci düzəlişin Tramp tərəfindən ləğv edilməsi isə ABŞ-Azərbaycan münasibətlərində tarixi hadisədir. Prezident İlham Əliyev bildirib ki, bu ədalətsiz düzəlişin ləğv edilməsi və bunun məhz öz ofisində mənim iştirakım ilə etmək çox bir rəmzi xarakter daşıyır: “Onu başqa bir formatda da edə bilərdi, sonra imzalaya bilərdi. Amma o, mənim iştirakım ilə bunu etməyə qərar vermişdi”.

Əslində Azərbaycanın mövcud şərtlərdə yardıma ehtiyacı yoxdur, əksinə ölkəmizin özü donora çevrilib. Lakin Trampın ədalətsiz 907-ci düzəlişi ləğv etməsi həm ədalətin bərpası, həm də Azərbaycana edilən siyasi jestdir. 

907-ci düzəliş 1992-ci ilin oktyabrında Ermənistanın lobbi qruplarının təsiri altında olan konqresmenlə təşəbbüsü ilə qəbul olunub. Bu düzəliş nəticəsində Azərbaycan ABŞ-ın birbaşa dəstəyindən məhrum oldu və sanksiyalarla üzləşdi, halbuki, Azərbaycan işğala məruz qalan tərəf idi. Azərbaycan Əfqanıstanda ABŞ-a nəqliyyat dəstəyi verdiyi üçün bu düzəliş hər il müvəqqəti şəkildə dayandırılırdı. 2023-cü ildə Bayden administrasiyası Amerika qoşunlarını Əfqanıstandan çıxartdıqdan sonra 907-cü düzəlişi yenidən tətbiq etməyə başladı.

Prezident İlham Əliyev bunun gözlənilməz olduğunu vurğulayıb.

“2023-cü ildə gözləmədiyimiz hadisə baş verdi. Çünki biz gözləmirdik ki, belə bir yanaşma olsun. Yəni, Bayden administrasiyasından bu yanaşmanı gözləmirdik. Bayden administrasiyası Əfqanıstanda bizə ehtiyac olmadığı bir zamanda, bütün dünyanın gözü qarşısında faktiki olaraq ölkəni tərk etdi. Ondan sonra onlar həmin sanksiyaları yenidən Azərbaycana tətbiq etdilər. Bu, yəqin ki, həmin mənfi münasibətin və yanaşmanın kulminasiyası idi. Onlar nankorcasına davrandılar və bu da Bayden administrasiyası ilə münasibətlərimizə ciddi şəkildə mənfi təsir göstərdi. Bu administrasiyanın sonuna qədər bizə qarşı münasibət belə də qaldı və bizim münasibətlərimiz çox böyük böhran içində idi. Ona görə Prezident Trampın bu jestinin bizim üçün böyük bir mənası vardır”, - dövlət başçısı bildirib.

Prezidentin Vaşinqton səfərində ən mühüm hadisələrdən biri Ermənistanla imzalanan Birgə Bəyannamə idi. Bu Bəyannamədə Minsk qrupunun de-yure buraxılması ilə bağlı müraciət öz əksini tapır. İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu faktiki olaraq iflic vəziyyətinə düşdü. Bununa yanaşı, yenicə başa çatmış müharibə fonunda Azərbaycan və Ermənistan arasında gələcək əlaqələr və təmaslar sual altında idi. Sülh təşəbbüsünü də məhz Azərbaycan irəli sürməklə bu sualları aradan qaldırdı. 

Azərbaycan əvvəlcə beynəlxalq hüquqa əsaslanan “beş prinsip” təklif etdi. Bu, sülh sazişinin bazasını təşkil edir. Daha sonra sülh sazişinin mətnini hazırladı. Beləliklə, müharibədə qalib olan Azərbaycan sülhün də əsas təminatçısına çevrildi. Vaşinqtonda isə sülh sazişinin bütün maddələrinin razılaşdırılması Cənubi Qafqazda yeni səhifəni açır. Əslində Vaşinqtonda yekun sülh sazişi də imzalana bilərdi, lakin Ermənistanın mövcud konstitusiyası buna imkan vermir. Çünki bu ölkənin ana qanununda Azərbaycana qarşı ərazi iddiaları yer alır və yalnız bu iddialar rəsmi şəkildə aradan qaldırıldıqdan sonra yekun müqavilə də imzalana bilər.

Prezident İlham Əliyev də qeyd edib ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olması sülh sazişinin imzalanmasına imkan vermədi: “Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər. Lakin bu gün mən bəzi suallara münasibətimi bildirəndə dedim ki, bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib. 

Hesab edirəm ki, bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir. Odur ki, bugünkü gün, o cümlədən buna görə tarixi gün sayıla bilər. Həm Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafında, həm Azərbaycan-Ermənistan normallaşması işində atılan addımlar, Birgə Bəyannamənin qəbul edilməsi, imzalanması və dünyanın ən qüdrətli dövləti olan Amerikanın Prezidentinin buna dəstəyi və şahidlik etməsi bir daha bu Bəyannamənin önəmini göstərir. Mən bu gün mətbuat konfransında da qeyd etdim, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. 

Əlbəttə, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var, həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz haqq-ədaləti müharibə yolu ilə bərpa etdik. İndi isə buna siyasi müstəvidə də nöqtəni qoyduq”.

Yekun sülh sazişi imzalanmasa da, Azərbaycan-Ermənistan sülh sazişi mətninin Ağ Evdə paraflanması bu istiqamətdə ciddi addımın atılması deməkdir və regiona dayanıqlı sülhün gəldiyini düşünməyə imkan verir. Bununla yanaşı, ən vacib məsələ olan Zəngəzur dəhlizinin açılması da rəsmiləşdi. Vaşinqtonda imzalanan Birgə Bəyannamədə Azərbaycanın əsas hissəsi olan Naxçıvana maneəsiz keçidin “Tramp ticarət marşrutu” olaraq açılacağı öz əksini tapır. Beləliklə, Azərbaycan əvvəldən irəli sürdüyü Naxçıvana maneəsiz keçid tələbini qəbul etdirdi. Lakin bütün bu razılaşmaların praktiki müstəvidə icrası tezləşdirilməlidir. Prezident İlham Əliyevin dediyi kimi, “vaxt itirməməliyik”. 

Azərbaycan Prezidentinin Vaşinqton səfəri və imzalanan sənədlər indiyə qədər ölkəmizə qarşı qarayaxma kampaniyası aparan lobbi qruplarını da alt-üst etdi. Təsadüfi deyil ki, ABŞ-da erməni diasporu və lobbisi başda ANCA olmaqla “yasa boğulub”. Bu qruplar razılaşmaları pozmaq məqsədilə qarayaxma kampaniyasını davam etdirir, lakin artıq hər şey gecdir. Azərbaycan lideri müharibədə qalib olduğu kimi, sülh masasında da qazandı. Eyni zamanda, ABŞ-Azərbaycan münasibətlərindəki problemlər aradan qaldırıldı. İndi həm Bakı-Vaşinqton xəttində, həm də regionumuzda yeni reallıqlar yaranıb və lobbi qrupları bu reallıqla barışmağa məcburdurlar.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 avqust 2025, 21:06
Top