"Ermənilər bu festivalı diqqətlə izləyiblər, çünki..." — AÇIQLAMA


GÜNDƏM 13 may 2021, 19:21
“Şuşada "Xarıbülbül" festivalının keçirilməsi, cənab Prezidentin və ailə üzvlərinin bu tədbirdə iştirak etməsi bütün Azərbaycan xalqına qürur verir. Çünki bu, Şuşanın, Qarabağın erməni işğalından azad edilməsindən sonra burada keçirilən ilk kütləvi mədəni tədbirdir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərov Şuşa festivalı ilə bağlı təəssüratlarını bölüşərkən bildirib:

“Azərbaycan xalqı bu günü illərdir gözləyirdi. Tədbirin bütün müsəlman dünyası üçün müqəddəs Ramazan Bayramında keçirilməsi həmin tədbirə xüsusi bir məna və gözəllik qatdı. Cənab Prezident bu tədbirlə bir daha dünyaya və Ermənistana, erməni xalqına mesajlar verdi. Ən böyük mesaj ondan ibarət oldu ki, bu torpaqlara onun əsl sahibləri qayıdıb, bunu artıq hər bir kəsin dərk və qəbul etməsi gərəkdir”. 

Festivalda Azərbaycanda yaşayan xalqların da təmsil edilməsinə toxunan deputat bunun ciddi mesaj olduğunu vurğuladı:

“Tədbirdə Azərbaycanda yaşayan bütün xalqlar öz milli musiqiləri ilə təmsil olundular və bu o deməkdir ki, 44 günlük Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı var, bu milli birlik, həmrəylik əbədidir və onu heç bir qüvvə sarsıda bilməz, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır, kim ki bu birlikdə özünə yer almaq istəyir, qapımız açıqdır, buyurub qoşula bilər, kim ki bu birlikdə özünü görmür, ona da qapımız açıqdır, çıxıb gedə bilər. Ermənilər bundan nəticə çıxarmalıdırlar. Ermənilərin xalqımıza qarşı törətdikləri bütün vəhşiliklərə baxmayaraq, Cənab Prezident hər dəfə humanistlik göstərərək onlara şans verir. Lakin təəssüf ki, onlar hələ ki bunu dəyərləndirmək iqtidarında deyillər və bu, onların tarixi və milli faciəsidir”.

Milli Məclisin üzvü tədbirin yüksək səviyyədə təşkilinin ermənilərdə narahatlıq doğurduğuna əmindir:

“Mən şübhə etmirəm ki, istər Xankəndidə, istərsə də Ermənistanda yaşayan ermənilər bu festivalı diqqətlə izləyiblər. Çünki hələ sovet dövründə də Ermənistanda yaşayan ermənilər evlərində bir-birindən gizli şəkildə həmişə Azərbaycan televiziyasını, Azərbaycan radiosunu həsədlə izləyirdilər. Bu da təsadüfi deyil, ermənilər tarixən təkcə azərbaycanlıların yox, həm də onların mədəniyyətinin köləsi olublar. Xalqımıza qarşı qisasçılığın, ifrat vəhşiliyin kökündə bir çox səbəblərlə yanaşı, həm də bu milli çatışmazlıq, “niyə bizdə yoxdur, onlarda var” xəstə düşüncəsi dayanır. 

Ermənilər görür ki, biz təkcə torpaqlarımızı geri qaytarmadıq, həm də o torpaqlarda 30 ildə yıxıb, yaxıb, məhv etdikləri hər şeyi geri qaytarırıq, bərpa edirik, Cıdır düzündə yenə Azərbaycan muğamı səslənir, qurutduqları “Xan qızı Natəvan” bulağından yenə su gəlir, təbiət Azərbaycan insanını qoynundakı gül-çiçəklə qarşılayır və bundan sonra əbədi olaraq bu, belə olacaq, bax, bunu həzm edə bilmirlər. Bütün bunların ermənilərin illər boyu özlərini inandırdıqları tarixi yalanlarına, miflərinə, uydurmalarına son qoyduğunu dərk edirlər, sınıb- tökülürlər, dağılıb-tarmar olurlar, yanıb-yaxılırlar, bax, bunu həzm edə bilmirlər. Amma həzm etməkdən başqa yolları yoxdur, tarixi ədalət gec-tez öz sözünü deməliydi və dedi. Bu gün ermənilər Xankədidə oturub Şuşadan ucalan “Qarabağ Azərbaycandır!” nidalarını eşidirlər və bilirlər ki, bu səslərin sahibləri öz səslərinin arxasınca da gələcəklər. Onu da bilirlər ki, o gün uzaqda deyil. Ona görə də bu gündən özlərinə və sözlərinə çəki-düzən verməli, boğazlarını “Qarabağ Azərbaycandır!” nəqarətinə kökləməlidirlər”.

Aygül Qarayeva
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top