Beynəlxalq ekspert: "ATƏT-i, sadəcə, nəticəsiz danışıqların aparıldığı yer hesab etmişəm"


SİYASƏT 11 apr 2021, 22:28
“Mən heç vaxt ATƏT-in azarkeşi olmamışam və oranı, sadəcə, nəticəsiz danışıqların aparıldığı yer hesab etmişəm. Azərbaycan və Ermənistanla bağlı Minsk Qrupunun fəaliyyətinə gəlincə, deyə bilərəm ki, onlar bu münaqişənin həllində heç nə etmədi. Azərbaycan Prezidenti İlham Əliyev də bunu deyib”.

APA xəbər verir ki, bu fikirləri Kiyev Mohla Akademiyasının professoru, beynəlxlaq ekspert Taras Kuzio səsləndirib.

Ekspert bildirib ki, Minsk Qrupundakı ABŞ ümumiyyətlə yox idi, əvvəlcə Obama administrasiyası, daha sonra Tramp administrasiyası: “Demək olar ki, son on ildə ABŞ-ın iştirakı olmayıb və ən pisi isə Fransanın üzvlüyü idi, elə bir ölkə ki, açıq şəkildə ermənipərəstdir. Məqaləmdə də qeyd etmişdim ki, necə ola bilər ki, Fransa Dağlıq Qarabağda Ermənistan separatizmini dəstəkləsin və eyni zamanda, guya ki, Donbasda Ukraynanın ərazi bütövlüyünü dəstəkləsin. Belə çıxır ki, sizin çox riyakar xarici siyasətiniz var”.

Taras Kuzio Ukraynanın da Fransa ilə bağlı şübhələrinin olduğunu qeyd edib: “Çünki Avropada ən rusiyapərəst ölkədir. 2017-ci ildə Fransada keçirilən seçkidə qalib gələn Makron yeganə qeyri-ruspərəst prezident olub.

Minsk Qrupunun Ukrayna ilə bağlı fəaliyyətinə dair deyə bilərəm ki, onların nəsə etdiyini görmürəm təəssüf ki”.

Ekspert Azərbaycan XİN başçısı ilə görüşündən və Qarabağda Rusiya sülhməramlılarının mandatının beş ildən sonra bitəcəyi ilə bağlı onunla apardığı söhbətlərdən də danışıb: “Nazir Rusiya sülhməramlılarının mandatı bitdikdən sonra onların beynəlxalq sülhməramlılarla əvəz olunması ehtimalından danışdı. Bu məsələdə sizə yaxşı şans diləyirəm. Nəyə görə? Çünki Rusiya heç vaxt heç bir münaqişəni həll etməyib. O, müharibə yaradır və sonra özünü danışıqlar tərəfi kimi təqdim edir. Reallıq ortadadır.

ATƏT-in Minsk Qrupunda ABŞ-ın yoxluğu və Fransanın qərəzi vakuum yaratdı və bu vakuumu Rusiya doldurmağa cəhd etdi. Lakin Azərbaycan şanslı idi ki, Türkiyə meydana çıxdı, Ərdoğan meydana çıxdı. Həmçinin digər məqamlar da Azərbaycanın xeyirinə oldu. Ermənistanda inqilab baş verdi, Rusiya isə inqilabları sevmir və həmçinin də Paşinyanı. Eyni zamanda, Paşinyanın ritorikası da, həmçinin İsrail və Azərbaycan əməkdaşlığı, İsrailin Azərbaycana satdığı silahlar qeyd olunmalıdır”.

Taras Kuzio əlavə edib ki, Ermənistanda Azərbaycanla bağlı yanlış fikirdə idilər: “Bunu Rusiyanın 2014-cü ildə Ukrayna ilə bağlı yanaşması ilə müqayisə etmək olar. Rusiya elə bilirdi ki, ukraynalılar kəndlilərdir, döyüşə bilmir. Ermənistan da belə fikirdə idi və nə zaman ki onlar azərbaycanlılarla üzləşdi, onlar şok oldular. Azərbaycan onları məğlub etdi”.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top