YapiKredi Müraciət Forması
Siyasət

Ayxan Hacızadə: Qara dənizdə vurulan gəmidəki azərbaycanlıların hamısı xilas edilib

Ayxan Hacızadə: Qara dənizdə vurulan gəmidəki azərbaycanlıların hamısı xilas edilib

Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mediaya şərhində bildirib.

Məlumata görə, oktyabrın 23-də Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu "KHORYV" adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb.

"Aldığımız məlumata əsasən, 13 nəfərdən ibarət gəmi heyətində olan 3 nəfər vətəndaşımızın hamısı xilas edilib, onlardan yüngül xəsarət alan 1992-ci il təvəllüdlü Rufan Xaliq oğlu Əhmədov tibbi müayinədən keçib və mehmanxanaya yerləşdirilib.

Məsələ ilə bağlı ölkəmizin Rumıniyadakı Səfirliyi və aidiyyəti səlahiyyətli qurumlar ilə birgə koordinasiya işləri aparılır. Vətəndaşlarımıza konsulluq dəstəyinin göstərilməsi istiqamətində zəruri tədbirlər görülür.

Bir daha, Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, habelə riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırırıq", - şərhdə qeyd olunub.

NE
Nihadə Eyyubova