Azərbaycanda "Aqrar sahə haqqında" qanun layihəsinə uyğun olaraq bir sıra qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur. Dəyişikliklər aqrar subsidiyaların hüquqi çərçivəsini, fermerlərin fəaliyyətini və kənd təsərrüfatı sahəsində qanunvericiliyi əhatə edir.
Bəs bu dəyişikliklər fermerlərə və kənd təsərrüfatının inkişafına nə kimi təsir göstərəcək?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, subsidiya verilməsi Azərbaycanda kənd təsərrüfatının inkişafına stimul verir.

Onun sözlərinə görə, təxminən 20 ildir ki, ölkədə fermerlərə subsidiya ayrılır:
"Lakin subsidiyaların hansı mexanizmlə verilməsindən asılı olmayaraq, əsas məqsəd kənd təsərrüfatının səmərəli inkişafını təmin etmək olmalıdır. Məsələn, Yeni Zelandiya təxminən 30 il əvvəl kənd təsərrüfatına subsidiyaların verilməsini dayandırıb və bunun əvəzinə səmərəli biznes fəaliyyətinin stimullaşdırılmasına üstünlük verib. Əvvəlcə bu qərarın fermerlərə mənfi təsir göstərəcəyi düşünülsə də, sonradan ölkənin kənd təsərrüfatı sahəsi əhəmiyyətli dərəcədə inkişaf edib.
Azərbaycanda aqrar sahə ilə bağlı qanunvericilikdə də müəyyən boşluqlar var. Xüsusilə ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələlər daha konkret şəkildə müəyyənləşdirilməlidir. Qanunda yalnız ərzaq təhlükəsizliyinin təmin edilməsinin qeyd olunması kifayət deyil. Ölkənin hansı məhsuldan nə qədər istehsal etməli olduğu, əhalinin adambaşına illik istehlak norması və bu tələbatın hansı mexanizmlərlə qarşılanacağı dəqiq göstərilməlidir.
Bir sıra ölkələrdə müvafiq qurumlar əhalinin müxtəlif ərzaq məhsullarına olan illik tələbatını hesablayır və ərzaq təhlükəsizliyi siyasətini bu göstəricilər əsasında qururlar. Azərbaycanda da bu istiqamətdə konkret hədəflərin müəyyənləşdirilməsinə ehtiyac var.
Digər mühüm problem torpaqların deqradasiyası və su çatışmazlığıdır. Torpaqların münbitliyinin azalmasının qarşısının alınması, eləcə də kənd təsərrüfatı sahələrinin su ilə təmin edilməsi məsələsində məsuliyyət bölgüsü qanunvericilikdə aydın şəkildə müəyyənləşdirilməlidir. Mövcud yanaşmada su təminatına görə kimin məsuliyyət daşıdığı dəqiq göstərilmir.
Suvarma suyunun fermerlərə fasiləsiz və vaxtında çatdırılması da vacibdir. Hazırda bəzi ərazilərdə fermerlər suvarma növbəsini gözləməli olurlar. Halbuki isti havalarda su çatışmazlığı bitkilərin inkişafına, fotosintez prosesinə və kök sisteminin normal qidalanmasına mənfi təsir göstərir. Nəticədə məhsuldarlıq azalır və fermerlər zərər çəkirlər".


