Bakıda avtomobillər üçün nəzərdə tutulan fərdi qarajların qiyməti yerləşdiyi əraziyə, sahəsinə və vəziyyətinə görə dəyişir.
Bəs hazırda qarajlar neçəyə satılır, qiymətlər nədən asılıdır və alıcı qaraj alarkən sonradan hüquqi problemlərlə üzləşməmək üçün hansı sənədləri yoxlamalıdır?
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, bu sahədə müəyyən hüquqi problemlər var.

Onun sözlərinə görə, xüsusilə bir neçə il əvvəl tikilmiş binalarda layihədə qaraj sahəsi kimi nəzərdə tutulmayan, lakin sonradan MTK rəhbərliyi tərəfindən bölünərək sakinlərə satılan ərazilərin sənədləşdirilməsi ilə bağlı çətinliklər var:
"Ona görə də vətəndaş ilk növbədə sənədləri yoxlamalıdır. Əgər ərazi qaraj sahəsi kimi nəzərdə tutulubsa, bunun layihədə əks olunduğuna və sonradan həmin təyinatın dəyişdirilmədiyinə əmin olmaq lazımdır. Daha sonra həmin sahənin alqı-satqısı və ya icarəsi ilə bağlı müvafiq mülkiyyətçi, MTK və ya tikinti şirkəti ilə razılaşma məsələsi müzakirə edilməlidir.
Qarajların qiyməti şəhərin hansı ərazisində yerləşməsindən, binanın mövqeyindən və həmin binadakı mənzillərin qiymətindən asılı olaraq dəyişir. Bakı şəhərinin kənar ərazilərində qarajların qiyməti təxminən 20-25 min manatdan başlayır. Şəhər mərkəzinə doğru irəlilədikcə qiymətlər 50 min manata, bəzi ərazilərdə isə daha yüksək məbləğlərə çatır.
Bu, həmin ərazidəki mənzillərin qiymətindən də asılıdır. Şəhər mərkəzində torpaq sahələrinin məhdud olması, eləcə də mənzil alanlar arasında maddi imkanları yüksək olan şəxslərin üstünlük təşkil etməsi qarajlara tələbatı artırır. Belə şəxslər mənzil alarkən qaraj əldə etməkdə də maraqlı olurlar. Buna görə də şəhər mərkəzində qarajların qiyməti digər ərazilərlə müqayisədə daha yüksək olur".


