“Rusiyalı siyasətçinin Dağlıq Qarabağla bağlı açıqlamasını qulaqardına vurmaq olmaz”


SİYASƏT 28 mar 2021, 00:18
Rusiyada sentyabr ayında parlament seçkisi keçiriləcək. Partiyalar hazırlıq mərhələsində əsas şüarlarını müəyyənləşdirirlər. Dövlət Dumasında təmsil olunan və Sergey Mironovun sədri olduğu “Ədalətli Rusiya” partiyası özünəməxsus şüar seçib: “Rusiya ərazilərinin genişləndirilməsinə nail olmaq!”.
 
Politoloq Elxan Şahinoğlu deyib ki, dünyanın ən böyük dövləti olan Rusiya hazırkı ərazilərini inkaf etdirməkdə, əhalinin tamamını mimimum yaşayış imkanları ilə təmin etməkdə çətinlik çəksə də, bu ölkədə bir qrup siyasətçi hələ də ərazilərin daha da böyüdülməsi xəyalı ilə yaşayır.
 
“Bəs Rusiya prezidenti Vladimir Putinin Sank-Peterburqlu dostu Sergey Mironovun partiyası “böyümə” dedikdə hansı “yeni əraziləri” nəzərdə tutur? Bunu gizlətmirlər: “Abxaziya, Cənubi Osetiya, Dnestr bölgəsi, Donbas və... Dağlıq Qarabağ”... Yəni keçmiş SSRİ məkanında harda separatçı bölgə varsa, oranı Rusiyaya birləşdirməyi hədəf seçiblər”.
 
“Yaxşı Abxaziyanın, Cənubi Osetiyanın və Donbassın Rusiya ilə birbaşa sərhəddi var, bəs Dağlıq Qarabağı Rusiyaya necə “birləşdirməyi” planlaşdırırlar? Azərbaycanın bir parçası olan Qarabağın ki, Rusiya ilə sərhəddi yoxdur. Tutaq ki, Moskvadakı qüvvələr Dağlıq Qarabağdakı erməniləri “birləşdirməyə” həvəsləndirdilər və ermənilər yeni şüar ortaya atdılar, bəs azad etdiyimiz ərazilər necə olacaq? Mironov və onun havadarları Şuşasız və Laçınsız Qarabağın dağlıq hissəsini Rusiyaya necə “birləşdirməyi” təsəvvür edirlər?”, - E.Şahinoğlu sual edib.
 
Politoloqun sözlərinə görə, Sergey Mironov tez-tez fikir dəyişdirən siyasətçidir:
 
“Onun 2010-cu ildə Dağlıq Qarabağla bağlı verdiyi açıqlamaya diqqət yetirək: “Dağlıq Qarabağ problemini yalnız münaqişə tərəfləri həll edə bilər və onlar da qarşılıqlı maraqların təmin olunması şərti ilə bunu etməlidir. Onlar razılaşmaya gəldikdən sonra Rusiya bu razılaşmaların qarantı rolunda çıxış etməyə hazırdır. Lakin əraziyə qoşun yeritmək yolverilməzdir, bu düzgün olmazdı”.
 
Üstündən 10 il keçdikdən sonra, müharibə 2 gün idi ki başlamışdı, Mironov artıq fərqli açıqlama verirdi: “Ölkələr arasında atəşkəs və əsgərlərin çıxarılması barəsində razılığın əldə olunmasından sonra, Rusiya tərəfindən sülhməramlı qüvvələrin daxil edilməsinin lazım gəlməsi mümkündür”.
 
Mironov müharibə günlərində ermənilərə xoş gəlsin deyə Türkiyənin münaqişənin həllindəki rolunu da mənfi yöndə dəyərləndirmişdi: “NATO-nun üzvü Türkiyə bu köhnəlmiş münaqişənin inkişafına imkanlar yaradır”.
 
Əslində Mironovun dediyini daha əvvəl qatı şovinist Vladimir Jirinovski səsləndirmişdi. Jirinovski həm Dağlıq Qarabağı Rusiyaya “birləşdirməyə”, həm də Türkiyəni uzaq tutmağı təklif etmişdi. Əraziləri “ilhaq” etmək Rusiyanın köhnə siyasətidir. Kreml Krımdan sonra Donbası da ilhaq etməyə çalışır, artıq Ukraynanın şərqində vəziyyət gərginləşib, separatçıların təxribatları nəticəsində atəşkəs intensiv pozulur, ölənlərin sayı artır. Ona görə rusiyalı rəsmilərin Dağlıq Qarabağ haqqındakı açıqlamalarını qulaqardına vurmaq olmaz. Unutmayaq ki, Kreml məhz Jirinovski və Mironov kimilərin vasitəsilə mesajlarını yollayır. Rusiyanın təsir imkanlarının azaldılmasına və Türkiyə ilə ittifaqın gücləndirilməsinə var gücümüzlə çalışmalıyıq!”.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top