Atası öldürülən jurnalistin şikayəti üzrə məhkəmə başladı

KRİMİNAL 29 noy 2018, 19:15
Bakı Apellyasiya Məhkəməsində jurnalist İmdad Əlizadənin atası, Qarabağ müharibəsi veteranı Əli Əliyevi avtomobillə vuraraq öldürən Seymur Qarayevin cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

Demokrat.Az xəbər verir ki, Ali Məhkəmənin apellyasiya instansiyasına qaytardığı işin bu dəfə mülki iddia hissəsi araşdırılır.

Həm zərərçəkmişin hüquqi varisi, mülki iddiaçı İ.Əlizadənin, həm də təqsirləndirilən şəxs olan S.Qarayevin apellyasiya şikayətləri əsasında keçirilən prosesə Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulov sədrlik edir.

Noyabrın 29-da keçirilən prosesdə S.Qarayevin anket məlumatları dəqiqləşdirilib. Sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb.

O, işə məhkəmə istintaqı ilə baxılmasını və prosesdə şahidlərin dindirilməsini istəyib.

Dövlət ittihamçısı Cövdət Mehrəliyev, zərərərçəkmişin hüquqi varisi İ.Əlizadə və onun vəkili Abil Bayramov vəsatətin təmin edilməməsini tələb ediblər. Onlar bildiriblər ki, birinci instansiya məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində işə baxılan zaman sübutlar kifayət qədər araşdırılıb. Ona görə də apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılmalıdır. 

Yerində müşavirə edən hakimlər vəsatəti təmin edib.

Daha sonra prokuror C.Mehrəliyev ittiham aktının mülki iddia hissəsini elan edib. Təqsirləndirilən şəxsin vəkili mülki iddianın təmin edilməməsini istəyib.

İ.Əlizadənin vəkili A.Bayramov isə 166 min 531 manatlıq apellyasiya şikayətinin təmin edilməsini, bu məbləğin təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmişə ödənilməsinə dair qərar çıxarılmasını istəyib.

O deyib ki, növbəti məhkəmə iclasında mülki iddianın əsaslılığını təsdiq edən konkret sübutları məhkəməyə təqdim edəcəklər.

Proses dekabrın 6-da davam etdiriləcək.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top