Cənub Qaz Dəhlizi Azərbaycana nə qazandıracaq? — TƏHLİL


İQTİSADİ 12 fev 2021, 21:27
2011-ci ildə Avropa İttifaqı və Azərbaycan Xəzərdən qaz nəqlini həyata keçirəcək marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzaladı. Bu bəyanat 2014-cü ilin sentyabr ayında Cənub Qaz Dəhlizi layihəsinin təməli qoymağa imkan verdi.

2018-ci il 12 iyun tarixində bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) açılışı baş tutdu. Bu yaxınlarda isə Trans Adriatik Boru Kəməri (TAP) üzrə görülən işlər başa çatdı və boru kəməri Yunanıstan-Türkiyə sərhədindən Cənubi İtaliyadakı təbii qazın qəbul terminalına qədər “mavi yanacaq”la dolduruldu. Ötən ilin noyabr ayında kommersiya fəaliyyətinə başlamağa hazır vəziyyətinə gətirilən TAP ilə 2020-ci il dekabrın 31-də kommersiya məqsədli Azərbaycan qazının Avropaya tədarükünə start verildi.

Cənub Qaz Dəhlizinini son seqmenti olan TAP-ın kommersiya fəaliyyətinə başlaması artıq layihənin tam şəkildə icra olunduğunu göstərir. Layihənin ilk növbədə Azərbaycan üçün əhəmiyyətini toxunduqda deyə bilərik ki, bununla Azərbaycan ilk növbədə bölgədə enerji təhlükəsizliyinin təminatçısı kimi həlledici rolunu artıracaq. Eyni zamanda enerji sektorundan əldə ediləcək gəlirləri artırmaqla digər sahələrdə də iqtisadi inkişafı dəstəkləyəcək. Eləcə də, layihə ilə Azərbaycan həm Avropada, həm də qlobal arenada siyasi-iqtisadi mövqeyini daha da möhkəmləşdirmiş olacaq.

Layihənin Avropa üçün əhəmiyyətinə gəldikdə isə deyə bilərik ki, Azərbaycan regionun enerji tədarükündə ənənəvi mənbələrdən asılılığını azaltmaqla yanaşı enerji təchizatının şaxələndirilməsində əhəmiyyətli missiyanı üzərinə götürəcək.

Digər tərəfdən Cənub Qaz Dəhlizinin tam icrası ilə ölkəmiz dekarbonizasiya prosesinə dəstək vermiş olur. Bu layihənin icrası ilə regionda karbon emissiyalarının azaldılması istiqamətində səylərə Azərbaycan da öz dəstəyini artıracaq. Bu da dünya ekosisteminə əlavə bir töhfədir. Azərbaycan dünya ictimaiyyətinin yaxın illərdə nail olmağa çalışdığı havada karbon emisiyalarının həcminin maksimum şəkildə azaldılması və sıfıra endirilməsi kimi bir hədəfə dəstək verməklə “yaşıl iqtisadiyyat”a qatdığı dəyəri günü-gündən artıracaq.

Bu layihə enerji bazarındakı rəqabətli mühiti də canlandıracaq. Gələcək onilliklər ərzində Avropa vətəndaşlarını təbii qazla təmin etməyə imkan verəcək bu layihə Azərbaycana çoxlu sayda dividendlər qazandıracaq.

Layihənin başa gəlməsində Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya yaxından iştirak ediblər. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 7-ci iclasında Prezident İlham Əliyevin vurğuladığı kimi həmin ölkələr arasında sıx əməkdaşlıq olmasa idi, onu reallaşdırmaq mümkünsüz olardı.

Onu da əlavə edək ki, layihənin ilkin dəyərinin 44,6 milyard dollar olmasına baxmayaraq nəticə bu rəqəm 33 milyard dollara qədər endirildi. Cənub Qaz Dəhlizi layihəsi həm Avropa İttifaqı, həm ABŞ tərəfindən böyük rəğbətlə qarşılandı və dəstəkləndi. Ümumiyyətlə, prosesə regional səviyyədə marağın böyük olması onun maliyyə resurslarının və pay sahibi olan şirkətlərin miqyasına da öz təsirini göstərdi.

Artıq 2021-ci ilin ilk günlərindən etibarən İtaliya, Yunastan və Bolqarıstan kommersiya məqsədli Azərbaycan qazını əldə etdilər. Üstəlik bununla da ilk dəfə olaraq tədarükünü artıran İtaliya qaz ixracını həyata keçirməyə başladı. Növbəti mərhələdə digər Avropa ölkələrinin də təbii qaza əlçatanlığının təmin olunması gözlənilir.

Sonuncu iclasdan belə bir nəticəyə gəlirik ki, Azərbaycan bundan sonra da enerji resurslarını genişləndirməyə davam edəcək və gələcək dövr üçün kəşfiyyat xarakterli layihələrin icrası enerji resursları bazasına yeni mənbələrin əlavə edilməsi planlaşdırılır.

Növbəti dövrdə “Babək”, “Abşeron” və “Ümid” kimi yataqlarının enerji resurslarının istifadəyə verilməsi ilə ölkənin gəlir mənbələri yeniləcəcək. “Babək” yatağının 400 milyard kub metr, “Abşeron” qaz-kondensat yatağının 350 milyard kubmetr, “Ümid” yatağının 200 milyard kubmetr təbii qaz ehtiyatları ilə enerji tədarükündə yeni mərhələyə keçidi gözləniləndir.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top