Azərbaycanda faizsiz banklar yaradıla bilər — Ekspert

GÜNDƏM 14 oktyabr 2025, 19:08
“İslam bankçılığı klassik faiz əsaslı maliyyə sistemindən fərqli olaraq ədalətli bölüşdürmə və real iqtisadi dəyərin yaradılması prinsiplərinə əsaslanır. Bu sistemdə əsas məqsəd puldan pul qazanmaq deyil, istehsal, ticarət və xidmət sferalarında faktiki gəlir əldə etməkdir”. 

Bu barədə bank və maliyyə məsələləri üzrə ekspert Rauf Məmmədli Demokrat.az-a açıqlama verib.

 Ekspertin sözlərinə görə, İslam bankçılığında müştəri ilə bank arasında risklər və qazanc bərabər şəkildə bölüşdürülür:

“Bu, həm iqtisadi sabitlik yaradır, həm də sosial ədalət prinsiplərini qoruyur. Azərbaycanda faizsiz bankların yaradılması planı iqtisadi sistemin şaxələndirilməsi baxımından mühüm addım hesab olunur. Bu banklar “Mudaraba”, “Muşaraka”, “İcara” kimi İslam maliyyə alətlərindən istifadə edəcək. Belə modellər həm sahibkarlığın inkişafını stimullaşdıracaq, həm də əhalinin bir hissəsinin dini baxımdan etibarlı maliyyə xidmətlərinə çıxışını təmin edəcək. Faizsiz kredit prinsipi əslində qazancsız kredit deyil burada gəlir bankın müştəri ilə birgə həyata keçirdiyi layihənin nəticəsindən formalaşır”. 

O əlavə edib ki, bu yanaşma şəffaflıq və qarşılıqlı etimad tələb edir:

“Hazırda Mərkəzi Bank İslam maliyyə institutlarının fəaliyyətini tənzimləyəcək hüquqi çərçivə üzərində işləyir. Gələcəkdə belə bankların yaranması, xüsusilə kiçik və orta sahibkarlar üçün yeni maliyyə imkanları açacaq. İslam bankçılığı Azərbaycanda həm iqtisadi dayanıqlığa, həm də sosial balansın qorunmasına töhfə verə bilər”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 oktyabr 2025, 19:53
Top