Deputatlar əslində nə qədər maaş alır? — FOTOFAKT

GÜNDƏM 11 fev 2021, 13:55
Azərbaycanda millət vəkillərinin vəzifə maaşı və gəlirləri mətbuatda və sosial şəbəkələrdə tez-tez müzakirə olunmaqdadır.

Yeniavaz.com xəbər verir ki, yaxın günlərdə bu məsələ yenidən gündəmə gəlib.

Bu ayın əvvəlində Milli Məclisin mətbuat xidməti tərəfindən millət vəkillərinin aylıq vəzifə maaşı barədə məlumat yayıb. Həmin məlumatda deputatların vəzifə maaşı və aylıq pul təminatı göstərilsə də, vəzifə maaşına əlavə qeyd olunmayıb (bu linkdən baxa bilərsiniz).

Qeyd edək ki, 2019-cu ilin yanvar ayının 1-dən qüvvəyə minən “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliyə əsasən 21-ci maddəyə “Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar” bəndi əlavə olunub (bu linkdən baxa bilərsiniz).

Lakin, maraqlıdır ki,  Azərbaycan Respublikasının Milli Məclisinin rəsmi veb-səhifəsində yerləşdirilən “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununa da 2018-ci ildə qəbul edilən yuxarıdakı dəyişiklik əlavə edilməyib. Ümumiyyətlə, Milli Məclisinin rəsmi veb-səhifəsində yerləşdirilən Qanunda son illərdəki dəyişiklilkərin heç biri öz əksini tapmayıb. Rəsmi veb-sayta yerləşdirilən Qanunda Milli Məclisin sədrinin aylıq vəzifə maaşı hələ də 1950 manat miqdarında göstərilib (bu linkdən baxa bilərsiniz).

Məlumat üçün bildirək ki, Azərbaycanda millət vəkillərinin maaşı "Azərbaycan Respublikası  Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, bu Qanunun 21-ci maddəsi deputatların maddi təminatından bəhs edir (bu linkdən baxa bilərsiniz).

“Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat), Milli Məclis Sədrinin müavini - 85 faizi (2 103,75 manat), Milli Məclisin komitə və komissiya sədri - 80 faizi (1 980 manat), Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır.

Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.

Eyni zamanda Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar.

Qanunun 21-ci maddəsində qeyd olunanlar əsasən apardığımız hesablama göstərir ki, Milli Məclisin sədri ay ərzində 2475 manat vəzifə maaş, 2475 manat vəzifə maaşına əlavə və 1237,5 manat səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün aylıq pul təminatı alır. Nəticədə Milli Məclisin sədrinin ay ərzində aldığı vəzifə maaş, vəzifə maaşına əlavə və aylıq pul təminatının cəmi 6 min 187,5 manat olur.

Bundan başqa apardığmız analoji hesablamaya əsasən Milli Məclisin sədrinin 1-ci müavini ay ərzində 5 min 568 manat 75 qəpik, Milli Məclisin sədrinin müavini 5 min 258 manat 37 qəpik, Milli Məclisin komitə və komissiya sədri 4 min 950 manat,  Milli Məclisin komissiya sədrinin müavini 4 min 640 manat 62 qəpik, sıravi deputat isə 4 min 331 manat 25 qəpik məbləğində maaş, maaşa əlavə və pul təminatı alır.

Bütün bunlardan əlavə deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır. Bu isə o deməkdir ki, deputatlar yuxarıda qeyd olunan aylıq maaş, maaşa əlavə və pul təminatından əlavə il ərzində 8 min 662 manat 20 qəpik müavinət də alırlar.




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top